Qızılbaşların İskit papaqları…

Səfəvi tarixçisi İsgəndər bəy Münşi (1560–1634) “Aləmi bəzəyən Abbasın tarixi” adlı əsərində yazırdı:

“Şeyx Heydər (1460–1488) bir gecə sonralar həqiqətə çevriləcək bir röya gördü: Qeyb aləminin xəbərgətirənləri onun öhdəsinə qoydular ki, o, gərək On İki İmamın əlaməti olan qırmızı zolaqlı papaqla öz tərəfdarlarının başlarını bəzəsin.

Sultan Heydər bu yuxunu gördükdən sonra başına şadimanlıq papağı qoyub o vaxtlar dəbdə olan türkman papağını on iki zolaqlı Heydər papağı ilə əvəz etdi. Onun arxasınca gedənlər də o Həzrətə tabe oldular və bu xanədanın bütün üzvləri həmin dəyərli papağı başlarına qoymaqla başqalarından seçildilər. Elə buna görə də o şan-şöhrətli adamlar qızılbaş adı ilə məşhur oldular”.

Mehman Süleymanov “Şah İsmayıl Səfəvi” adlı əsərində yazır: “Bu papaqlar qırmızı rəngli keçədən olmaqla yuxarısı dairəvi və ensiz şiş ucluqla tamamlanırdı. Onun üstünə isə ağ və bəzən də yaşıl parça əmmamə kimi dolandırılırdı”.

Rəssam Fərəh Məmmədova yazır: Azərbaycan miniatürünün ən səciyyəvi əlaməti əsərlərdə Heydər tacının təsviridir. Heydət tacının miniatür sənətində əks olunması Azərbaycan miniatür ocağını Şərqin digər miniatür məktəblərindən ayırmaq işini xeyli asanlaşdırmışdır. İndi qətiyyətlə demək olar ki, XVI yüzilə aid elə bir Azərbaycan miniatürü yoxdur ki, orada qızılbaş papağı təsvir olunmasın”.

Səfəvi dövrünə aid miniatürlərdə qızılbaş papağı hündür, şiş ucluqlu baş geyimi kimi təsvir edilmişdir. Həmin şəkillərə diqqət yetirsək görərik ki, qızılbaş papağı 1969-cu ildə Qazaxıstandakı İssık kurqanından tapılmış “qızıl adam”ın baş geyimi ilə faktiki olaraq eynidir. Fərq yalnız qızılbaş papağının aşağı hissəsinə dolandırılmış əmmamədədir.

Sovet arxeoloqlarının ehtimalına görə, e.ə. V əsrə aid İssık kurqanı qədim saka xalqının ən böyük tayfasının – tiqraxaudaların yadigarıdır. Tiqraxauda sözü qədim dillərdə şiş, dik ucluqlu papaq mənasını verirdi. Əski yunan təsvirlərindən isə aydın olur ki, nəinki saka-skiflər, həm də onlardan əvvəlki kimmerlər də məhz belə papaqlar qoymuşlar.

Haşiyə. Ehtimala görə, qədim dünya dövlətlərinin ordularında xidmət etmiş saka döyüşçülərinin bir hissəsi ailələri ilə birlikdə Kərbəla çölündə yerləşdirilmiş, Kərbəla toponimi saka xalqının tiqraxauda tayfa adının akkad dilinə tərcüməsi nəticəsində ortaya çıxmışdır.

Yeri gəlmişkən, coğrafiyaşünas Yaqut əl-Həməvi (1178–1229) yazırdı ki, qədim ərəb dilində “kərbəlah” sözü “yumşaq torpaq” anlamını ifadə edir. Maraqlıdır ki, müasir saxa dilində “bataqlıq yer” mənasını verən “xarbalax” sözü vardır. Rusiya Federasiyasının Saxa Respublikasının Taatta ulusunun iri kəndlərindən biri və yaxınlıqdakı göl Xarbalax adlanır. Xar (xarlanmış) və balax (yer) sözlərinin birləşməsindən yaranmış bu toponimin saxa dilindən hərfi tərcüməsi “xarlanmış torpaq”dır.

Qeyd etmək lazımdır ki, XX əsrin əvvəllərinədək qazax və qırğız qadınlarının ən populyar baş geyimlərindən biri olmuş saukele adlı papaq da məhz qədim saka papağının eynisidir. Qazax tarixçisi Məşhur Jüsip Köpeyulı (1858–1931) yazırdı ki, keçmişdə saukeleni ən varlı qazax kişiləri geyinirdilər. Qırğızlar qızılla bəzədilən bu papağı şökülö adlandırırlar. Saukele və şökülö sözlərinin dəqiq mənaları bəlli deyil. Lakin aşağıdakı faktlara əsaslanaraq ehtimal edə bilərik ki, həmin adın ilkin forması “sarıkele” (sarıbaş) və ya “zarküle” (qızılbaş) olmuşdur.

Səfəvilərin XI əsrdə yaşamış əcdadının adı farsdilli mənbələrdə Firuz Şah Zərin Külah kimi keçir. Fars dilində “zər” – qızıl, “külah” isə papaq, bəlkə də, əslində, başdır. Beləliklə, görürük ki, Zərin Külah adı qızılbaş anlamını ifadə edir. Əslində isə, Zərin Külah adındakı hər iki sözün kökü həm də türk dilinə bağlıdır. Qızılı bildirən “zər” sözü türk dilindəki “sarı” sözü ilə, papaq (baş) mənasını verən “külah” sözü isə türkcədəki “qala” (möhkəm, əsas) sözü ilə eyni kökə malikdir. “Qala” sözü sonradan fars dilində “kəllə” (başçı, baş) formasını alaraq yenidən Azərbaycan dilinə qayıtmışdır.

Rus dilində başı bildirən “голова” (галава) isə ilkin türk “qala”sını özündə daha sabit saxlamışdır. Onun türk dillərindəki qədim forması – “qaval” Azərbaycan dilində içi boş daşı, monqol dilində isə bədən üzvünü – başı bildirir. Hazırda Monqolustanda yaşayan xoton türk xalqının ən böyük nəsillərindən birinin “sarıbaş” adlanması, görünür, heç də təsadüfi deyildir.

XVII əsrə aid rəsm və miniatürlərə əsasınlanaraq irəli sürülmüş ehtimala görə, Şah I İsmayıl Səfəvi (1487–1524) və Şah I Abbas Səfəvi (1571–1629) kürən saçlı olmuşlar. Onların bu əlamətini Şah I İsmayıl Səfəvinin ulu nənəsinin yunan mənşəli olması ilə əlaqələndirənlər də var. Amma belələri unudurlar ki, bu nəslin əsasını qoymuş Firuz Şahın ləqəbi Zərin Külah – qızılbaş (sarısaçlı və ya sarıbaş) idi.

P.S. Xoton türkləri arasında kifayət qədər kürən və ya sarı saçlı, göy gözlü insan var. Hətta deyilənə görə, Cunqar hökmdarı Qaldan Boşoqtu xan (1644–1697) oyratlarla çinlilər arasında müharibə zamanı xotonlara rus hərbi formasını geyindirib ordusunun ön sırasına düzmüş, Çin səfirinə bildirmişdi ki, çar ordusu oyratların köməyinə gəlib. Avropoid görünüşlü xotonları görən çinlilər Qaldan xanın sözlərinə inanmışdılar”.

Xotonların 82–87%-i birbaşa ata xəttilə ötürülən R1a1 Z93 haploqrupunun daşıyıcısıdır. Bu, həmin geni daşıyan xalqlar arasında ən yüksək göstərici sayılır. Sözügedən geni şərti olaraq ari haploqrupu da adlandırırlar. Səbəb isə Hindistanın brahman və kşatriya varnalarında bu haploqrupun faizinin yüksək olmasıdır. Veda ədəbiyyatına görə, brahman, kşatriya və vaişiya varnaları qədim arilərin üç əsas qrupudur.

Yeri gəlmişkən, ari haploqrupunun daşıyıclarının sayına görə xoton türklərindən sonra ikinci yerdə qırğız türkləridir. Üçüncü, dördüncü və beşinci yerlər isə, müvafiq olaraq, Hindistanın brahman və kşatrilərinə, taciklərə və Altay türklərinə məxsusdur.

Araz Şəhrili / Şah İsmayıl Səfəvi səh.

Write A Comment