Adətən tarixşünaslıq Qızılbaş – Osmanlı münasibətlərini arasıkəsilməz müharibələr seriyası kimi təsvir edir. Halbuki onların bir-birinə qarşı yürütdükləri siyasətin ən prioritet məsələsi həmişə sülh olmuşdur. Bunu sadə statistik təhlil də əyani şəkildə sübuta yetirir.

Sülh illəri: 1501–1513 (13 il), 1516–1533 (18 il), 1536–1547 (12 il), 1549–1551 (3 il), 1556–1577 (22 il), 1591–1602 (12 il), 1613–1615 (3 il), 1619–1622 (4 il), 1640–1722 (83 il), 1724–1726 (3 il), 1728–1729 (2 il), 1737–1821 (85 il), 1824–1925 (102 il).

Göründüyü kimi, bu iki qüdrətli dövlətin qonşu olduğu 424 ilin 362 ili ərzində tərəflər arasında heç bir hərbi əməliyyat aparılmamışdır. Lakin çox az azərbaycanlı və türk bilir ki, müəyyən hallarda qızılbaşlarla osmanlılar ümumi düşmənə qarşı birləşməyi də bacarmışlar.

Alman əsilli rus hərb tarixçisi, süvari generalı Vasili Potto (1836–1911) özünün “Qafqaz müharibəsi” adlı məşhur əsərinin I cildində yazırdı:
“Təsvir edilən hadisələr zamanı iranlılarla da ciddi mübarizə aparmaq lazım gəlirdi. 1810-cu ilin yayında iranlılar Qarabağ xanlığına basqın etdilər. Lakin polkovnik Pyotr Kotlyarevskiyə (1782–1851) iki dəfə – Mığrıda və Araz sahillərində məğlub olub geri çəkildilər. General-mayor Semyon Portnyaginin (1764–1827) qoşununun yerləşdiyi Pəmbəkdən keçib Gürcüstana soxulmaq cəhdləri də uğursuzluqla nəticələndi.

Arazdakı qoşunlarımızın öhdəsindən təkbaşına gəlməyin qeyri-mümkünlüyünə əmin olan iranlılar qərara aldılar ki, türklərlə birgə hərəkət etsinlər. Avqust ayında İrəvan sərdarı Hüseynqulu xan Qacar (1743–1831) 10.000 nəfərlik qoşunla Axalsıx istiqamətində yürüş etdi. Orada türklərlə birləşib əvvəl Axalkalakiyə, sonra isə Gürcüstana keçdi.

Gürcüstandakı rus qoşunlarının baş komandanı, süvari generalı Aleksandr Tormasov (1752–1819) bundan xəbər tutan kimi özünün qərargah rəisi, markiz Filipp Pauluççiyə (1779–1845) belə bir qısa və qəti əmr verdi: “9 və 15 nömrəli iki yeger alayını yürüşə hazırlayın, topları götürməyin, üç keçidə düşmən (osmanlılarla qızılbaşların) düşərgəsinə çatın, gecəykən hücum edin. Bütün ekspedisiyanı ən çoxu on günə yekunlaşdırın”.

F.Pauluççi dəstənin tərkibini dəyişdi, özü ilə yalnız iki mühafizə batalyonu və iki yüngül səhra topu götürdü. Lakin əmrin qalan hissəsini dəqiqliklə yerinə yetirdi. Qarlı dağları aşan dəstə üç günlük ağır yürüşdən sonra sentyabrın 4-dən 5-nə keçən gecənin yarısı dərin sükut içində düşmən mövqeyinə yaxınlaşdı.
F.Pauluççi dəstəni iki kolona bölərək tapşırdı ki, polkovnik Dmitri Lisaneviç (1778–1825) düşmən düşərgəsinin sağ cinahına, polkovnik Fyodor Peçerski (?–1833) isə sol cinahına hücum etsin. Düşmən gözətçiləri yalnız o zaman duyuq düşdülər ki, dərin sükut içində, ancaq qopan fırtınanın uğultusu altında hərəkətə keçən kolonlarla düşərgə arasında ən çoxu yüz addımlıq məsafə qalmışdı.

Elə birinci də məhz gözətçilər həlak oldular. Hər iki kolon güclü yaylım atəşi açaraq ura qışqırığı ilə irəli atıldı. Hücum o qədər gözlənilməz idi ki, ümidsizliyə qapılmış, dəhşətə gəlmiş düşmən rus ordusunun birdən-birə onların arasında haradan peyda olduğunu anlaya bilmədi.
Onlar silahlarını belə götürməyə vaxt tapmadılar. Qan sel kimi axdı. Qəddarlaşmış əsgərlər yatanları da, silahsızları da, müqavimət göstərənləri də süngülərlə qətlə yetirdilər. Tez bir zamanda düşmən sıralarında çaxnaşma yayıldı. Onların çoxu Axalkalakiyə qaçdı. Lakin komendant ilk həyəcan siqnalında darvazaları bağladı. Dərin xəndək qala divarlarına sıxışdırılmış adamların cəsədləri ilə doldu.

Yalnız əsas komandirlərin çadırlarını qoruyan İran (Qacar) qvardiyası digərlərindən daha şiddətli müqavimət göstərdi. Onların (qızılbaşların) mətanəti və dəyanəti sayəsində İrəvan sərdarı (Hüseynqulu xan Qacar), eləcə də qoşunları təsvirəgəlməz bir çaşqınlıq içində olan Axalsıx paşası (Osmanlı generalı) və gürcü şahzadəsi Aleksandr Baqrationi (1770–1844) qurtula bildilər.

Qırğın və təqib iki saatdan çox çəkdi. Nəhayət sübh tezdən qaladan çox güclü artilleriya atəşi açıldı. Buna görə də F.Pauluççi məcbur olub ordusunu geri çəkdi”.

İzah. V.Potto öz əsərində qədim yunan ənənəsinə sadiq qalaraq İranı “Persiya”, iranlıları isə “persiyane” adlandırmışdır. Yeri gəlmişkən, Türkmənçay sülh müqaviləsinin rusdilli variantında Qacar məmləkətinin adı “Persiya” şəklində qeyd edildiyi halda, həmin müqavilənin Qacarlara aid variantında İran olaraq göstərilmişdir. Məhz bunu nəzərə alaraq, biz də “Кавказкая война” əsərindəki “Persiya” və “persiyanin” sözlərini İran və iranlı kimi tərcümə etdik.

P.S. Şübhəsiz ki, çarın Axalsix üzərinə yürüş etmiş ekspedisiya korpusu həm canlı qüvvə, həm də silah-sursat baxımından qızılbaşlarla osmanlıların birləşmiş qoşunundan xeyli üstün idi. Həmişə olduğu kimi, burada də rus tarixçiləri, sözsüz ki, şişirtmələrə yol vermişlər. Amma V.Pottonun məlumatında diqqətimizi cəlb edən heç bu da deyil. Ən əhəmiyyətli məsələ odur ki, iki türk və müsəlman dövləti zərurət yarandıqda ümumi düşmənə qarşı birgə mübarizə apara bilmişdilər.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Write A Comment