4. Cüstanilər dövləti (791–1004). Bu dövlət İranın indiki Tehran, Mərkəzi və Qəzvin (Cənubi Azərbaycan) ostanlarının ərazisində qurulmuşdu. Onun mərkəzi Rey şəhəri idi. Qədim zamanlarda həmin şəhər Ərsakiyyə adlanırdı. Cüstanilərlə Azərbaycan Salariləri arasında yaxın qohumluq əlaqəsi vardı.

Cüstanilər İslam dininin şiəlik yolunun zeydiyyə məzhəbinə etiqad edirdilər. Zeydiyyə məzhəbinə əsasən, İslam ümmətinin imamı mütləq Muhəmməd Peyğəmbərin soyundan olmalıdır. Bu məzhəbin inancına görə imamət xətti belədir: İmam Əli – İmam Həsən – İmam Huseyn – İmam Zeynəlabidin – İmam Zeyd.

5. Sacilər dövləti (889–929). Azərbaycan tarixçisi Əkbər Nəcəf yazır ki, “bu dövlətin ikinci hökmdarı Yusif ibn Əbu Sac (?–928) əvvəllər sünni olsa da, sonradan qərmətiliyə meyl etmişdi”. Xatırladaq ki, qərmətilik şiəliyin ismaili məzhəbinin bir qolu idi.

Bugün də mövcud olan ismaili məzhəbinin ardıcılları inanırlar ki, imamət belə bir xətlə ötürülmüşdür: İmam Əli – İmam Həsən – İmam Huseyn – İmam Zeynəlabidin – İmam Muhəmməd Bagir – İmam Cəfər Sadiq – İmam İsmail.

6. Salarilər dövləti (941–981). Bu dövlətin rəhbərləri də ismaili məzhəbinə etiqad edirdilər. Salarilərin digər adı Kəngərilərdir. Sülalənin əsli Azərbaycanın Zəncan bölgəsindən idi. Salarilər Abbasilər xilafətinə qarşı fəal mübarizə aparmışdılar. “Geosiyasət: Ziddiyyətlər və xəyanətlər” adlı yazımızda göstərmişik ki, Salarilər dövlətini, əslində, qaraman tayfası idarə edirdi. Maraqlıdır ki, Oğuz elinin salar tayfası iki böyük qoldan ibarət idi. Onlardan biri ağman, digəri isə qaraman adlanırdı.

Parfiya imperiyasının sonuncu hökmdarının adı Salar Ərdaban Ərsaki (214–224) idi. “Kitabi-Dədə Qorqud” dastanının əsas qəhrəmanlarından da birinin adı Salur Qazandır.

944-cü ildə Abbasi xəlifəsi Abdullah Mustəqfi Billahın (905–949) sifarişini yerinə yetirən Xəzər yəhudi çarı Yusif ben Aaronun (?–961) əmrilə Kiyev Rus dövlətinin ikinci knyazı İngvar Rorik (877–944) Salarilər dövləti üzərinə yürüş etmiş, lakin Bərdə ətrafındakı qanlı döyüşlərdən birində əsir alınmış və edam olunmuşdu.

7. Səlcuqilər dövləti (1038–1157). Bəllidir ki, Səlcuqi sultanları Toğrul bəy (990–1063) və Alp Arslan (1030–1073) İslam dininin əhli-sünnə yoluna etiqad etmişlər. Lakin XI əsrdə yaşamış ərəb şairi və feodalı Mukatil ibn Ətiyyə əl-Bəkri əl-Hicazinin “Mutəmər uləma Bağdad” adlı əsərinə əsasən, Səlcuqi dövlətinin üçüncü sultanı Məlikşah (1055–1092) həyatının sonuna yaxın On İki İmam məzhəbinə keçmişdi.

8. Xarəzmşahlar dövləti (1097–1231). Xarəzmşah Əlaəddin Muhəmməd (1169–1220) 1218-ci ildə öz ölkəsinin alimlərini belə bir fətva verməyə razı salmışdı ki, Abbasilər sülaləsinin hakimiyyəti qeyri-qanuni və şəriətə ziddir, xilafət və imamət Həzrəti Əli ibn Əbu Talibin oğlu İmam Huseynin nəslinin haqqıdır. Elə həmin ildən Xarəzmdə Xəlifə ən-Nasirin (1158–1225) adına xütbə oxunması dayandırılmış, Əla əl-Mülk Tirmizi adlı bir seyid xəlifə elan edilmişdi. Bu fakt ona dəlalət edir ki, Xarəzmşah Əlaəddin Muhəmməd və onun oğlu Xarəzmşah Cəlaləddin Manquberdi (1198–1231) şiəliyin zeydiyyə məzhəbinə etiqad edirmişlər.

Görünür, Abbasi xəlifəsi ən-Nasir məhz buna görə Xarəzmşah Əlaəddin Muhəmmədə şiddətli bir ədavət bəsləmiş və Çingiz xanı Orta Asiya müsəlmanları üzərinə hücuma təhrik etmişdi. Məşhur İslam tarixçisi Əli ibn Muhəmməd əl-Əsir (1160–1234) yazırdı: “Əgər qeyri-ərəblərin Xəlifə ən-Nasir barəsində dedikləri məsələ, yəni, xəlifənin tatarları İslam ölkələri üzərinə hücuma təhrik etməsi və bu məqsədlə öz adamlarını tatarların yanına göndərməsi haqqında məlumatlar doğrudursa, deməli, o, ən dəhşətli cinayətlərdən də ağır bir cinayət törətmişdir”.

Digər İslam tarixçisi Muhəmməd ibn Vasil (1207–1298) qeyd edirdi: “Xarəzmşah Əlaəddin Muhəmməd Bağdada doğru hərəkət etdikdə Xəlifə ən-Nasir tatarların hökmdarı Çingiz xana məktub göndərib onu Xarəzm üzərinə hücuma təhrik etdi”.

Həmçinin İslam tarixçisi Əhməd ibn Əli əl-Məkrizinin (1364–1442) də məlumatına nəzər salaq: “Xəlifə ən-Nasir Xarəzmşah Əlaəddin Muhəmmədin vaxtilə Səlcuqilərin etdiyi kimi Bağdadı tutub öz dövlətinin paytaxtına çevirəcəyindən qorxduğu üçün tatarlara məktub yazıb onları müsəlman ölkələri ilə müharibəyə təşviq etdi”.

9. Xülegülər (Hülakülər) dövləti (1258–1335). Xülegü xan (1217–1265) buddist, Abaqa xan (1234–1282) buddist və ya xristian, Əhməd Tekuder xan (1247–1284) müsəlman, Arqun xan (1250–1291) buddist, Qeyxatu xan (1259–1295) buddist, Baydu xan (1255–1295) xristian və ya müsəlman idi. Xülegülər dövlətinin yeddinci hökmdarı Qazan Mahmud xan (1271–1304) buddist, səkkizinci hökmdarı Ulceytu Nikolay xan (1280–1316) isə xristian olmuş, lakin sonradan İslam dininin On İki İmam məzhəbini qəbul etmişdilər.

Şah I İsmayıl Səfəvinin babası Şeyx Cuneyd Səfəvinin (1429–1460) atası Şeyx İbrahim Səfəvinin (1401–1447) anası Qədəm xanımın ulu nənəsi Ulcatay xatun Arqun xanın qızı, Qazan Mahmud xanla Ulceytu Nikolay xanın isə doğma bacısı idi.

Ardı var…

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Birinci hissəyə keçid linki: https://millikimlik.az/2023/6981/

Write A Comment