Bugün məqsədli şəkildə yayılan miflərdən biri də budur ki, Əhli-Beyt inancını Azərbaycana Şah I İsmayıl Səfəvi (1487–1524) gətirmiş, Şah I Təhmasib Səfəvi (1514–1576) atasının bu işini davam etdirmiş, Şah I Abbas Səfəvi (1571–1629) isə onu uğurla başa çatdırmışdır.

Həmin iddianı mifdüzəltmənin ən bəsit nümunələrindən hesab edə bilərik. Tarixə ötəri nəzər salsaq görərik ki, bu fikir tamamilə yalan və puçdur. Beləliklə…

1. Qərbi Xürrəmilər dövləti (807–838). Azərbaycanın Qaradağ, Qarabağ və Muğan bölgələrində qurulmuş bu dövlətin ilk rəhbəri Cavidan ibn Şəhrəg (?–816), ikinci rəhbəri isə Babək ləqəbli Həsən ibn Abdullah (798–838) olmuşdur. Babək məşhur İslam sərkərdəsi Əbu Muslim Xorasaninin (718–755) kötücəsi idi.

Məlumdur ki, böyük İslam və türk hökmdarı Əmir Teymur Barlas (1336–1405) Əbu Muslim Xorasaninin xatirəsini həmişə dərin hörmət və yüksək ehtiramla yad etmişdir.

Teymurilər dövlətinin salnaməçisi Şərəfəddin Əli Yəzdi (?–1454) yazırdı: “Əmir Teymur Əbu Muslimin qəbrinə çatdıqda mükəmməl imanı və dinə bağlılığı sayəsində onu ziyarət edib Əbu Muslimin ruhundan kömək və dəstək istədi”.

Özbək tarixçisi İbrahim Muminovun (1908–1974) əsərindən: “Əmir Teymur 1378-ci ildə Çağatay türkcəsində yazdırdığı fərmanla Əbu Muslimin Xarəzmdə yaşayan törəmələrinə imtiyazlar vermişdi”.

Əmir Teymur Barlasın dərin hörmət və yüksək ehtiram göstərdiyi digər tarixi şəxsiyyət isə Şeyx Xacə Əli Səfəvi (1368–1424) olmuşdur. Xatırladaq ki, Azərbaycan xalqının dahi oğlu Şah I İsmayıl Səfəvi Şeyx Xacə Əli Səfəvinin kötücəsi idi.

Nüfuzlu İslam və əhli-sünnə məzhəbşünası Əbulfəth Muhəmməd Şəhristani (1075–1153) xürrəmiliyi İslam dininin şiəlik yolunun keysaniyyə məzhəbinin haşimiyyə qoluna aid etmişdir. Keysaniyyə məzhəbinə görə, imamət xətti belədir: İmam Əli – İmam Həsən – İmam Huseyn – İmam Muhəmməd Hənəfiyyə.

2. Şərqi Xürrəmilər dövləti (?–840). Azərbaycanın indiki cənub-şərq dağlıq rayonlarında qurulmuş bu dövlətin rəhbəri Məzyər ibn Qaran (?–840) qədim pəhləvanların məşhur Qaran (və ya Qarin) soyundan idi. Rəvayətə görə, Qaran nəslinin əcdadı parfiyalıların daxa (təkə) ittifaqının parni (barani) tayfasının başçısı olmuşdur. XIII əsrdə yaşamış İslam tarixçisi Bəhaəddin Muhəmməd ibn İsfəndiyar yazırdı ki, “Məzyər Babəki tərifləyib göylərə qaldırırdı”.

Məzyər ibn Qaran 840-cı ilin avqustunda Abbasi ordusuna əsir düşmüş, Xəlifə Mötəsimin əmrilə Babəkin edam olunduğu yerdə qətlə yetirilmişdi. Yeri gəlmişkən, Abbasi tarixçiləri də etiraf edirdilər ki, xürrəmi Məzyər ibn Qaran müsəlman idi.

Məzyər ibn Qaranın mənsub olduğu parni (barani) tayfası moğol yürüşləri vaxtı əvvəlcə Azərbaycanın Həmədan bölgəsinə, sonra isə Şərqi Anadoluya köçmüş, orada Qaraqoyunlu dövlətini (1351–1468) yaratmışdı.

Qeyd. Qaran (Qarin) və parni adları ilə Qaraqoyunlu adı arasında həm zahiri, həm də semantik oxşarlıq diqqəti cəlb edir. Nəzərə almalıyıq ki, Qaraqoyunlu ittifaqının aparıcı tayfasının adı barani idi. Beləliklə, qaran–qara, parni–barani sözlərini müqayisə edək. Vurğulamalıyıq ki, bugün də türk, slavyan, german və İran dillərində “baran” sözü “qoç”, “qoyun”, “toğlu”, “quzu” mənalarında işlənir.

3. Muğan və Astara İspəhbədləri (X–XV). Bu dövlət Azərbaycanın Muğan və Talış bölgələrində, eləcə də İranın indiki Gilan ostanında qurulmuşdu. Onun paytaxtı əvvəlcə Astara rayonundakı Şindan qalası, XIV əsrdən sonra isə Astara şəhəri olmuşdur. İspəhbədlər və onların təbəələrinin bir hissəsi Əhli-Beyt inancında idilər.

Məlik Əhməd İspəhbəd moğol hökmdarı Qazan Mahmud xana (1271–1304) qarşı kobudluq etmiş, buna görə həbs olunub zindana salınmışdı. Şah I İsmayıl Səfəvinin ulu babası Şeyx Zahid Gilani (1216–1301) ona dərin hörmət və yüksək ehtiramla yanaşan Qazan Mahmud xandan xahiş etmişdi ki, Məlik Əhməd İspəhbədi azadlığa buraxsın. Özü də Əhli-Beyt inancında olan moğol xanı şeyxin sözünü yerə salmamışdı.

Muğan və Astara İspəhbədlərinin soyu Parfiya və Sasani imperiyalarını idarə etmiş yeddi pəhləvan tayfasından birinə mənsub idi. Həmin tayfa tarixdə mehranilər adı ilə məşhurdur. Yeri gəlmişkən, Qafqaz Albaniyasının çarı Cavanşir (?–681) də mehranilərdən olmuşdur. Ehtimala görə, Qafqaz Albaniyası süquta uğradıqdan sonra alban çar nəslinin bəzi nümayəndələri Astaraya köçmüş və zamanla bu bölgənin idarəçiliyini öz əllərinə almışdılar.

Astara Mehranilərinin (İspəhbədlərin) sonuncu görkəmli nümayəndələri XVI–XVII əsrlərdə yaşamış məşhur qızılbaş əmirləri Mirzə Muhəmməd Talış (?–1535), Bayandur xan Talış və onun nəvəsi Saruxan Talış (?–1653) olmuşlar. Saruxan Talış Şah I Abbas Səfəvinin 92 əmirindən biri idi.

Ardı var…

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Write A Comment