Türkman araşdırmaçıların Azərbaycanla bağlı fəaliyyəti Azərbaycanlı müəlliflərin İraq türkmanları ilə bağlı apardıqları araşdırmalar birtərəfli olmamışdır.
İraq türkmanları da Azərbaycanı öyrənmiş və araşdırmışlar.

Belə tədqiqatçılar arasında Əbdüllətif Bəndəroğlunun xüsusi yeri vardır. Onun bu sahədəki yorulmaz fəaliyyətini Səkinə Qaybalıyeva belə ifadə edir:

“Ölkəmizdən kənarda ədəbiyyatımızı və mədəniyyətimizi Əbdüllətif Bəndəroğlu qədər təbliğ və təşviq edən, həmçinin doğma Azərbaycanımızın hüsnünü, gözəlliklərini belə məhəbbətlə, yüksək mənəvi duyğularla tərənnüm edən, eyni zamanda özünü və xalqını əslən və rəsmən azərbaycanlı hesab edən ikinci bir ziyalı, tədqiqatçı və şairə rast gəlmək yəqin ki, çətin olardı”.

O, daim vətən saydığı Azərbaycanda baş verən prosesləri izləmiş, Azərbaycan xalqının sevincinə şərik olmuş, kədərinə üzülmüşdür. Şairin yaradıcılığına baxdığımız zaman onun Azərbaycan həsrəti ilə yaşadığı məlum olur. O, “Bakı” şeirində Azərbaycanın müstəqillik əldə etməsinin qürurunu yaşayır:

Gömüldün günəşlərə,
Yırtdın zülmət pərdəsin.
Dikdin günəş altında
Özgürlük bayrağını.

Ə.Bəndəroğlunun Qarabağ hadisələri ilə bağlı hisslərini bildirdiyi silsilə xoryatları vardır. Şair bu xoryatlarda Qarabağ dərdini özününkü hesab edir, Qarabağın azadlığa çıxacağı günü səbirsizliklə gözləyirdi:

Qarabağı,
Nəğmədi Qarabağı.
Parçalansam, ölsəm də,
Unutmam Qarabağı.

Vaxtilə böyük ərazisi olan Vətəninin müasir dövrdəki parçalanmış halı şairi narahat edir və o öz narahatlığını bədii dillə ifadə edir. Şairin bu üzüntüsündəki əsl vətəndaş sevgisini görməmək mümkün deyil:

Dilim-dilim bölünmüsən,
Azərbaycan!
Sən Babəkin qollarısan…
Ürəyi qan
Azərbaycan!
Kimlər səni
etdi talan,
İndi Dərbənd,
İndi Kərkük
İndi Təbriz
Olub yalan,
Azərbaycan

İstinad: “Ortaq mədəniyyətin övladları – İraq türkmanları və Azərbaycan”

Write A Comment