Şəhidlərin əziz xatirəsinə! Torpaq uğurunda ölən varsa Vətəndir

Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etsə də, dövlət suverenliyinin tam şəkildə bərpa olunması 2023-cü ildə baş verdi. 19 sentyabrda başlayan antiterror əməliyyatı nəticəsində Azərbaycan ordusu ölkənin bütün ərazilərində dövlət suverenliyini bərpa etdi. Bu, 100 ilin ən böyük hadisəsidir.

Azərbaycan xalqı 100 illik müstəqillik mübarizəsindən, qurbanlar verdikdən sonra nəhayət ki, öz qanuni ərazilərində dövlət hakimiyyətini tam olaraq bərpa etdi. Buna görə şəhidlərə, milli himnimizdə deyildiyi kimi, “hüququndan keçən” Vətən övladlarına borcluyuq. Dünyada 4 mindən çox millət və bir o qədər, hətta daha çox ölkələr, ərazi vahidləri var. Ancaq müstəqil dövlətlərin sayı 200-dən azdır. Bu 200-dən az seçilmişlərin arasında Azərbaycanın adının olmasına görə 100 il əvvəlki qurucu babalara, sonrakı bir əsrdə müstəqillik üçün mübarizə aparan, canını, həyatını qurban verənlərə borcluyuq.

Azərbaycan son 100 ildə iki dəfə müstəqilliyini əldə edib. Ancaq Azərbaycan xalqı heç zaman müstəqilliyini heç zaman “hədiyyə” olaraq, ya da hansısa qlobal situasiyaların nəticəsi olaraq əldə etməyib. Mübarizə aparıb, savaşıb, şəhidlər verib. 1918-ci ildə Azərbaycan adlı dövlət elan olunanda onun nəinki ordusu, gücü vardı, heç rəsmi paytaxtı belə yox idi, işğal altında idi.

Amma əzmli Azərbaycan övladları qısa bir zamanda dövləti qurdular, onun sərhədlərini müdafiə etmək üçün ordu yaradaraq daxili və xarici düşmənləri məğlubiyyətə uğratdılar. Təsadüfi deyil ki, AXC ordusu erməni quldurlarını bolşevik işğalından cəmisi 1 ay əvvəl – 1920-ci ilin martın 20-də Qarabağdakı erməni separatçılarının silahlı qiyamını yatırmışdı. Lakin bolşevik işğalı AXC-nin uğurunu yarımçıq qoydu, ölkəmiz həm də Qarabağ və Zəngəzuru itirdi.

1991-ci ildə Azərbaycan ikinci dəfə uzun mübarizə və şəhidlər verdikdən sonra müstəqilliyini yenidən bərpa etdi. Amma dövlət suverenliyini bərpa edə bilmədi. Çünki erməni terroru bu dəfə də Qarabağda yuva salmışdı. Müstəqil ölkənin daxilindəki bölünmələr, xaricdən dəstəyin olmaması səbəbindən hazırlıqlı erməni terroru Qarabağı və ətraf rayonları işğal etdi.

Lakin Azərbaycan xalqı bu işğalla barışmadı. Ordu yenidən quruldu, Azərbaycan ən müasir silah və texnikaya malik ordunu qurdu, xalq isə Qarabağ üçün səfərbər oldu. Təsadüfi deyil ki, işğalın davam etdiyi bütün 30 il ərzində yerli və beynəlxalq sorğuların hamısında Azərbaycan vətəndaşları əsas problem olaraq erməni işğalını göstərdi. Azərbaycan səbirlə çalışdı və torpaqların azadlığı uğurunda müharibə üçün zamanın yetişməsini gözlədi. Bu zaman isə 2020-ci ilin sentyabrında gəldi.

Bir məqam da unudulmamalıdır ki, Azərbaycan dövləti Qarabağın azadlığı üçün yalnız ordu və silah toplamaqla hazırlaşmadı. Ötən müddətdə Ermənistan işğalı, xalqımızın yaşadığı acılar və nəhayət ədalətin bizim tərəfdə olması dünyaya çatdırıldı. BMT, ATƏT, İƏT, Avropa İttifaqı kimi qurumlar Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədlər qəbul etdi. Heç təsadüfi deyil ki, İkinci Qarabağ savaşı başlayanda hətta Azərbaycana düşmən olan ölkələr belə beynəlxalq qanunların və ədalətin Azərbaycana tərəf olduğunu qəbul etdilər.

2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi 44 gün ərzində Azərbaycan ordusunun işğal altında olan torpaqların böyük bir qismini azad etməsi ilə yekunlaşdı. 3 min nəfərə yaxın şəhid verdi Azərbaycan və məğlub ölkə yarlığından çıxaraq qalib ölkə adını qazandı. 3 min şəhid təkcə işğal altındakı torpaqları azad etmədi, həm də Azərbaycan xalqının qələbə əzmini özünə qaytardı, onu qalib xalqa çevirdi. Ancaq Qarabağda hələ də separatçılar qalırdı.

Rusiya sülhməramlı ordusunun mühafizəsi altında yaşayan erməni separatçıları Azərbaycan dövlət suverenliyinin bərpa olunması yolunda əngəl olmaqla yanaşı, ərazilərə mina döşəmək, silah toplamaqla məkrli fəaliyyətlərindən əl çəkmirdi. 2023-cü il sentyabrın 19-da başlayan və 1 sutka davam edən əməliyyat sonuncu separatçı sığınacağının məhv edilməsi, separatçı güruhun təslim olması ilə nəticələndi.

Nəhayət ilk dəfə olaraq 100 illik müstəqillik tarixində Azərbaycan dövlət suverenliyini tam olaraq bərpa etdi. Artıq ölkəmizin tanınan sərhədləri daxilində yeganə qanuni dövlət hakimiyyəti Azərbaycan Respublikası dövlətinə məxsusdur. Ermənilər isə bundan sonra qəbul edərlərsə, Azərbaycan vətəndaşı kimi yaşaya bilərlər. Bu hüquq yalnız bu torpaqlarda qədimdən yaşayan ermənilərə veriləcək, işğaldan sonra Azərbaycan torpaqlarına soxulub qanunsuz məskunlaşan işğalçılara deyil.
Tarixi günlərdir, bəlkə də 3 il əvvələ qədər bu günün olacağı çoxlarına möcüzə kimi görünərdi, amma artıq reallıqdır.

Azərbaycan bayrağı təkcə Şuşada deyil, həm də Ağdərədə dalğalanır. Xankəndi, Xocalı, Xocavənd artıq Azərbaycan dövlətinin nəzarətindədir. Bütün bunlar qurbansız başa gəlmədi. Azərbaycan xalqı səbir etdi, sülhü gözlədi, danışıqların nəticə verəcəyi ilə bağlı vədləri səbirlə gözlədi. Amma sonunda haqqını aldı. Minlərlə can qurban verdi, amma sonunda Vətəni azad etdi.

Bu gün onların günüdür. 44 günlük Vətən müharibəsində canlarını verərək Vətən torpaqlarını azad edən qəhrəmanların gündür. Rəhmət və ehtiramla anırıq. Onların sayəsində Azərbaycan xalqı itirdiklərini geri qazandı.

Kənan Rövşənoğlu

Write A Comment