Səfəvilər dövləti Azərbaycan tarixinin ən şanlı dövrüdür. Məhz XVI–XVIII əsrlərdə Azərbaycan xalqı vətənpərvərlik, yüksək yaradıcılıq məziyyətləri, intellekt, əməksevərlik, nizam-intizam, şücaət, fədakarlıq, mənəvi və mədəni zənginlik nümayiş etdirərək o dövr üçün mükəmməl sayıla biləcək bir dövlət qurdu.

Təəssüf ki, bəziləri qərəz, digərləri isə məlumatsızlıq üzündən Azərbaycan xalqının şanlı tarixi haqqında yanlış fikirlər yürüdür, Səfəvi şahlarını türk və İslam dünyasını parçalamaqda, Azərbaycan xalqını zorla şiələşdirməkdə, kütləvi qırğınlarda günahlandırır, onları bütün problemlərin səbəbkarı hesab edirlər. Amma təbii ki, həmin iddialar həqiqi faktlarla toqquşanda puç olur. Beləliklə…

1. Şah İsmayıl Səfəvinin qızı Xanış xanım (1507–1563) təəssübkeş bir sünnü (şafei) olan Gilan hakimi Sultan Müzəffər Əmirə Dibac Fumani (?–1541) ilə ailə qurmuşdu. Şah İsmayıl fanatik məzhəbçi olsaydı, bu nikaha razılıq verərdimi? Sözsüz ki, yox!

2. Şah İsmayılın qızı Şahnəvaz xanım (?–1533) Osmanlı sultanı II Bəyazidin oğlu Şahzadə Əhmədin oğlu Şahzadə Muradla ailə qurmuşdu. Şah İsmayıl qatı məzhəbçi olsaydı, qızını əhli-sünnə (hənəfi) etiqadında olan şəxsə verərdimi? Sözsüz ki, yox!

3. Şah İsmayılın qızı Pərixan Sultan (1506–1543) 1521-ci ildə təəssübkeş bir sünnü olan Şirvanşah II Xəlilullahla (?–1535) ailə qurmuşdu. Şah İsmayıl radikal məzhəbçi olsaydı, bu izdivaca razılıq verərdimi? Sözsüz ki, yox!

4. Şah İsmayılın qızı Pərixan Sultan 1538-ci ildə təəssübkeş bir sünnü olan Şəki hakimi Dərviş Muhəmməd xanla (?–1551) ailə qurmuşdu. Şah I Təhmasib Səfəvi (1514–1576) məzhəbçi olsaydı, sevimli bacısının bu evliliyinə icazə verərdimi? Sözsüz ki, yox!

5. Bugün Azərbaycanın cənubunda – Astara rayonunda əhli-sünnənin şafei məzhəbinə etiqad edən xeyli insan yaşayır. Onlar bu bölgənin əzəli sakinləridir. Bu isə o deməkdir ki, həmin astaralıların dədə-babaları da sünnü olmuş və Səfəvilər dövründə də, yəni ən azı 220 il ərzində burada yaşamışlar. Səfəvi şahları qəddar məzhəbçi olsaydılar, yerli əhalinin şafei məzhəbində qalmasına imkan verərdilərmi? Sözsüz ki, yox!

6. Azərbaycanın mərkəzi zonasında – Ağdaş, Ucar və Zərdab rayonlarında əhalinin əhəmiyyətli bir hissəsi əhli-sünnənin hənəfi məzhəbinə etiqad edir. İnsanlar relyefi əsasən düzənlik olan bu ərazilərdə qədim zamanlardan yaşayırlar. Aydın məsələdir ki, Səfəvilər dövləti qurulduqdan sonra Aran camaatının əsrlər boyunca – 220 il ərzində dağlarda gizlənib partizan müharibəsi aparmaq imkanı yox idi. Səfəvi şahları qatil və məzhəbçi olsaydılar, yerli əhalinin hənəfi məzhəbində qalmasına imkan verərdilərmi? Sözsüz ki, yox!

7. Azərbaycanın şimalında, şimal-şərqində və şimal-qərbində – Quba, Qusar, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Qazax və digər rayonlarda əhli-sünnənin şafei və hənəfi məzhəblərinə etiqad edən çoxlu insan yaşayır. Onların mütləq əksəriyyətinin əcdadı burada XVI əsrdən də xeyli əvvəl məskunlaşmışdır. Səfəvi şahları məzhəbçilik məsələsində amansız olsaydılar, bu adamlara imkan verərdilərmi ki, öz dədə-baba məzhəblərində qalsınlar? Sözsüz ki, yox!

8. Vaxtilə Səfəvilərin tam nəzarəti altında olmuş İranda bugün milyonlarla sünnü kürd, sünnü talış, sünnü bəluc, sünnü ərəb və sünnü türkmən yaşayır. Onlar son illərdə həmin torpaqlarda peyda olub artıb çoxalmayıblar. Bu insanların ata-babaları Xuzistan, Kürdüstan və Xorasanda Qızılbaş dövlətinin qurulduğu tarixdən xeyli əvvəl məskunlaşmışlar. Səfəvilər fanatik məzhəbçi olsaydılar, həmin xalqlar əhli-sünnə etiqadında qala bilərdilərmi? Sözsüz ki, yox!

9. Qızılbaşlar 1706-cı ildə əfqan qiyamçılarının ilk lideri Mir Veys xanın (1673–1715) dəstələrini məğlub edib onun özünü əsir götürdülər. Səfəvilərin Əfqanıstan valisi Mir Veys xanı İsfahana göndərdi. Şah Hüseyn Səfəvi təhlükəli qiyamçını edam etdirmək əvəzinə onunla özünün hörmətli qonağı kimi davrandı. 1708-ci ildə isə Mir Veys xanı Həcc ziyarətinə buraxıb oradan da Əfqanıstana qayıtmasına icazə verdi.

Şah Hüseynin belə bir alicənab münasibətinə Mir Veys xanın cavabı nə oldu? O, Hicaza yetişən kimi vaxtı fövtə vermədən Məkkə ruhanilərindən qızılbaşlara qarşı silahlı cihadın vacibliyi barədə yazılı fətva aldı. 1709-cu ilin aprelində gilzaylar (puştu dilinə keçmiş xələc türkləri) Mir Veys xanın rəhbərliyi altında yenidən üsyana qalxdılar. Bir neçə il davam etmiş şiddətli mübarizədən sonra əfqanlar qalib gəldilər.

1722-ci ildə isə Mir Veys xanın oğlu Mir Mahmud xan (1697–1725) İsfahan şəhərini ələ keçirib Səfəvilər imperiyasının varlığına son qoydu. Mir Mahmud xan və onun əmisi oğlu Mir Əşrəf xan (1700–1730) 1725–1726-cı illərdə Şah Hüseyni və Səfəvi şahzadələrinin demək olar ki, hamısını vəhşicəsinə qətlə yetirdilər.

Qızılbaşlar qəddar və amansız olsaydılar, təəssübkeş bir məzhəbçi olan Mir Veys xanı əfv edərdilərmi? Sözsüz ki, yox!

10. Rus tarixçisi və “məxfi dövlət müşaviri” Pyotr Qriqoryeviç Butkovun (1775–1857) “1722-ci ildən 1893-cü ilədək Qafqazın yeni tarixi üçün materiallar” adlı əsərində belə bir məlumat vardır: “(Dağıstan və Şirvan qiyamçılarının başçısı) Davud bəy Dərbənddə nəzarət altından çıxıb guya şaha xidmət etmək üçün 1000 nəfərlik dəstə yığdı. Sonra isə o, Surxay xanla birləşib qiyama başladı”.

Müasir tarixçilər belə güman edirlər ki, Hacı Davud (1680–1735) 1719-cu ilin sonunda qızılbaşlara əsir düşərək Dərbənd həbsxanasına salınmış, sonra isə gözətçiləri aldadaraq guya oradan qaçmışdır. P.Q.Butkovun əsərindən göründüyü kimi, Hacı Davud həqiqətən də hiylə işlətmişdi.

Amma o, heç bir yerə qaçmamışdı. Səfəvi məmurları Hacı Davudun bundan sonra Şaha xidmət edəcəyi barədə verdiyi vədə inanaraq yersiz humanizm göstərib dövlət üçün olduqca təhlükəli olan bu şəxsi həbsdən azad etmişdilər. Halbuki o, ən azı 1712-ci ildən Səfəvi dövlətinin barşmaz düşməni, silahlı qiyamların əsas təşkilatçılarından və rəhbərlərindən biri kimi tanınırdı. Nəticə isə həm Səfəvilər dövləti, həm də Qafqaz xalqları üçün çox acınacaqlı oldu.

Beləliklə, Səfəvilər qəddar və rəhmsiz olsaydılar, təəssübkeş bir məzhəbçi olmuş Hacı Davuda aman verərdilərmi? Sözsüz ki, yox!

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Write A Comment