Azərbaycan nasiri, şairi, dramaturqu, jurnalisti, publisisti və tərcüməçisi Məmməd Səid Ordubadinin (1872–1950) “Qanlı illər” əsərindən:

“Əsgərlər müharibəyə hazırlaşdıqları vaxt onların komandiri atına minərək bu nitqi söylədi: – Övladlarım! Mən hər bir halda işin bu məqama yetişməsinə təəssüf edirəm. Bununla birlikdə bu əfsusların bizə, yaxud ermənilərə heç bir faydası yoxdur. Zira, indi onlarla üz-üzə gəlib vuruşmağa məcburuq.

Bu saatda yalnız xəncər-patron köməyə gələr. Sülh vaxtı sülh etmək, müharibə vaxtı mərdanəlik göstərmək lazımdır. Görürsünüz, ermənilər nə qədər kəndimizi dağıdıb, nə qədər gəlin-qızımızı əsarətə alıb, olmazın təhqirlərə düçar və mübtəla etmişlər.

Kərbəla meydanında Hüseyn ibn Əli əleyhissəlam bir ovuc yaxın adamı ilə Yezid lənətullahın yüz minlərlə cani dəstəsinə qarşı durmuşdu. Hürriyyətin, o qeyrət mücəssəməsinin Kərbəla meydanındakı fədakarlığı (sayəsində) həqiqətin gözü pərdələnmədi. (İmamın əli) Yezid vələd-əz-zinayə beyət əli uzatmaqdan ötrü deyildi?!

İtaət etməyib övlad və pak adamlarına əsarəti rəva görən yalnız o Həzrətdir. Amma bizimlə o Həzrətin böyük bir təfavütü var. O isə budur: O Həzrətin bacıları, hərəmləri, qızları Peyğəmbərin nəvələri, Əli ibn Əbu Talibin gəlinləri olduqlarından Yezid qoşununda o cürət olmadı ki, təhqirlə onlara əl uzatsınlar.

Amma biləsiniz qardaşlar, hərəmlərimiz erməni əlinə düşsə, nə olar?! (Bu vaxt əsgərlərdən şiddətli ağlamaq səsləri ucaldı). Şəriətimizdə müdafiə məsələsi vacibdir. Ona görə də qorxunu, ağciyərliyi qəlbinizə qoymayın. Qorxu-hürkü millət və vətən fədakarlığı qarşısında qəbahətli və rəva görülməyən hərəkətlərdəndir.

Ona görə qorxu və hürküyə qəlbimizdə yer olmamalıdır. Qorxu insaniyyət və islamiyyətə ziddir. Düşmən xəncərindən qorxan gözümüz – ölümü, əziz saxladığımız dövlət və sərvətimiz – talanı, hifzinə çalışmadığımız hərəmlər – bacılarımız əsarət və təhqir görəcəklər. Ölmək və qəbrə getmək yataqda, biyabanda, dəryada, düşmən xəncərinin altında da olsa birdir.

Bu müharibədə müzəffər olduğumuz, bilək qan çalalarına qərq olduğumuz, əlbət ki, tarix səhifələrinə düzülüb millətin istiqbalına və vətən övladlarına yadigar qalacaq. Xırmancıq daşlarına çilənən qeyrət qanımız heç zaman silinməyəcək. İslamiyyət adını yaşatmaq üçün şəhid olduğumuz övladlarımıza göstəriləcək.

Müharibəni buraxıb istəkli hərəmlər, isti otaqlar ağuşunda doğransaq, övladlarımız qiyamətə qədər bizə lənət deyəcək. Qarşıdakı Xırmancıq müharibəsini özgə davalara bənzətməyin. Hərəkətsiz durub düşmənə arxa çevirməyin. Ar olsun o əsgərə ki, düşmən xəncərini kürəyindən qəbul edə.

Müharibədə insafınızı itiıməyib silah işlətməyən körpələrə, qoca kişilərə rəhm edin! Körpə uşaqlara, erməni qadınlarına heç zaman təhqirlə əl uzadıb, əzab-əziyyət rəva görməyin! O halda kəramətli Peyğəmbərimizdən xəcalətli olarıq, – deyərək tüfənginə bir patron qoyub: – Haydı qardaşlar! Düşmən yaxınlaşdı! – deyib sözünü bitirdi”.

Şərh. Azərbaycanlı komandirin öz döyüşçülərinə bu müraciətini azərbaycanlıların mərdlik kodeksinin xülasəsi hesab edə bilərik. Xalqımıza xas olan mənəvi-əxlaqi dəyərlərin demək olar ki, hamısı həmin müraciətdə öz əksini tapmışdır.

Zənnimizcə, Məmməd Səid Ordubadinin sənədli “Qanlı illər” əsərinin məhz bu hissəsini hər bir Azərbaycan gənci diqqətlə oxumalı və yadda saxlamalıdır. Bunun üçün isə onu orta məktəblərin və ali təhsil ocaqlarının tədris proqramlarına, eləcə də hərbi hissələrin tərbiyəvi iş saatlarına daxil etmək lazımdır.

Ardı var…

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Write A Comment