Xalq necə müqavimət göstərirdi?

1948-53-cü il deportasiyası Ermənistanda azərbaycanlıların sayının kəskin şəkildə azalması ilə nəticələndi

Azərbaycanlıların tarixi vətənləri olan hazırkı Ermənistan ərazisindən köçürülməsindən 75 il ötür. 1947-ci il SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-ın Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” 754 saylı qərar qəbul edir.

Erməni fitnəsi ilə hazırlanmış qərar nəticəsində minlərlə soydaşımızın ata-baba yurdundan deportasiya edilərək Azərbaycanın aran rayonlarına köçürülür. Hava şərtlərinin dəyişməsi, dağlıq zonalardan qəfil isti aran rayonlarına düşmə və şəraitsizlik nəticəsində ilk illərdə minlərlə insan dünyasını dəyişir.

Bu məkrli sürgün planı nəticəsində Qərbi Azərbaycanın Ağbaba, Cəlaloğlu, Basarkeçər və digər yaşayış yerləri boşaldıldı.

SSRİ Nazirlər Sovetinin məlum qərarı cinayətkar mahiyyətli bir qərar idi. Bu addımın məqsədi Ermənistan ərazisindəki azərbaycanlıların sayını azaltmaq və Azərbaycanın aran rayonlarında yeni işçi qüvvəsi yaratmaq idi.

Qərarda köçürülmənin “könüllülük” prinsipləri əsasında aparılması qeyd olunsa da köçürülmə məcburi olub, yerli əhalinin rəyi, həmçinin əhalinin fiziki və maddi vəziyyəti nəzərə alınmayıb. Üstəlik köçürüldükləri ərazidə yaşayış şəraitinin hazır olmaması, tibbi xidmətin aşağı səviyyədə olması nəticəsində xəstəliklər artıb, ölüm halları çox olub.

Amma azərbaycanlılar köçürülməyə sakit boyun əyməyiblər. Dövrün verdiyi imkanlar daxilində müqavimət göstərilib. Ermənistan Daxili İşlər Naziri X.Qriqoryanın 3 may 1948-ci il tarixdə M.C.Bağırova ünvanlanmış “Köçürməyə dair əhval-ruhiyyə haqqında” məxfi arayışında köçürülməyə qarşı əhalinin gizli və açıq müqavimət formaları qeyd olunur.

  1. Əhali köçürülmənin könüllü olduğuna isnad edərək öz tarixi-etnik torpaqlarını tərk etməkdən boyun qaçırır.
  2. İctimai təsərrüfatlarda çalışmaqdan imtina edir.
  3. Şəxsi əmlakları dağıdır və məhv edir.
  4. Köçürməyə qarşı açıq müqavimət göstərilməsi cəhdləri (Ləmbəlinin timsalında) baş verir.
  5. Köçkünlər qızmar iqlimi olan Kür-Araz ovalığında deyil, Azərbaycanın onlar üçün əlverişli olan dağətəyi rayonlarda məskunlaşmağa cəhd edirlər.
  6. On minlərlə azərbaycanlının köçürmə qanunları ilə deyil, kütləvi, kortəbii şəkildə köçməsi.
  7. Azərbaycanlı rəhbər işçilər köçürülməyə müqavimət göstərir.
  8. Azərbaycanlı köçkünlərin bir qismi yenidən öz yaşayış yerlərinə dönməyə cəhd edir.

Sovet rəhbərliyi köçürülməni Mingəçevir su anbarının istifadəyə verilməsi nəticəsində yaranmış əkinçilik imkanları hesabına aran rayonlarında pambıqçılığın inkişafı ilə “əsaslandırmağa” çalışsa da, hər kəsə aydındır ki, bu, qurama bir “səbəb” idi. Çünki sovet hakimiyyəti normalda yerlərdə əhali arasında etnik müxtəlifliyin yaranmasında maraqlı idi, nəinki monoetnik vəziyyətin yaranmasında. Xüsusən də müsəlmanlar yaşayan ərazilərə bir qayda olaraq digər etnik qruplar köçürülüb.

Digər respublikalardan əhalinin Azərbaycana köçürülməsi sovetlərin milli siyasəti ilə uyğun gəlmirdi. Bu qərarın əsas məqsədi Ermənistanda erməni sayının artması və azərbaycanlıların sayının azalması idi. Çünki nəticə etibarı ilə 20-ci əsrinə əvvəllərində baş verən qırğınlara və köçürülmələrə rəğmən Ermənistan ərazisində azərbaycanlı sayı çox idi, bu da erməniləri narahat edirdi. Çünki qarşıdakı onilliklərdə azərbaycanlıların sayı erməniləri keçə bilərdi. Bu səbəbdən də SSRİ rəhbərliyinin əli ilə daha sadə və amansız yolu seçdilər: Azərbaycanlıları sadəcə Ermənistandan sürgün elədilər.

Nəticədə Azərbaycan kəndlərinin tarixi adları dəyişdirildi, qədim toponimlərin müasir erməni adları ilə əvəzlənməsi prosesi başladı, bir çox tarixi abidələr eləcə də dini ibadətgahlar- məscidlər qəbiristanlıqlar dağıdıldı.

Qərara əsasən deportasiya edilənlər yaşadıqları kolxozun onların payına düşən daşına bilən əmlakını özləri ilə apara bilərdilər. Bu yüklərin yeni yaşayış yerinə daşınmasını dövlət pulsuz təmin etməli idi. Ermənistan ərazisində qalan daşınar əmlakın dəyəri azərbaycanlıların yeni məskunlaşdıqları yerdəki kolxozlara ödənilməli idi. Miqrantlara bəzi müavinətlər, həmçinin ailə başçısı üçün 1000 rubl, ailənin hər bir üzvü üçün isə 300 rubl məbləğində geri qaytarılmayan pul müavinətləri verilib. Ermənistan SSR Nazirlər Soveti köçkünlərin çıxış yerlərindəki evlərinin satılmasında onlara kömək etməyi öhdəsinə götürürdü.

Bu qərara görə, 100 min azərbaycanlı 1948-1950-ci illərdə; 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min nəfər “könüllülük prinsipinə əsasən” Azərbaycana köçürülməli idi. Ancaq köçürülmə prosesi 5 il davam edərək 1953-cü ilə qədər davam etdi.

Qərarın 11-ci maddəsində göstərilirdi ki, Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlıların köçürülməsi ilə bağlı onların boşaltdıqları tikililərdən, yaşayış evlərindən xarici ölkələrdən Ermənistan SSR ərazisinə köçürülən erməniləri yerləşdirmək üçün istifadə etsinlər.

Bu isə köçürülmə planının mahiyyətini tamamilə açıqlayır. Arxiv sənədlərinə əsasən, köçürülmədən sonra, 1959-cu ildə Ermənistan SSR-də bütün əhalinin siyahıya alınmasının nəticələrinə görə azərbaycanlıların sayı 107.7 min nəfər təşkil etmişdir. Sonuncu köçürülmə isə 1988-ci ildə baş verdi və tarixi torpaqlarda yaşayan 200 min azərbaycanlı ev-eşiklərini tərk etməli oldular.

SSRİ dövründə həyata keçirilən deportasiya miqyasına görə dinc dövrdə baş vermiş ən böyük sürgün hadisəsidir. Bu hadisə nəticəsində Ermənistan ərazisində əhalinin təxminən yarısını təşkil edən azərbaycanlıların sayı kəskin şəkildə azalmış, onların evlərinə isə xaricdən köçmüş ermənilər yerləşdirilmişdir. Nəticədə erməni əhalinin sayı azərbaycanlılardan çox olmuşdur. 1988-ci ildə baş verən deportasiya aktından sonra isə Ermənistan monoetnik ölkəyə çevrilmiş, azərbaycanlıların tarixi yurdları ilə bağları tamamilə qoparılmışdır.

Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Kənan Rövşənoğlu

Write A Comment