RKP (b) Qafqaz Bürosu Plenumunun DQMV-nin yaradılması haqqında 1921-ci il 5 iyul tarixli qərarı yalnız 2 ildən sonra həyata keçirilmişdi.

1923-cü il iyulun 7-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi “Dağlıq Qarabağın Muxtar Vilayətinin yaradılması haqqında” dekret verdi.

Fərmanın preambulasından belə çıxır ki, 1905-1906, 1918-1920-ci illərdə Qarabağda və Cənubi Qafqazın digər yerlərində baş vermiş qanlı hadisələr Dağlıq Qarabağ ermənilərinə muxtariyyət verilməsinin zəruriliyini əsaslandırmaq üçün əsas arqument olmuşdur.

Lakin məlumdur ki, bu hadisələr zamanı ermənilərdən çox azərbaycanlılar əziyyət çəkib və bu məntiqlə yanaşsaq, Ermənistan SSR-in azərbaycanlı əhalisinə də muxtariyyət verilməli idi.

Sənəddən o da aydın olur ki, ermənilər bütün Dağlıq Qarabağda deyil, onun yalnız müəyyən hissəsində yaşayırdılar, ona görə də 1923-cü il fərmanına əsasən, 5 iyul 1921-ci il tarixli qərardan fərqli olaraq, muxtariyyət Dağlıq Qarabağın bütün ərazisində deyil, yalnız onun erməni əhalisinin yaşadığı hissələrində yaradılmalı idi.

Digər tərəfdən, ermənilər Dağlıq Qarabağda kompakt yaşamayıblar, ona görə də gələcək muxtariyyətin etnik sərhədlərini müəyyən etmək asan olmayıb. Beləliklə, Dağlıq Qarabağda gələcək muxtariyyətin sərhədləri süni şəkildə müəyyən edilməli və fərmanın tələblərinə uyğunlaşdırılmalı idi.

Bu məsələ daha bir il çəkdi – 1924-cü ildə DQMV-in sərhədləri haqqında xüsusi əsasnamə qəbul edilənə qədər. Və nəhayət, əgər əvvəlcə Şuşa şəhərinin Dağlıq Qarabağın gələcək muxtariyyətinin mərkəzinə çevrilməsi qərara alınmışdısa, o zaman 1923-cü il iyulun 7-də verilən fərmanla mərkəz Xankəndiyə köçürüldü. Bu şəhər əzəli Azərbaycan şəhəri olsa da, artıq o zamanlar orada çox sayda erməni yaşayırdı.

1936-cı ildə SSRİ Konstitusiyasının qəbulu ilə Dağlıq Qarabağın Muxtar Vilayəti adı dəyişdirilərək Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) adlandırıldı ki, bu da muxtariyyətin mahiyyətini bir çox aspektlər baxımından kökündən dəyişdirdi.

Əgər birinci variantda söhbət yalnız Dağlıq Qarabağın muxtariyyətə ayrılmış bir hissəsindən gedirdisə, yeni variantda region kimi bütün Dağlıq Qarabağ nəzərdə tutulurdu.

Bu kontekstdə bir məqamı da qeyd etmək lazımdır: SSRİ-nin tərkibində olan bütün ittifaq və muxtar respublikaların, muxtar vilayətlərin və muxtar rayonların rəsmi adlarında titul etnonimi var idisə, Azərbaycan SSR tərkibində yaradılmış “DQMV” bu baxımdan yeganə istisna oldu, yəni onun adında muxtariyyət verilən etnik qrupa heç bir işarə yoxdur.

https://karabakh.center

Write A Comment