İslam dininin ən maraqlı təriqətlərindən biri olan ələvilik Türkiyə, İran, Albaniya və Bulqarıstanda daha çox yayılmışdır. Türkiyə əhalisinin təxminən 5 faizi bu təriqətə etiqad edir.

Amma başqa bir ehtimala görə, bugün Türkiyədə 20 milyona yaxın ələvi yaşayır. Ələvilər öz dini ayinlərini cəm evlərində icra edirlər.

Qədim xürrəmilikdə olduğu kimi ələvilikdə də kişi və qadın eyni hüquqlara malikdir. Ailə institutu möhkəmdir. Ələvi kişiləri və qadınları ibadətləri adətən bir yerdə yerinə yetirirlər. Ələvi inancının əsasını Allaha, Muhəmməd Peyğəmbərə və onun Əhli-Beytinə məhəbbət təşkil edir. Ələvilər İmam Əlini və İmam Hüseyni çox sevirlər.

Ələviliyin təməl prinsipləri ondan xəbər verir ki, bu təriqətin ulu ozanları öz dövrlərini, yəni orta əsrləri çox-çox qabaqlamışdılar:

1. İnsana, insan həyatına məhəbbət və hörmət;

2. Milli və dini mənsubiyyətindən asılı olmayaraq başqa icmalara sayğı;

3. Zəhmətə, əməyə ehtiram.

Ələvilər yeddi ozanı ulu və müqəddəs sayırlar. Yeddi ulu ozanın hər bir həm də dahi filosof, alim, ruhani və gözəl şair idi. Onların əbədiyaşar sözləri ruhumuzu qidalandırır, bizi maddi aləmdən, həyatın yeknəsəkliyindən uzaqlaşdırır, düşünməyə sövq edir…

📜 Seyid İmadəddin Nəsimi (1369–1417) – Azərbaycan şairi:

Mən qulami xanədanam, padişahımdı Əli,

Ehtiyacım var ona püşdü-pənahımdı Əli,

Könlümü qıldı münəvvər, mehrimanımdı Əli,

Qibləgahımdır Muhəmməd, səcdəgahımdır Əli.

Gəldilər həqdən bəyanə sirri ağaz etdilər,

Sözləri ilə bu cahan mülkinə pərvaz etdilər,

Həmdülillah biz gədanı məhrəmi raz etdilər,

Qibləgahımdır Muhəmməd, səcdəgahımdır Əli.

📜 Mehmet Fazil oğlu Yəmini (XV–XVI əsrlər) – Türkiyə şairi:

Dedilər ki, kəramət kanı Heydər,

Dayanmaz dərdimin dərrnanı Heydər,

Qamu möminlərin qəlbində mehrin,

Olubdur dini, həm imanı Heydər,

Haqqın qüdrəti səndə ayandır,

Vilayət mülkünün sultanı Heydər,

İmamul Muttəqinsin bəlli bayık,

Ərənlər mərdinin mərdanı Heydər,

📜 Muhəmməd Füzuli (1494–1556) – Azərbaycan şairi:

Əzbər olmuşdur dilimdə şanlı namın, ya Əli!

Mən kiməm, aləmdə bir kəmtər qulamın, ya Əli!

Şükr ola Allahə kim sayə salıbdır başimə,

Dövləti-iqbal ilə lütfi-müdamın, ya Əli!

Müshəfi-həqdə olan hər hikmətin mənasıdır,

Hikmətin kani olan hər bir kəlamın, ya Əli!

Kim nəcat istər Qiyamətdə, gərəkdir saxlaya,

Taəti-həqq tək həmişə ehtiramın, ya Əli!

📜 Şah İsmayıl Səfəvi (1497–1524) – Azərbaycan şairi:

Ya Əli, canım sənə olsun fəda,

Qulkəfadır şəninə həqqdən nida.

Bu Xətai könlünə qıldın nüzul,

Mərhəba, ey şahi-aləm, mərhəba.

Mustafa fəxri-cəhan, sən həmdəmi,

Zatunuz həm ləhmi anın həmdəmi.

Ey Xətai, bil Əlidir, biguman,

Qabi-qövseynin rumuzi məhrəmi.

📜 Pir Sultan Abdal (1480–1550) – Türkiyə şairi:

Çəkə-çəkə bən bu dərddən ölürüm,

Sevirsən Əliyi dəymə yarəmə,

Əlinin yoluna sərim (başımı) veririm,

Sevirsən Əliyi dəymə yarəmə,

Əlinin yarəsi yar yarəsidir,

Buna mərhəm olmaz dil yarəsidir,

Əliyi sevməyən Haqqın nəsidir,

Sevirsən Əliyi dəymə yarəmə.

📜 Qul Hümmət (XVI əsr) – Türkiyə şairi.

Şu bənim sevdiyim Muhəmməd Əli,

Qumru dost-dost deyü ötən Əlidir,

Sakınan, çağıran məhrummu qalır,

Şu səfillər carına yetən Əlidir,

Əlim tutdu Zülfiqarın sapını,

Döndürdi kafirin dinə həpini,

Məğribdə atdı qüdrət topunu,

Məşriqdə uzadib tutan Əlidir,

📜 Virani (XVI–XVII əsrlər) – Türkiyə şairi.

Gəl dilbər ağlatma bəni Şahi Mərdan eşqinə,

Du (iki) cihanın rəhnümasi Şiri Yəzdan eşqinə,

Şahım Həsən Pir Huseyn Kərbəla meydan için,

Lütf edib bağışla cürmüm Əli subhan eşqinə,

İmam Zeynəl Abidinin abına yundun isə,

Arayıb kəndi özündə Bagiri buldun isə,

Cəddin övladı Muhəmməd Cəfəri bildin isə,

Rəhmə gəl ol Şahi Mərdan Əli imran eşqinə.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhril

Write A Comment