Nadir şahın dini islahatlarını Şimali Azərbaycanda uğurla həyata keçirən – Axund Məhəmmədəli Hüseynzadə

Səfəvilər dövründə formalaşan və Qacarlar dövründə bütün dini nəzarət mexanizmini ələ keçirən mollalardan fərqli olaraq, Azərbaycan formalaşamağa başlayan yeni dini icma ilə Nadir şah Əfşarın din siyasətini davam etdirdi. “Azərbaycan İslamı” ilə Pəhləvilər dövründə formalaşan “İran İslamı” arasındakı başlıca fərq tam da bu tarixdə yarandı.

1736-cı ildə Muğan qurultayında özünü şah elan edən Nadir, ölkədəki siyasi-ictimai böhranı həll edərkən, digər tərəfdən də İslam məzhəbləri arasındakı ziddiyyətləri aradan qaldırmaq üçün 1743-cü ildə Nəcəfdə dini qurultay təşkil etdi.

Qurultay, Nadir şahın əmri ilə “məzhəblər arasındakı ixtilafların sona çatdırılması”nı və bu məqsədlə qurultaya Osmanlı alimlərindən birinin rəhbərlik etməsini əsas alırdı. Buna əsaslanaraq, Əurultərəkət Abdullah Əfəndi ibn Hüseyn əl-Bağdadi adlı Osmanlı üləmasından bir alimin rəhbərliyində İraq, Azərbaycan, Fars, Türkistan din adamları və alimlərinin iştirakı ilə qurultay gerçəkləşdi. Qurultayın sonunda Nadirin təzyiqi ilə tərəflər arasında “İslamda beş haqq məzhəbin olduğu haqqında” razılıq əldə olundu.

Digər tərəfdən, Nadir şah radikal mollaların təsirini azaltmaq üçün türk, xüsusilə də, Azərbaycan tələbələrini Bağdadda “ilahiyyat-tarix” təhsili almağa istiqamətləndirdi. Həmin mədrəsəni oxuyub qurtaran din adamlarına Gəncə və Salyanda axundluq etmək icazəsi verildi. Lakin Nadir şahın vəfatından sonra onun dini siyasəti səmərəsiz oldu. Bağdadda ilahiyyat-tarix təhsili alan Axund Məhəmmədəli Hüseynzadə radikal mollaların təsirini azaltmaq məqsədi ilə Rusiya işğalından yararlanıb Nadir şahın dini islahatlarını Şimali Azərbaycanda uğurla həyata keçirdi.

1812-ci ildə Azərbaycan müsəlmanları tərəfindən qeyri-rəsmi şeyxülislam elan edilən Axund Məhəmmədəli 1823-cü ildə Zaqafqaziya müsəlmanlarının dini rəhbəri oldu. Bu xətt, müasir “Azərbaycan İslamı” modelinin yaranmasına yol açdı.

📜 Xəttin başlıca məqsədləri bunlar idi:

– Nadir şah tərəfindən əldə edilən şiə və sünni məzhəbli müsəlmanlar arasındakı birliyi qorumaq və inkişaf etdirmək;

– Rusiya imperiyasının tərkibində yerləşən Volqa-Ural, Krım, Türkistan, Qafqaz müsəlmanları arasında dini, elmi və mədəni əlaqələrin yaradılmasına çalışmaq;

– Osmanlı və Qacar ölkəsindəki milli-dini qüvvələrlə əlaqələr qurmaq;

– Müsəlman-türk kimliyinin yaradılmasına çalışaraq birləşdirici “müsəlmançılıq” kimliyindən çıxış etmək;

– Türk dilində dini təhsil sistemi yaratmaq;

– Müasir elmlərdən və texnoloji nailiyyətlərdən istifadə edərək müsəlmanların maariflənməsinə (cədidçilik) cəhd etmək.

(Ardı var)

Əkbər Nəcəf, Azərbaycan tarix Metafizikası 113-115-ci səhifələr. “Azərbaycan – Milli Kimliyin Tarixi Məsələləri” (məqalələr toplusu)

Write A Comment