Görkəmli ədibi niyə həbs etmişdilər?

Azərbaycan klassik ədəbiyyatının əvəzolunmaz nümayəndəsi, dahi ədib Hüseyn Molla Abdulla oğlu Rasizadə 24 oktyabr 1882-ci ildə Naxçıvanda anadan olmuşdur.

O, əvvəlcə Naxçıvan şəhərindəki mollaxanada oxuyub ərəb-fars dillərini öyrənmiş, Şərq tarixi və ədəbiyyatına dair ilkin biliklər əldə etmişdir. Sonra Naxçıvanda açılan yeni tipli “Tərbiyə” məktəbində oxuyan Hüseyn Cavid burada dünyəvi elmlərə yiyələnmiş, bu məktəbin müdiri və müəllimi, tanınmış maarifçi şair Məhəmməd Tağı Sidqinin təsirilə “Gülçin” təxəllüsü ilə ilk şeirlərini yazmağa başlamışdır.

Gənc Cavid 1898-1903-cü illər ərzində Cənubi Azərbaycanın Təbriz və Urmiya şəhərlərində yaşamış, Təbrizdəki “Talibiyyə” məktəbində təhsilini davam etdirib biliklərini möhkəmləndirmişdir. Cavidin həyatında və dünyagörüşünün inkişafında İstanbul Universitetində 1906-1909-cu illərdə keçən tələbəlik illəri mühüm mərhələ təşkil edir.

Bu ali təhsil ocağında Türkiyənin tanınmış alimlərindən dərs alan Cavid eyni zamanda Rza Tofiq, Tofiq Fikrət kimi görkəmli şairlərin əsərlərindən faydalanmışdır. Hələ 1903-cü ildən “Şərqi- Rus” qəzetində ara-sıra məqalələrlə çıxış edən Cavidin İstanbulda tələbə ikən “İrşad” qəzetində “Növhə”, “Füyuzat” dərgisində isə “Bir ahiməzlumanə” adlı şeirləri çap olunmuşdur.

İstanbul Universitetini bitirdikdən sonra 1909-1910-cu illərdə Naxçıvanda müəllimliklə məşğul olan cavan ziyalı həyati müşahidələrini genişləndirmiş, bir sıra şeirlərini, “Ana” pyesini yazmışdır. 1911-ci ildən Tiflisə gedən Hüseyn Cavid 1917-ci ilə qədər burada yaşamış, ədəbi-pedaqoji fəaliyyətini davam etdirmişdir. Bu müddət ərzində o, “Maral” (1912), “Şeyx Sənan” (1914), “Şeyda” (1916) pyeslərini qələmə almış, “Keçmiş günlər” adlı ilk şeir kitabı (1913) Tiflisdəki “Şərq” mətbəəsində çap edilmişdir.

1918-1919-cu illərdə Naxçıvandakı “Rüşdiyyə” məktəbində dərs demişdir. Mişkinaz xanımla 1918-ci ildə ailə həyatı qurmuşdur. Ədib Naxçıvanda yaradılmış Araz-Türk Respublikasının tədbirlərinə rəğbət bəsləmiş, Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin ədəbi birliyi olan “Yaşıl qələm” dərnəyinin üzvü kimi fəaliyyət göstərmiş, ədəbiyyat aləmində parlamışdır. “Bahar şəbnəmləri” adlı şeirlər kitabının çapdan çıxması (1918), “İblis” (1918) və “Uçurum” (1919) dramlarınm yazılması və xüsusən “İblis” pyesinin uğurla tamaşaya qoyulması Cavidin ədəbi şöhrətini daha da artırmışdır.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Hüseyn Cavid müəllim kimi fəaliyyət göstərib, Müəllimlər İnstitutunda və Bakı Teatr Texnikumunda dərs deyib. Bir-birinin ardınca yazılmış əsərləri – “Azər” poeması (1928), “Afət” (1922), “Peyğəmbər” (1923), “Topal Teymur” (1925), “Knyaz” (1929), “Səyavuş” (1933), “Xəyyam” (1935), “İblisin intiqamı” (1936) pyesləri və dram əsərlərinin müvəffəqiyyətlə tamaşaya qoyulması görkəmli sənətkara böyük şöhrət qazandırıb.

Bakıda təşkil olunmuş “Hüseyn Cavid axşamı” (1922), dövlət tərəfindən müalicə olunmaq üçün Almaniyaya göndərilməsi (1926), ona fərdi təqaüd müəyyən olunması (1927), əsərlərinin Azərbaycanla yanaşı Zaqafqaziya və Orta Asiya teatrlarında böyük uğurla səhnəyə çıxarılması, kitablarının nəşri ədibin nüfuzunu artırmaqla bərabər, sənətinə və şəxsiyyətinə paxıllıqla yanaşanların da meydana çıxmasına rəvac verib.

Nəticədə 1931-ci ildən etibarən dövri mətbuatda haqqında tənqidi ruhlu məqalələr görünməyə başlayıb, əsərlərinə qurulmuş ədəbi məhkəmələrdə, 1934-cü ildən üzvü olduğu Azərbaycan Yazıçılar İttifaqının yığıncaqlarında o “burjua yazıçısı”, yaxud “müasir həyatı əks etdirməyən” sənətkar kimi damğalanmaya başlayıb.

Bütün bunların nəticəsində Hüseyn Cavid 1937-ci ilin iyun ayında günahsız yerə həbs olunaraq, “Gizli millətçi əksinqilabi təşkilata” üzv olması ittihamı ilə səkkiz illik həbs cəzasına məhkum edilib.

Qocaman ədib 1938-1940-cı illərdə keçmiş SSRİ ərazisindəki ən uzaq və soyuq həbs düşərgəsi olan Maqadan şəhərində cəza çəkib. 5 dekabr 1941-ci ildə Sibirdəki Tayşet rayonunun Şevçenko qəsəbəsində həbsdə ikən vəfat edib.

Hüseyn Cavidə 6 mart 1956-cı ildə bəraət verilib.

Görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və köməyi ilə Cavidin cənazəsi 1982-ci ildə Sibirdən vətənə gətirilərək Naxçıvanda torpağa tapşırılıb.

Kənan Rövşənoğlu

Write A Comment