Xınalıq məscidi üzərindəki runik yazılar?

Qubanın İslam dininə bağlılığından xəbər verən ən qədim məkanlar Əbu Müslim məscidləridir. Bu məscidlər dövrümüzə qədər tam şəkildə gəlib çatmasalar da, Qubanın ən qədim məscidlərindən sayılır, o cümlədən eyni dövrdə tikilmiş Şamaxıdakı Cümə məscidi ilə birlikdə Azərbaycan Respublikasının ərazisindəki ən qədim məscidlər sırasındadırlar.

Bəs Əbu Müslim kimdir?

Bəzi mənbələrdə 700, bəzi mənbələrdə isə 718-ci ildə tarixi Xorasan bölgəsinin Bəlx (indiki Əfqanıstan) və ya Mərv şəhərində (indiki Türkmənistan) anadan olduğu qeyd edilən Əbu Müslimin Əməvilər xilafətinin xəlifəsi əl-Validin qardaşı olduğu bildirilir. Abbasilər xilafətinin banisi Abbasın da məşhur sərkərdəsi olmuş Əbu Müslim əl-Xorasani VIII əsrdə Şirvanı və Dağıstanı ələ keçirərək İslamı yaymış, Azərbaycanın hakimi olmuşdur.

Ehtimal olunur ki, Qafqaz xalqlarının bəzilərinin İslamı qəbul etməsi məhz onun adı ilə bağlıdır. Çox güman, ceklilər, qrızlılar və xınalıqlılar, həmçinin digər Şahdağ xalqları – buduqlular, əliklilər, haputlular və yergüclülər də məhz Əbu Müslimin zamanında İslam dinini qəbul etmişlər. Əbu Müslimin bu məscidləri tikdirməsinin əsas səbəbi də yerli əhali arasında İslam dinini yaymaq olmuşdur.

Bəzi mənbələrdə Əbu Müslim əl-Xorasaninin həm də Xürrəmilər hərəkatının görkəmli rəhbəri Babəkin babası olduğu qeyd edilir. Belə ki, əd-Dinəvəriyə görə, Babəkin soyu Əbu Müslimin qızı Fatimənin oğlu Mutahhara gedib çıxır. Mənbələrdə söylənilənlərə əsasən belə bir nəticəyə gəlmək olar ki, Babək və tərəfdarları öz ideya və görüşləri baxımından Əbu Müslim üsyanının davamçıları idilər.

Lakin bəzi mənbələrdə iddia olunur ki, müvafiq məscidlər Əbu Müslim əl-Xorasaninin adı ilə bağlı deyil. Hətta həmin məscidlərin VIII əsrdə deyil, daha əvvəl – VII əsrdə tikilməsi barədə məlumatlar var. Qeyd edilir ki, bölgə xalqı tərəfindən şeyx hesab edilən Əbu Müslim Xorasandan deyil, başqa Əbu Müslimdir və onun həyatı, şəxsiyyəti haqqında demək olar ki, ətraflı məlumat dövrümüzə gəlib çatmamışdır. Ancaq həmin mənbələrdən o da anlaşılır ki, ilk dəfə İslam dinini Qafqazda yaymağa çalışaraq, bu işdə müvəffəqiyyətli olan şəxs məhz Əbu Müslim adlı müsəlman olmuşdur. Həmçinin onun döyüşçü deyil, İslam dinini yayan mürşid olduğu vurğulanır.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu haqqındakı məlumatda başqa bir Əbu Müslimdən, daha doğrusu, Abu Müslümdən bəhs olunur.

Belə ki, VIII əsrdə xınalıqlılar Dərbənd hakiminin qardaşı Abu Müslüm vasitəsilə İslam dinini qəbul ediblər. Xınalıqda ən qədim məscid də elə Abu Müslümün tapşırığına əsasən tikilib.

Maraqlıdır ki, arxitektura cəhətdən, həm də tərtibat elementlərinə görə bu inanc yerləri ənənəvi məscidlərdən fərqlidir və özlərində islamaqədərki qədim inancların da elementlərini daşıyırlar. Bu məscidlərin hər üçü bir-birinin bənzəri olaraq, eyni arxitektur quruluşa malik olub, hamısı kəndlərin əsasən ən hündür yerində və günçıxan tərəfdə tikilib.

Məlumdur ki, Qafqaz Albaniyası dövründə albanlar da qədim Ay və Günəş məbədlərini yüksəkliklərdə, dağın təpəsində inşa edirdilər. Müvafiq kəndlərdə ən erkən islami ibadət yeri sayılan bu məscidlərin ərazisində geniş və ardıcıl surətdə elmi-arxeoloji və memarlıq tədqiqatlarının aparılması əhəmiyyətli olardı. Əgər onlar tədqiq edilərsə, Azərbaycanda İslam memarlığının, eyni zamanda milli memarlığımızın bir sıra nüansları üzə çıxarıla bilər. Tarixin sınaqlarından dəfələrlə üzüağ çıxmış bu məscidlər, təəssüf ki, Sovet hakimiyyəti dövründə təyinatı üzrə istifadə olunmamış, ya dağıdılmış, ya da baxımsız vəziyyətə düşmüşlər.

Cek kəndindəki Əbu Müslim məscidi

Cek kəndindəki eyniadlı məscid Sovet hakimiyyəti illərində dağıdılmışdı. Məscidin dağıdılma tarixi bizə tam bəlli deyil. Ancaq Cek kəndində məktəb binasının 1928-ci ildə tikildiyi bizə məlum olduğu üçün çox güman, məscid də ya həmin il, ya da bir qədər əvvəl dağıdılmışdır. Lakin elə Sovet hakimiyyətinin son illərində – daha dəqiq desək, 1988-ci ildə kənd ağsaqqallarından biri Şıxəli Muradovun təşəbbüsü və kənd sakinlərinin köməkliyi ilə məscid qismən bərpa edilmişdir. Təəssüf ki, maddi çətinliklər üzündən onun inşası hələ də lazımı səviyyədə tamamlanmamışdır.

Bir sıra mülahizələrə əsasən, İslamdan əvvəl bu məscidin ərazisində ceklilərin sitayiş etdikləri qədim dinlərə aid başqa məbəd olub. Onun tikilmə tarixinin bizim eradan əvvəlki dövrlərə aid olduğu ehtimal edilir. İslamdan əvvəl onun müxtəlif vaxtlarda həm atəşpərəstlərin, həm də Aya sitayiş edənlərin məbədi olması barədə də iddialar var.

Sıldırım qayaların üzərində inşa edilmiş bu tikilinin üzərində olan ornamentlərdə Qafqaz Albaniyası xalqlarının hələ Xristianlıqdan öncə tapındıqları Ay və Günəş kultuna aid sakral işarələrə rast gəlinir. Bizə o da məlumdur ki, ceklilər qədimdə Qoq adlı tanrıya sitayiş ediblər. Bəlkə də Əbu Müslim məscidinin tikildiyi yerdə qədim zamanlarda Tanrı Qoqa sitayiş edənlərin məbədi olub…

Qrız kəndindəki Əbu Müslim məscidi

Qrız kəndindəki eyniadlı məscidin mövcud vəziyyəti isə daha ağırdır. Ciddi dağıntılara məruz qalaraq məhv olmaq təhlükəsi ilə üzləşən Əbu Müslim məscidi hazırda istifadəyə tamamilə yararsız vəziyyətdədir. Məscidin qalıqları arasında divarları, mehrabı, kitabələri, üzərində yazılar və müxtəlif formalı naxışlar olan qədim tarixə malik bəzi ağac sütunlar dövrümüzə qədər dağınıq formada da olsa, gəlib çatmışdır. Bir versiyaya görə, ağac sütunların üzərindəki simvolların anlamı “Xilafətin doğurduğu günəş” mənasındadır.

Xınalıq kəndindəki Əbu Müslim məscidi

Xınalıq kəndindəki eyniadlı məscid isə digər iki məscidlə – Cek və Qrız kəndlərindəki Əbu Müslim məscidləri ilə müqayisədə daha şanslı hesab edilə bilər. Belə ki, kənd sakinləri SSRİ dövründə qış fəsli üçün yığdıqları azuqələrini bu məsciddə topalayıb saxlayaraq, ondan anbar kimi istifadə etmiş, nəticədə də onun dağıdılmasının qarşısını almışlar. Sovet hakimiyyətinin son illərində isə yerli əhali tərəfindən məscid əvvəlki halına gətirilmiş, təyinatı üzrə istifadə edilmişdir. 2012-2013-cü illərdə Azərbaycan dövləti tərəfindən bərpa-konservasiya işləri həyata keçirilərək, məscid əsaslı şəkildə təmir olunmuşdur. Əbu Müslim məscidi hazırda kəndin əsas cümə məscididir.

Məscidin girişində, sağ tərəfdə 2 metr yüksəklikdə yerləşən iki müxtəlif daş üzərində Avropanın və Şərqi Asiyanın qədim yazı növü olan “runa” yazıları həkk olunub. Məscidin içərisində iki böyük sütun yerləşir. Məscidin ağac sütunları oyma üsulu ilə müxtəlif formalı nəbati motivlər və göl təsvirləri ilə bəzədilib. Alimlərin fikrincə, bu sütunların tarixi məscidin tarixindən də qədimdir. Sütunlardakı yazıların hətta İslamdan əvvəlki dövrə aid olduğu, təqribən III-VIII əsrlər arasında yazıldığı ehtimal olunur.

Bu yazıların tərcüməsi bizə tam bəlli olmasa da, bəzi versiyalara görə, təxminən “günəşin doğması” və yaxud “yeni tarixin başlanması” mənasını daşıyır. Bəzi xınalıqlıların dediklərinə görə, Əbu Müslim məscidi bu kənddə tikilməmişdən əvvəl həmin yerdə dünyanın ən qədim etiqadlarından biri olan Zərdüştilik məbədi olub ki, onun da tarixi eradan əvvələ aid edilir. Bu məscidin içərisindəki tacşəkilli qədim taxta sütunların üzərində olan günəş rəmzlərinin təsvirləri də buranın vaxtilə Günəş məbədi olması fikrini gücləndirir.

İstinad: tarkhanpashazade.blogspot

Write A Comment