“Bəhlul əfəndi Zəngəzurun sünni kəndlərini gəzib insanları İmam Hüseynə matəm saxlamağa çağırırdı.”

Hər il hüzünlü məhərrəm ayı daxil olan kimi müəyyən şəxs və qruplar Azərbaycan xalqının ünvanına standart ittihamlar səsləndirməyə başlayırlar. O cümlədən belə bir iddia da irəli sürürlər ki, guya Aşura mərasimi yalnız konkret bir məzhəbə aiddir.

Bu fikrin kökündən yanlış olduğu hər bir bilikli və gözüaçıq azərbaycanlıya gün kimi aydındır. Bugün də Azərbaycanda keçirilən Aşura ayinlərində hər iki məzhəbdən olan vətəndaşlar iştirak edirlər. Onu da vurğulamalıyıq ki, bu, tarixən belə olub.

Azərbaycan xalqının dini və milli dəyərlərə bağlılığını, tolerantlığını, böyük dövlətçilik tarixinə malik bir millət kimi cılız hisslərdən və davranış tərzindən uzaq olduğunu göstərən çoxlu misal çəkə bilərik. Bu gün onlardan biri üzərində dayanacağıq.

1920-ci il aprelin 28-də Rusiya Azərbaycanı yenidən işğal etdi. Amansız repressiya dalğaları, qırmızı terror, talanlar ölkəni bürüdü. Minlərlə ziyalı, din xadimi, hərbçi, sadə şəhərli və kəndli sorğu-sualsız güllələndi, qaranlıq və soyuq zindanlara atıldı.

Belə bir ağır və ümidsiz vəziyyətdə Azərbaycanın vətənpərvər və cəsur övladları yadellilərə qarşı silahlı mübarizəyə qalxdılar. Onlardan biri də 1869-cu ildə indiki Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuş Bəhlul əfəndi Mustafa əfəndi oğlu Əfəndiyev idi.

Bəhlul Behçət əfəndi nüfuzlu ruhani, gözəl folklorşünas, istedadlı tarixçi və yazıçı olmuşdur. Cümhuriyyət dövründə o, Zəngəzur qəzasının qazisi vəzifəsində çalışmışdı. Bəhlul əfəndi dini təhsilini Osmanlı imperiyasında almışdı. O, İslamın əhli-sünnə yoluna etiqad edirdi.

Bəhlul əfəndi haqqında ən maraqlı məlumatı onunla mübarizə aparmış bolşevik Nəzər Heydərov (1896-1968) özünün «В горах Зангезура» adlı əsərinin 165–188-ci səhifələrində vermişdir:

“1921-ci ilin sonlarından etibarən özü də sünni olan Bəhlul əfəndi Zəngəzurun sünni kəndlərini gəzib insanları İmam Hüseynə matəm saxlamağa çağırırdı. O, deyirdi: Kim məhərrəm ayında Kərbəla şəhidləri üçün göz yaşı axıdacaqsa, həmin şəxsin son məkanı yəqin ki, Cənnət olacaq. Çünki Məşhər günü onun üçün şəfaəti İmam özü istəyəcək.

Bəhlul əfəndinin dəvəti Qubadlının sünni kəndlərində qəbul edildi. 1922-ci ilin payızında bu kəndlərin hamısında hər gün əzadarlıq mərasimləri keçirilir, kəndlilər sinə vurub mərsiyələr deyirdilər.

Aşura günü sünni azərbaycanlılar iki cərgədə düzülmüşdülər. Birinci cərgə addımlayaraq Şah Hüseyn, ikinci cərgə isə Vay Hüseyn deyirdi. Sonra birinci cərgə uca səslə Heydər, ikinci cərgə isə Səftər adlarını çəkdi. Ardınca birinci cərgədəki sünnilər başlarına xəncər və qılınclarla zərbələr endirdilər. Sonra şəbih mərasimi başlandı.

Zəngəzur qəzasının Dağ-Tumas, Sirik, Qazanzəmi, Maşanlı, Xanlıq, Çay-Tumas, Əfəndilər kəndlərinin əhalisi Bəhlul əfəndinin ətrafında birləşmişdi. 1922-ci il oktayabrın 18-də Bəhlul əfəndi bu kəndlərdən olan mücahidlərin qarşısında çıxış etdi.

O, müraciətini kəlmeyi-şəhadət formulunu ifadə etməklə bitirdi: Əşhədu ən lə iləhə illəllah, əşhədu ənnə Muhəmmədən Rəsul Allah, əşhədu ənna Əliyyən vəliyullah. Döyüşçülər bu sözləri Bəhlul Əfəndinin ardınca təkrar etdilər”.

Zəhgəzurun sünni kəndlərinin sovet hökumətinə qarşı silahlı üsyanı belə başlandı. Üsyançılar qəzanın mərkəzini ələ keçirib xainləri cəzalandırdılar. Lakin qüvvələr qeyri-bərabər idi. Bolşeviklər özlərinin erməni dostlarını köməyə çağırdılar. Bir neçə gündən sonra üsyançıların üstünə rus ordusunun hissələri də göndərildi.

Rusların, ermənilərin və yerli manqurtların silah-sursat və canlı qüvvə baxımından böyük üstünlüyə malik birləşmələrinə inadlı müqavimət göstərən üsyançılar geri çəkilməyə məcbur oldular. Döyüşlərdən birində mücahidlərin hərbi komandiri igid Təhməz ağır yaralandı.

Satqınlardan biri Təhməzin artıq şəhid olduğunu güman edərək ona yaxınlaşdı və qəhrəman döyüşçünü təpikləyib təhqir etmək istədi. Təhməz son nəfəsində özünü toparlayıb bu yaramazı Cəhənnəmə vasil etdi.

Bolşeviklərlə mücahidlər arasında son şiddətli döyüş Maşanlı və Qazanzəmi kəndləri ətrafında oldu və bir neçə saat davam etdi. Yüksəkliklər düşmənin əlinə keçdikdən sonra üsyançılar İran sərhədinə doğru geri çəkilməyə başladılar.

Qırmızıların mühasirəsini yaran azərbaycanlılar başda Bəhlul əfəndi olmaqla İran ərazisinə daxil oldular. Lakin vətən həsrəti çəkən Bəhlul əfəndi 1923-cü ilin payızında Qubadlıya qayıtdı. Bolşeviklər bundan xəbər tutan kimi onu həbs etdilər.

10 il dustaq həyatı yaşadıqdan sonra azadlığa çıxan Bəhlul əfəndi 3 il “Azərnəşr”də, ardınca isə Elmlər Akademiyasının Azərbaycan filialının ədəbiyyat sektorunda çalışdı. 1937-ci ilin avqustunda o, yenidən həbs olundu. 1938-ci il martın 15-də saxta ittihamlar əsasında güllələndi.

20 il sonra Azərbaycan SSR Ali Məhkəməsinin 5 noyabr 1958-ci il tarixli qərarı ilə Bəhlul əfəndi Behçətə bəraət verildi.

Allah Bəhlul əfəndiyə və Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olmuş hər bir insana rəhmət eləsin.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Write A Comment