Xəlvətilik təriqətinin Azərbaycan sərhədlərindən kənara çıxaraq sözün həqiqi mənasında böyük bir təriqətə çevrilməsi 15-ci əsrdə yaşamış Seyid Yəhya Bakuvunun adı ilə bağlıdır.

Seyid Yəhya Cəmaləddin Seyid Bəhaəddin oğlu Bakuvi Şirvani (təqr. 1410 – bəzi mənbələrdə 1403 – Şamaxı, ölümü, təqr. 1462-ci il (bəzi mənbələrdə 1466-cı il) Bakı) dahi Azərbaycan mütəfəkkiri, ilahiyyatçı filosofdur.

Xəlvəti təriqəti Yəhya Bakuvinin zamanında daha da böyüyərək Azərbaycandan bütün İslam aləminə yayılıb. Bu səbəbdən də ona həm də Pir Ömərdən sonra Ustad Sani, yəni ikinci Ustad ləqəbi qoyulub.
Tam adı əs-Seyid Camaləddin Yəhya ibn əs-Seyid Bəhaəddin əş-Şamaxi əl-Bakuvi olan Seyid Yəhya Şirvanın məşhur ailələrindən olan seyid, İmam Musa ibn Kazımın (ə) nəslindən olan və Şirvanşahlar dövlətində Nəqibül-əşraf vəzifəsini tutan Seyid Bahəddinin ailəsində dünyaya gəlib.

Uşaqlığı Şirvanda keçib, burada Şeyx Sədrəddinin hüzurunda dərs alaraq yetişir. Seyid Yəhya Şeyx Sədrəddinin himməti ilə Xəlvəti yoluna qədəm qoyur. Şeyxin sevimli şagirdi olan Yəhya Bakuvi daha sonra onun qızı ilə ailə qurur və ən yaxınlarından biri olur.

Şeyx Sədrəddin vəfatından sonra təriqətin başına Pirzadə keçir və bundan sonra Seyid Yəhya köçərək Bakıya gəlir və bununla da təkcə öz həyatında deyil, bütünlükdə Xəlvətilik təriqətində yeni səhifə açılır. Seyid Yəhya Bakıda yaxşı qarşılanır. Şirvanşah I Xəlilullah Seyid Yəhyaya hörmətlə yanaşır, onun fəaliyyəti üçün şərait yaradır. Seyid Yəhya “Kəşfül-qülub” əsərini Şirvanşaha ithaf etməsi bu münasibətin nəticəsidir.

Həmçinin Seyid Yəhya bir dəfə müridlərinə uzun ömür nəsib etməsi üçün Allaha dua edərkən “Xəlil bəyə dua edin, çünki mənim ömrüm onun həyatıdır” dediyi bilinir. Şirvanşah I Xəlilullah vəfat etdikdən doqquz ay sonra Seyid Yəhya da vəfat etmişdir.

Seyid Yəhya Bakuvi Bakıda 40 il yaşamış və burada həm Xəlvəti təriqətini inkişaf etdirmiş, həm də dünya mədəniyyət irsinə aid olan əsərlər yazıb.

Bu illər ərzində Bakıda fəaliyyət göstərən xəlvəti təriqətinə məxsus təkkənin mürşidi olub, orada onlarla mənəvi övlad – mürid yetişdirmişdir. Bu müridlər xəlvətilik təriqətini dünyanın dörd bir yanına yaymaq üçün dünyanı qarış-qarış gəzmişlər. Onlardan ən məşhuru Ömər Rövşəni və Yusif Muskuri olmuşdur.

Seyid Yəhyanın günümüzə gəlib çatan əsas əsərlərinin sayı 20-dən çoxdur. Bu əsərləri o, türk, ərəb və fars dillərində qələmə almışdır. “Seyid” imzası ilə fars dilində şeirlər yazıb.

Seyid Yəhya miladi 1466-cı (bəzi mənbələrdə 1462-ci il), hicri 870-ci ilin Ramazan ayında dünyaya gözlərini əbədi yummuşdur. Onun cənazəsi sufi ənənəsinə görə, elə Şirvanşahlar Sarayındakı xəlvətxana kompleksində torpağa tapşırılıb.

Seyid Yəhyanın vəfatından təqribən 40 il sonra isə xəlvətilik Azərbaycandan sonra Osmanlı imperiyası torpaqlarının hər tərəfində Balkan, Orta Asiya, Şimali Afrika, Qafqaz və Anadolunun ən böyük təriqəti kimi iyirmiyə yaxın qola, yüzlərlə təkyə və yüz minlərlə müridə malik olub.

Daha sonralar qol və şöbələrinin sayı qırxı keçib. Həzrəti Əlidən başlayaraq Əbülqahir Sührəverdiyə, ondan İbrahim Gilaniyə və Ömər Xəlvətiyə doğru inkişaf etməklə gələn xəlvətilik təriqəti ən kamil şəklinə Seyid Yəhya Bakuvinin qoyduğu üsullar ilə qovuşub.

Şair, ədib, dövlət adamı, hətta hökmdarlar kimi müxtəlif mərifət və peşə ərbabını sinəsində toplayan 40-dan artıq şöbəsi, minlərlə xəlifə, on minlərə çatan davamçı və sevənləri ilə geniş Osmanlı coğrafiyasına yayılan; Ticaniyyə qolu ilə Sudan Xartum, Tunis, Əlcəzair və Fasa; Gülşəniyyə və Dəmirtaşiyyə qolları ilə Misir, Həbəşistan və Yəmənə; Rövşəniyyə qolu ilə Azərbaycan, İran, Türkmənistan, Əfqanıstan və Hindistana digər saysız qol və şöbələri ilə bütün Anadolu və Balkan yarımadasına yayılan Xəlvətilik təriqətinin türk cəmiyyəti və türk insanı üzərində dərin izləri mövcuddur.

Hazırladı: Kənan Rövşənoğlu

Write A Comment