Tariximizə imperialist düşüncə təsirləri!

Azərbaycanda çağdaş tarixin yazılması sovetlər dövrünə təsadüf edir.
Buna görə də, otuz illik müstəqillik tariximiz olmasına baxmayaraq, Azərbaycan tarixçiliyində bərpası çox çətin olan, müasir araşdırmalarda belə izləri birbaşa və ya dolayı şəkildə görünən çatışmazlıqlar hələ də qalmaqdadır.

İmperialist düşüncələrin təsiri ilə yazılmış tarix şübhəsiz ki, obyektiv olmamaqla bərabər, eyni zamanda gerçəkliyi də əks etdirmir. Bu amillər özünü müxtəlif yönlərdə – linqvistik basqı, etnik kökənin dəyişdirilməsi, parçalama ideologiyası, lokal yanaşma, tarixi sıxıcı təqdim etmə və s. formada özünü göstərməkdədir.
Azərbaycanın çağdaş tarixçiliyinin başqa bir problemi isə vahid konsepsiyanın və terminoloji bazanın olmamasıdır. Bu, fərqli yanaşmalardakı qeyri-müəyyənliyi daha dolaşıq duruma salmışdır.

Azərbaycanda tarix yazma ənənəsi eramızın I minilliyinin başlanğıcına təsadüf edir. Bu proses orta çağda davam etsə də, yazılmış əsərləri tam olaraq Azərbaycan tarixi adlandırmaq olmaz.
Azərbaycan coğrafiyasında baş verən tarixi hadisələri təsvir edən ümumiləşdirici əsərlər yazılsa da,, bu əsərləri Azərbaycan tarixi hesab etmək mümkün deyildir.

1920-ci ildə Osmanlı imperiyasında ilk Azərbaycan tarixi nəşr olunsa da, Azərbaycan ərazisində ilk Azərbaycan tarixi 50-70-ci illərdə üç cild formasında çap olundu.
Müstəqilliyimizi əldə etdikdən sonra milli ənənəyə dayanaraq yazılmış ilk Azərbaycan tarixi isə 1996-cı ildə işıq üzü gördü.

Bütün bu saydıqlarımız və burda yer almayan bir çox məqamlar çağdaş Azərbaycan tarixçiliyində özünəməxsus iz buraxmışdır ki, apardığımız araşdırmada bu problemlərə
toxunmaq və çözüm yollarını sərgiləmək əsas məqsədlərdən biridir.

Mənbə: “Azərbaycan – Milli Kimliyin tarixi məsələləri” – Çağdaş Azərbaycan tarixçiliyinin problemləri, Bayram Quliyev.

Write A Comment