Səfəvilər Qumux dövlətinin qarantı kimi.

XVIII əsrin əvvəllərində Qafqazda vəziyyət yenidən dəyişdi. Rusiya Səfəvilər dövlətinin zəifləməsi üçün əlindən gələni edirdi.

Bir məsələni də vurğulamalıyıq ki, o dövrdə Səfəvilər dövlətinin cəza sistemi demək olar ki, işləmirdi.
Bunun əsas səbəblərindən biri o idi ki, Səfəvilərin son şahlarını faktiki olaraq əvvəlki hökmdarlar təyin etməmişdilər.
Məsələn, Şah Süleyman Səfəvi (1648–1694) saray əyanlarına belə bir vəsiyyət etmişdi:

“Əgər dövlətin güclənməsini, müharibə və fəthlər istəyirsinizsə kiçik oğlum Abbas Mirzəni, sülh şəraitində yaşamaq arzusundasınızsa böyük oğlum Hüseyn Mirzəni şah seçin”.

Qeyd etməliyik ki, təkcə Şah Hüseyn Səfəvini (1668–1726) deyil, onun atası Şah Süleyman Səfəvini və ehtimala görə, babası Şah II Abbas Səfəvini (1632–1667) də sarayın xacələr şurası seçmişdi. Bu isə o demək idi ki, Səfəvi şahları mühüm dövlət qərarlarını təkbaşına qəbul edə bilmirdilər.

Sözügedən situasiyanın müsbət tərəfi də vardı: İdarəetmə prosesində cəmiyyətin böyük bir hissəsinin – əsasən oturaq əhalinin, xüsusilə alim, ruhani, tacir, sənətkar və kəndlilərin əksəriyyətinin maraqları daha çox nəzərə alınırdı.

Bəlkə də əvvəlcə əfqanların qiyamı, ardınca Rusiyanın və Osmanlının təcavüzü, sonda isə Nadir şah Əfşarın (1698–1747) həmin şərait üçün labüd diktaturası olmasaydı, müəyyən bir mərhələdə ictimai münasibətlərin demokratikləşməsi prosesi də başlayacaqdı. Amma onu da vurğulamalıyıq ki, tarix “elə olsaydı, belə olardı” fikrini də qəbul etmir.

Göstərilən məsələnin mənfi tərəfi isə o idi ki, dövlətin əsas institutları arasında yenə də balans yaranmamış, hakimiyyət faktiki olaraq “qırğıların” (əsasən qızılbaşlardan olan hərbçilərin və cəza aparatının) əlindən çıxıb “göyərçinlərin” (xacələrin və alimlərin) əlinə keçmişdi. Bu isə o dövr üçün qəbuledilməz bir vəziyyət idi.

Misal 1: Qızılbaşlar 1706-cı ildə əfqan qiyamçılarının ilk lideri Mir Veys xanın (1673–1715) dəstələrini məğlub edib onun özünü əsir götürdülər. Səfəvilərin Əfqanıstan valisi Mir Veys xanı İsfahana göndərdi. Şah Hüseyn Səfəvi təhlükəli qiyamçını edam etdirmək əvəzinə onunla özünün hörmətli qonağı kimi davrandı. 1708-ci ildə isə Mir Veys xanı Həcc ziyarətinə buraxıb oradan da Əfqanıstana qayıtmasına icazə verdi.

Şah Hüseynin belə bir alicənab münasibətinə Mir Veys xanın cavabı nə oldu? O, Hicaza yetişən kimi vaxtı fövtə vermədən Məkkə ruhanilərindən qızılbaşlara qarşı silahlı cihadın vacibliyi barədə yazılı fətva aldı. 1709-cu ilin aprelində gilzaylar (puştu dilinə keçmiş xələc türkləri) Mir Veys xanın rəhbərliyi altında yenidən üsyana qalxdılar. Bir neçə il davam etmiş şiddətli mübarizədən sonra əfqanlar qalib gəldilər.

1722-ci ildə isə Mir Veys xanın oğlu Mir Mahmud xan (1697–1725) İsfahan şəhərini ələ keçirib Səfəvilər imperiyasının varlığına son qoydu. Mir Mahmud xan və onun əmisi oğlu Mir Əşrəf xan (1700–1730) 1725–1726-cı illərdə Şah Hüseyni və Səfəvi şahzadələrinin demək olar ki, hamısını vəhşicəsinə qətlə yetirdilər.

Misal 2: Rus tarixçisi və “məxfi dövlət müşaviri” Pyotr Qriqoryeviç Butkovun (1775–1857) “1722-ci ildən 1893-cü ilədək Qafqazın yeni tarixi üçün materiallar” adlı əsərində belə bir məlumat vardır: “(Dağıstan və Şirvan qiyamçılarının başçısı) Davud bəy Dərbənddə nəzarət altından çıxıb guya şaha xidmət etmək üçün 1000 nəfərlik dəstə yığdı. Sonra isə o, Surxay xanla birləşib qiyama başladı”.

Müasir tarixçilər belə güman edirlər ki, Hacı Davud (1680–1735) 1719-cu ilin sonunda qızılbaşlara əsir düşərək Dərbənd həbsxanasına salınmış, sonra isə gözətçiləri aldadaraq guya oradan qaçmışdır. P.Q.Butkovun əsərindən göründüyü kimi, Hacı Davud həqiqətən hiylə işlətmişdi.

Lakin o, heç bir yerə qaçmamışdı. Səfəvi məmurları Hacı Davudun bundan sonra Şaha xidmət edəcəyi barədə vədinə inanaraq dövlət üçün olduqca təhlükəli olan bu şəxsi həbsdən azad etmişdilər. Halbuki o, ən azı 1712-ci ildən Səfəvi dövlətinin barşmaz düşməni, silahlı qiyamların əsas təşkilatçılarından və rəhbərlərindən biri kimi tanınırdı.

Buna baxmayaraq qızılbaş hakimləri belə bir məsuliyyətsiz hərəkətə yol verdilər. Nəticə isə həm Səfəvilər dövləti, həm də Qafqaz xalqları üçün çox acınacaqlı oldu.

1720-ci ilin iyununda Rusiya dövlətinin təhriki və bəzi din xadimlərinin pozucu fəaliyyəti nəticəsində Dağıstanın cənubunda mərkəzi hakimiyyətə qarşı silahlı qiyam başlandı. 1721-ci il avqustun 25-də Hacı Davud bəyin rəhbərlik etdiyi qiyamçılar Şamaxını ələ keçirib şəhərdə kütləvi qətl və qarət törətdilər. Bu hadisələr zamanı bir neçə rus taciri öldürüldü, onların malları isə yağmalandı.

Bununla da Rusiya dövləti səbirsizliklə çoxdan gözlədiyi bəhanəni əldə etdi. 1722-ci il iyulun 29-da 160.000 nəfərlik nəhəng rus ordusu Azərbaycanın Xəzəryanı ərazilərinə soxuldu.

Tarqu şamxallığında hakimiyyəti qəsb etmiş II Adil Gəray (?–1725) rusların tərəfinə keçsə də, qumuxların və çeçenlərin əksəriyyəti işğalçılara şiddətli müqavimət göstərdi.

Çar qoşunları onlarla qumux və çeçen yaşayış məntəqəsini, o cümlədən, məşhur Endirey kəndini yandırıb minlərlə dinc sakini qətlə yetirdilər.

1725-ci ildə qumuxların rus qalalarına hücumlarını bəhanə gətirən çar hökuməti Tarqu şamxallığını ləğv etdi. İmperiyanın məqsədi bu ərazilərdə daha da möhkəmlənmək idi. Lakin qızılbaşlarla on üç illik müharibə (1722–1735) Rusiyanın ağır məğlubiyyəti ilə nəticələndi.

1735-ci il martın 21-də bağlanmış Gəncə müqaviləsinin şərtlərinə əsasən, rus ordusu Bakıdan Dərbəndə qədərki ərazini 2 həftədən, Dağıstanı isə 2 aydan da az bir müddət ərzində tərk etməli oldu.

1735-ci ildə Səfəvi sarayının qəti tələbi ilə qumux türklərinin dövləti – Tarqu şamxallığı yenidən bərpa edildi. Qumux dövlətçiliyinin qarantı Qızılbaş dövləti (Səfəvilər, Əfşarlar və Qacarlar) idi.

Məhz buna görə də VI Qızılbaş–Rusiya müharibəsində (1826–1828) Qacarların məğlubiyyəti Qafqaz xalqlarının gələcək faciələrinin başlanğıcı oldu.

1867-ci ildə isə rus hakimiyyəti Tarqu şamxallığının formal varlığına da birdəfəlik son qoyub qumux torpaqlarında Dağıstan vilayətinin Temir-Xan-Şura dairəsini yaratdı.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Write A Comment