Milli hərəkatın mərhələlərini araşdırarkən həmin mərhələlərin əhəmiyyətini tam açıqlamaq üçün hər prosesi həmin dövrün bir maarifpərvəri ilə təhlil etməyə çalışdıq.
Bu çərçivədə:

A mərhələsində Mirzə Fətəli Axundzadə,
B mərhələsində Əli Bəy Hüseyinzadə,
C mərhələsində isə Məhəmməd Əmin Rəsulzadə ön plana çıxarılmışdır.


Azərbaycanın millətləşmə prosesini Xroşun modeli çərçivəsində araşdırdığımızda , Axundzadə, Hüseyinzadə və Rəsulzadənin A, B, C mərhələlərinin açıqlanması məqsədi ilə seçilən başlıca ziyalılar olduğunu gördük. Yəni, millətləşmə prosesi – ənənəvi anlayışın tənqidi, ana dilinin ortaya çıxması, milli varlığın və kimliyin yaranması, ana dilində mətbuat, məktəb, siyasi tələb və s.-in olması – Xroşun modeli ölçü alınaraq, Azərbaycanın üç maarifçi şəxsiyyəti ətrafında öyrənilmişdir.

Qeyri dominant etnik qrupların (non-dominant ethnic groups) millətləşmə prosesinin tədqiqini, dumanlı havada avtomobil idarə etməyə oxşatmaq mümkündür. Belə olan halda məntiqli mühakimə aparmaq çətinləşir. Çünki millətçilik böyük millətlərdə müasir dövlətin formalaşmasıyla yarandığı halda, kiçik millətlərdə millətin varlığı intellektual nəşriyyatlarda və kitabxanalarda ortaya çıxmışdır.
Yəni, millət anlayışının–millətin intellektual bir məsələ olaraq aydınların mətnlərində görünməsi, Cümhuriyyət Azərbaycanının milli-dövlət olaraq öz millətini inşa etdiyi mənasına gəlməməlidir, çünki millət dövlət olmadan yaranmış və sonra dövlətə çevrilmişdir.

Milli hərakatın B mərhələsində ilk dəfə ziyalılar arasında kimlik təyin etmə ehtiyacı yaranmışdır. Əli bəy Hüseynzadə romantik çərçivədə formalaşan türkçü anlayışının yaranmasında həlledici rol oynamışdır. B mərhələsində siyasi olaraq “biz” (millət) anlayışı ortaya çıxmışdır. Yəni, B mərhələsində aydınlar, – yerli özünü idarəetmə və mərkəzi idarəetmədə təmsil olunmaqla ilk dəfə öz kimliklərinə status axtarışında olublar. Əli bəyin millətləşmə prosesindəki xidmətini millətçiliyin alman modeli və ya kollektivist/etnik model çərçivəsində ələ almaq mümkündür.

İlk dəfə Milli hərəkatın B mərhələsində “biz kimik?” sualı ortaya çıxdı.
Belə ki, Hüseynzadənin “Türklər kimdir, kimlərdən ibarətdir?”,- məqaləsini milli hərəkat dövründə ilk dəfə biz kimik sualına qarşı sistemli cavab təşəbbüsü olaraq qiymətləndirmək lazımdır. 1905-ci il inqilabı, Rusiyada azlıqlara qarşı nisbətən liberal münasibət yaratmaqla yanaşı, həm də azlıqların çar rejiminə qarşı bağlılığında bəzi boşluqlar yaratmışdır.
Belə olan halda, millət xəyalının (imagine) qurulması üçün gərək olan mətbuat və ədəbiyyat (əsasən, şeir) romantik türkçülük anlayışı çərçivəsində formalaşmışdır.
Aydınlar kim olduqlarını ilk dəfə siyasi olaraq mübahisə etməyə başladılar. Əli bəy öz məqaləsinə bütün romantik millətçilərə xas (şikayətlə) bir üslubla türklərin kim olduğunu, haradan yarandıqlarını bilmək zərurətini ifadə edərək başlayır.

Bu yanaşma, eyni zamanda milli hərəkatın B mərhələsindəki fors major fikri qavramaq üçün də istifadə edilə bilər. Belə ki, ilk dəfə A mərhələsinin sonlarında Kəşkül qəzetinin səhifələrində özünə yer tapan millət anlayışı 1905-ci il inqilabının yaratdığı nisbi azadlıq – milli hərəkatın milli hədəfi mənimsəməsi üçün xarici bir səbəb olmaqla– sayəsində B mərhələsinin başlıca predmetinə çevrilmişdir.
Hüseyinzadə, tanınmağı və milli kimliyi (millətçilik) alman modeli və ya etnik/kollektivist488 modeli çərçivəsində anlamışdır. Ona görə də kulturoloji və linqvistik bir bütünlük (linguistic and cultural integration) iddiasından çıxış etmişdir.

Bu mənada, dil anlayışını İstanbul türkçəsi və ya Osmanlı lisanı üzərindən formalaşdırmışdır. Tənqidlərə isə Həyat qəzetinin sütunlarından “Qəzetimizin dili haqqında bir neçə söz” (1905) başlıqlı məqaləsi ilə cavab vermişdir.
O, burada dili sadələşdirmək əvəzinə, xalqın öz dilini (Türk dilini və ya ən inkişaf etmiş, mədəniyyət yaratmağa münasib olan osmanlıca) öyrənməsi ilə mümkün olduğunu iddia etmişdir. Digər tərəfdən, Hüseyinzadə bütün türklərin “tövhid”ini (birliyini) də hədəflədiyini yazmışdır.

Nəticə etibarilə, milli hərəkatın B mərhələsində Əli bəy Hüseyinzadənin təsiri nəticəsində kimlik anlayışı romantik türkçülük konteksində formalaşmışdır. Bununla bərabər, nəticədə milli kimliyin inşası romantik türkçülük kontekstində gerçəkləşməmişdir.

Mənbə: “Azərbaycan milli kimliyin tarixi məsələləri” (məqalələr toplusu)

Write A Comment