Bilmədiyimiz tarixi hadisələr!

Ermənistan Daşnak hökümətinin Daxili İşlər naziri olmuş Ruben Ter Minasyan “Erməni İnqilabçısının xatirələri” adlı əsərində Göyçənin strateji mövgeyi barədə yazırdı ki, Azərbaycan bu torpaqlar üzərində Cığım dərəsi vasitəsi ilə Vedibasarla əlagə yaradıb və bu yolla birbaşa Türkiyə ilə bağlana bilər. O, Göyçə mahalını Ermənistan qəzalarının başı üzərində dayanan “Domoklov qılıncı”na bənzədirdi.

1918-ci ilin oktyabrın 30-da imzalanan Mudros sazişinə əsasən, Osmanlı ordusunun Cənubi Qafqazı tərk etməsini fürsət bilən daşnaklar, Göyçənin Basarkeçər nahiyəsinə hücuma keçərək azərbaycanlılar yaşıyan Böyük Məzrə, Qızılvənq, Şahab, Subattaq, Zağalı kəndlərinin əhalisini qətlə yetirdilər. 1919-cu il fevralın 28-də Zod və ətraf kəndlərin əhalisindən zorla vergi almaq istəyən Siliko və Xaçaturovun daşnak dəstəsi müqavimətlə rastlaşdı və qəzəblənən göyçəlilər tərəfindən öldürüldülər.

Daşnakların niyyəti Zod aşırımını ələ keçirməklə həm burdakı qızıl yatağını tutmaq, həm də Qarabağda yaşayan ermənilərlə birləşmək idi. Məşədi İsa və Ağalar bəy Kəsəmənli başçılığı ilə özünümüdafiə dəstələri təşkil edən göyçəlilər, qəbul etdikləri “icma hökmü” ədlı sənəddə, özlərini Azərbaycan Cümhuriyyəti təbəələri elan etdilər.
1918-1920-ci illərdə Göyçənin işqalına qarşı Səməd ağa Kəsəmənlinin, Cığal Həsənin, Topal Orucun, Məşədi Hümbətin dəstələri də igidliklə vuruşmuşdular. Ermənilər 1919-cu ilin Novruz bayramı günlərində barışıq əldə etmək adı altında Zodlu Səməd ağa Kəsəmənlini Basarkeçər kəndinə dəvət etmişdilər. Görüşə gedən Səməd ağa Kəsəmənli, Aşıq Nəcəf və Tanrıverdi oğlu Ələkbər ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildilər.
Erməni tarixçisi Anahit Lalayan 1936-cı ildə “Revolyusionnıy Vostok” jurnalında daşnak zabiti Vahramın Basarkeçərdə törətdiyi vəhşilikləri onun dilindən belə təsvir edir:

“Mən Basarkeçərdə heç nəyi nəzərə almadan türk əhalisini qırdım, lakin bəzən gülləyə heyifim gəlirdi. Ən yaxşı üsul odur ki, döyüşdən sonra salamat qalanların hamısını su quyusuna doldurub üstündən ağır daşları tökəsən ki, onlardan əsər əlamət qalmasın. Mən elə də etdim.”

İstinad: Qərbi Azərbaycan TV

Write A Comment