Oğuz türklərinin XIII-XIV əsrlərə qədər yaradılmış, formalaşmış, qələmə alınmış folklor və yazılı ədəbiyyat nümunələrinin ortaq olması barədə fikir elmdə artıq çoxdan qəbul edilmişdir. “Kitabi-Dədə Qorqud” dastanı ilə bərabər Əlinin “Qisseyi-Yusif” poeması, müəllifi bəlli olmayan “Dastani-Əhməd Hərami məsnəvisi, Suli Fəqihin “Yusif va Züleyxa”, Yusif Məddahın “Vərqa və Gülşah”, Mustafa Zəririn “Yusif və Züleyxa”, Ümmi İsanın “Mehri və Vəfa” məsnəviləri ilk yazılı abidələrimiz, eyni zamanda oğuz türklərinin müştərək ədəbi əsərləridir Oğuz türklərinin ortaq ədəbi abidələri arasında əski dövrlərdə yaranıb dillərdə dolaşmış, XII-XIII əsrlərdə qələmə alınmış “Kitabi-Battal Qazi”, “Xavərnamə”,
“Məliki-Danişmənd Qazi” dastanı, “Saltuk Qazi dastanı”, “Əbu Müslimnamə”, “Müseyibnamə”, “Həmzənamə” və “Hərət Əli dastanı “
nı göstərmək istərdik.

Qeyd edək ki, bu əsaslardan ilk ikisini geniş ön sözlə nəşr etdirib eyni zamanda Azərbaycan ədəbiyyatına aidliyini göstərmişiksə də, digər abidələr hələ də ədəbiyyat tariximiz baxımından ətraflı nəzərdən keçirilməmişdir. Bu yazılı abidələrin Şərqi Anadolu-Azərbaycan bölgəsində formalaşdığına görə onların əsasən Türkiyə və Azərbaycan türklərinə aid olduğunu söyləsək, zənnimizcə səhv olmaz. Bütöv halda əlyazma nüsxələri daha çox Türkiyə kitabxanalarında saxlanan “Həzrət Əli dastanı” va ya “Həzrət Əli cəngləri” adı ilə məşhur olan əsərin əsas mövzusu ilk müsəlmanların İslam dininin yayılması uğrunda mübarizəsi və Həzrət Əlinin bu mübarizədəki roludur.

Məlumdur ki, bizə gəlib çatmış variantda, “Kitabi Dədə Qorqud”un qəhrəmanları da kafirlərlə mübarizə aparır, İslam ayinlərini yerinə yetirir, kilsələri yıxıb yerinə məscidlər tikdirirlər. Başqa sözlə bu abidəmizi də adları çəkilən digər əsərlər kimi, yalnız qəhrəmanlıq dastanı deyil, eyni zamanda dini-qəhrəmanlıq dastanı olaraq nəzərdən keçirməyə haqqımız vardır.

“Həzrət Əli dastanı”nı nəşrə hazırlayan Necati Demir va Mehmet Dursun Erdem kitaba yazdıqları ön sözdə adı çəkilən digər İslami türk dastanları arasında “Həzrət Əli dastanı”nın daha qədim olduğunu və xalq arasında daha geniş yayıldığını göstərirlər. (1, s.22). Qeyd etmək istərdik ki, “Həzrət Əli dastanı” nın tam variantının əlyazması Şimali Azərbaycanda indiyə qədər tapılmasa da, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Xeybərnamə” 4 (2, s. 125-126), “Hekayəti Cang-Əli” 1 (2, s. 155-156). “Cəngnameyi-Əli” 1 (2, s. 127) “Cəngnamə” adlı 1 (2, s.128) kiçik həcmli yazılı dastan abidələri saxlanmaqdadır. Bu fakt onu göstərir ki, ölkəmizin ərazisində “Həzrət Əli dastanı” və ya “Həzrət Əli cəngləri” adlı dastanın əlyazma nüsxəsinin olması ehtimalı kifayət qədər realdır və bəlkə də bundan sonrakı axtarışlar zamanı belə bir əsər taöılacaqdır.

İran (Canubi Azərbaycan) kitabxanalarında da bu abidənin əlyazma nüsxələrini axtarmağa ehtiyac vardır. Həzrət Əli şəxsiyyətinə böyük hörmət va ehtiramı Azarbaycan şifahi xalq ədəbiyyatı nümunələrində, xüsusilə də nağıllarda görmək olar. Həzrət Əlidən bəhs edən nağıllarımız say etibarı və çoxluğu ilə diqqəti cəlb edir. Tədqiqatçı Xanım Mirzəyevanın göstərdiyi kimi, bu nağıllarda Həzrət Əlinin möminliyi, təvazökarlığı, sadəliyi, təmənnasızlığı, güzəştə getmək qabiliyyəti, saxavəti, qəhrəmanlığı, qeyri-adi gücü xüsusi olaraq nəzərə çatdırılır (3, s.269). “Həzrət Əli dastanı”, “Həzrəti-Hamzə dastanı”, “Müseyyibnamə”, “Əbu Müslimnamə” dastanı va “Battal Qazi” dastanı, “Xavərnamə” kimi İslami dastanlardır. Makanı Ərəbistan, Anadolu, İran va digər Asiya ölkələri olan bu əsərlərin baş qəhrəmanları türk deyil.

Baş qəhrəmanı türk olan “Əbu Müslimnamə” dastanı istisna taşkil edir. Baş qahramam türk olan bu əsəri “Kitabi-Dədə Qorqud”la birlikdə tam mənası ilə türk İslam dastanı adlandırmaq olar. Lakin adları çəkilən digər dini-qəhrəmanlıq dastanlarının dili, üslubu, coğrafiyası (məsələn, “Kitabi-Battal Qazi”nin baş qəhrəmanı Anadolunun Malatya şəhərindəndir) onların oğuz türklərinin halal abidəsi olduğuna şübhə yeri qoymur.

Xüsusi olaraq qeyd etmək istərdik ki, oğuz türklərinin Həzrət Əliyə sevgi va sayğısı yalnız bir dastanda əksini tapmamışdır. “Müseyyibnamə”nin baş qəhrəmanı Müseyyib, “Battal Qazi dastanı”nın baş qəhrəmanı Battal Qazi, “Malik-Danişmənd Qazi dastanı”nın baş qəhrəmanı Məlik Danişmənd Qazi ana və ya ata tərəfdən Həzrət Əli nəslindəndirlər. “Xavərnamə” dastanı Həzrət Əlinin İslamı yaymaq uğrunda mübarizəsinə həsr edilmişdir, Battal Qazi Həzrət Əlinin oğlu Hüseynin törəmələrindəndir. Malik Danişmənd isə Battalın nəvəsi hesab olunur. Dastanları araşdırdıqca qəribə və maraqdoğurucu, zəncirvari bağlantılar ortaya çıxır.

“Həzrəti Əli dastanı”nın müəllifi, katibi, yazılma va köçürülmə ili, məkanı barədə məlumatımız yoxdur.
Əsərin bir yerində adı çəkilən Şəmsi Həqi Dərvişin müəllif, yoxsa katib olduğunu müəyyən etmək mümkün deyil. Hər halda, bu əsər tədqiqatçıların göstərdikləri kimi, 1244-cü ildən öncə yazılmış “Battal Qazi dastanı” ilə bir sıra məqamlarda səsləşməkdədir. Bu iki əsərin dilində də yaxınlıq vardır (Leksikasındakı da türk qatının üstünlüyü, özünəməxsus zəngin üslubu, dilinin sadəliyi, cümlələrinin qısalığı ilə bu iki əsər Kitabi-Dədə Qorqudu xatırladır).

Apardıqları miqayisələr nəticəsində N.Demir va M.D.Erdem belə bir qanaətə gəlmişlər ki, “Battal Qazi dastanı”nı qələmə alan şəxs “Həzrət Əli dastanı”nı oxumuş və ondan bəhrələnmişdir (1, s.23). Orasnı da qeyd edək ki, “Həzrət Əli dastanı”nda bəzi söz və ifadələr, qəliblər var ki, onların “Kitabi-Dada Qorqud” dili ilə əlaqəsini görməmək mümkün deyil. (Bu iki abidədən hansının daha əvvəl köçürülmə məsələsi açıq qalır. Hadisələrin, üslubun zənginliyi baxımından “Kitabi-Dədə Qorqud” daha üstündür) “Həzrət Əli dastanı”nda tez-tez takrar olunan “bir əzim cəng oldu” qəlibinin “Kitabi-Dada Qorqud”da tez-tez işlədilən “bir ulu savaş oldu” qəlibi ilə əlaqəsi şübhə doğurmur.

“Həzrət Əli dastanı”nın şiə məzhəbinə məxsus şəxs tərəfindən qələmə alınması diqqəti cəlb edir. Əsərdə İmam Həsən va İmam Hüseynin qəzavatına aid bölümlərin mövcudluğunu başqa cür izah etmək mümkün deyil. Qeyd edək ki, adları çəkilən digər dini-qəhrəmanlıq dastanlarında da şiəliyə meyli görürük. “Kitabi-Dədə Qorqud”un da bizə çatmış son variatının müəllifinin şiə olduğu, fikrimizcə şübhə doğurmamalıdır. Dastan “Salur Qazanın evi yağmalandığı boyunda düşmənlər Qazan xanın oğlu Uruzu asmaq istərkən o asılacağı ağaca müraciətlə aşağıdakı sözləri deyir:

Şahi-Mərdanın Düldülünün əyəri ağac!
Zülfüqarın qınıyla qəbzəsi ağac!
Şah Həsənlə Hüseynin beşiği ağac! (4, s.46)

Əlbəttə ki, müəllif (katib) sünni təəssübkeşi olsaydı, şiə imamları Həsən və Hüseyni bu cür yad etməzdi. Fikrimizcə, nəzərdən keçirilən dini qəhrəmanlıq dastanlarının, demək olar ki, hamısının şiə yönümlü olmasının əsas səbəbi bu əsərlərin şiələrin sayca üstünlük təşkil etdiyi Anadolu-Azərbaycan bölgəsində meydana çıxmasından ibarətdir. Tasadüfi deyildir ki, Şah İsmayıl Səfəvi şiəlik, əlavilik, səfəvilik ideyalarına əsaslanan dövlət qurarkən Anadolu əhalisi ona dəstək vermişdi. Professor Oqtay Əfəndiyev Venetsiya sayyahlarının qeydlərinə əsasən məlumat verir ki, “XV əsrin sonu-XVI əsrin əvvəllərində Kiçik Asiya əhalisinin beşdə dörd hissəsi şiəlik tərəfdarı idi. Azərbaycanda və Kiçik Asiyada məskunlaşmış, şiə təriqətinə mənsub olan türkdilli tayfalar Ərdəbil şeyxlərinin mübariz zərbə qüvvəsini təşkil edir, onların bütün siyasi və hərbi tədbirlərini həyata keçirirdilər (5, s.55).

“Həzrət Əli dastanı” və ya “Həzrət Əli cəngləri” adı ilə tanınan, şifahi xalq ədəbiyyatına məxsus cəhətləri, dilinin xəlqiliyi, sadəliyi ilə seçilən, eyni zamanda, yazılı ədəbiyyatın xüsusiyyətlərini daşıyan bu orta əsrlərdə qələmə alınmış əsərin əsas mövzusu məlum bölgədə İslamın yayılmasının, bu prosesdə qəhrəmanlıq və fədakarlıqlar göstərmiş Həzrət Əli və digər İslam müqəddəslərinin rolunun təsviri və təbliğindən ibarətdir. Ərəbistanda, Məkkə və Mədinədə cərəyan etməyə başlayan hadisələr Anadolu və Türkistanda davam edir. Dastan nəsrlə yazılmış, bəzi yerlərdə nəzm parçaları yerləşdirilmişdir. On bölümdən ibarət dastanın bölümləri müstəqil olsa da onların arasında müəyyən əlaqə də vardır.
Bölümlərdəki mövzular bir-birinin ardınca gələrək bütöv bir əsəri təşkil edir. Qeyd edək ki, tamamilə mənzum “Həzrət Əli dastanı” variantları da mövcuddur. Əsər aşağıdakı bölümlərdən ibarətdir:

1) Həzrət Əli həzrətləri axır zəmini fath edüb və be səhabeyi-kiramun beş bölük yola gidüb və yeddi
padşahı imana gətirüb və Qübbeyi-Miqmatis yıxub ondan Kuhi-Bilura çıxub neçə ifritlər va divlər halak
eylədigidir;
2) Qəzayi-fəthi-qəleyi-Xeybər;
3) Tarixi qəleyi-Kan Həzrət Əli;
4) Həzə qəzavati İmam Əli qəleyi Bərbərba Zümur atəşpərəst;
5) Həzə qazavati Məhəmməd Hənəfiyyə ba Qəzənfər kafir;
6) Həzə qəzavai – İmam Əli Kərəmullahu vəchahu ba əjdərhayi dər Mağrib;
7) Qəzəvati-Məhəmməd Hənəfiyyə;
8) Həzə qəzavati – İmam Həsən Rəbi ibn Malik;
9) Həzə qəzavati – İmam Hüseyn;
10) Möcüzatün-nəbi.


Bu, türkiyəli tədqiqatçıların əllərində olan əlyazma nüsxələri əsasında tərtib etdikləri mətnin bölümləridir. Ola bilər ki, Şimali va ya Cənubi Azərbaycanda, eləcə də başqa ölkələrdə əsərin bir zamanlar vətənimizdə daha geniş yayılmış variantları mövcuddur və öz tədqiqatçısını gözləyir.
“Həzrət Əli dastanı”nda çoxsaylı surətlər iştirak etməkdədir. Məhəmməd Peyğəmbər, Həzrət Əli, Əbu Bəkr, Ömər, Osman, Aişə, Fatma, Həsən, Hüseynlə bərabər əsərdə, Həzrət Əlinin Əbül Möhsün, Malik Əjdər, Qənbər kimi silahdaşları Xavəran, Əntər, Hüssam ibn Qəssəm kimi kafir düşmənləri, eləcə də divlər, cadılar, pərilər, ifritlər və başqa surətlər əsərin rəngarəngliyini təmin edirlər. Əsas iştirakçı Həzrət Əli olsa da, Məhəmməd Peyğəmbər müsəlmanları idarə edir, ideya verir və onları qələbədən qələbəyə səsləyir, o bir sıra hallarda uzaq məsafədən təhlükə hiss edərək Həzrət Əlini çətin vəziyyətdən qurtarır.
Cəbrail də Tanrı ilə Peyğəmbər arasındakı xəbər aparıb-gətirən ilahi varlıq kimi hadisələrin inkişafında
iştirak edir.

Əsərin baş qəhrəmanı İslam tarixində böyük xidmətləri olmuş Məhəmməd Peyğəmbərin əmisi oğlu və kürəkəni Əli ibn Əbu Talib əl-Qüreyşi əl-Haşimidir. Atası Əbu Talıb, anası Qüreyşilərdən Fatmia binti-Əsəd, babası Əbdülmütəllib, ləqəbi Heydərdir. Tarixdə Əmirəl əl-möminin, “Əsədullah” – Tanrının aslanı” kimi də yad edilir. Təxminən hicrətdən 20 il əvvəl (m.600) Məkkədə dünyaya gəlmiş, Məhəmməd Peyğəmbərin yanında böyümüş, onun peyğəmbərliyinə ilk iman gətirənlərdən olmuşdur. Peyğəmbərlə birlikdə Mədinəyə hicrət etmiş, Bədr, Uxud, Xəndək və Xeybər döyüşləri daxil olmaqla qəzavatda iştirak etmiş, Peyğəmbərin bayrağını aparmış, böyük qəhrəmanlıqlar göstərmişdir. Üçüncü xəlifə Osman öldürüldükdən sonra 24 iyun 656-cı il tarixində dördüncü İslam xəlifəsi olmuş, xaricilərdən Əbdürrəhman
bin Mülcəm tərəfindən sabah namazı zamanı zəhərli xəncərlə yaralanmış, 26 və ya 28 yanvar 661-ci il tarixində vəfat etmiş, Kufədə (indiki Nəcəf) dəfn edilmişdir. Quran, hədis və fiqh sahəsində dərin bilikləri ilə məşhur olmuşdur.

Dastanda Şahi-Mərdan, Mərdi-Meydan, Şiri-Yazdan, Tanrı Aslanı, Düldül və Zülfiqar sahibi, Əmirəl- möminin kimi adlanan Həzrət Əli igid, qeyri-adi gücə malik, ədalətli, mərhəmətli bir şəxsiyyət kimi təqdim olunmuşdur. Əgər o, müəyyən qədər nağılvari, mürəkkəb sujetə malik birinci bölümdə bir sıra mifik surətlərə, ifrit və divlərlə mübarizə aparıb əfsanəvi hökmdar və ölkələri müsəlmanlaşdırırsa, ikinci bölümdə tarixdə baş vermiş real bir hadisə Xeybər savaşı və Həzrət Əlinin buradakı qəhrəmanlıqları təsvir edilir. Yeri gəlmişkən qeyd edək ki, birinci bölümün sujet xətti hadisələrin inkişafı, qəhrəmanlar və s. baxımlardan digər bir dini-qəhrəmanlıq dastanımız “Xavərnamə”dən bəhrələndiyi şübhəsizdir. Təsadüfi deyil ki, bu bölüm bu sözlərlə bitir: “Pəs “Xavarnamə və İzhari-Zəmin hekayəsi buraya gəlincə tamam
oldı. Əl-ömrü fani vəl xəttü baqi” (1, s.151). Bu fakt “Həzrət Əli dastanı”nı “Xavarnamə” ilə bərabər həm də Azərbaycan dastanı hesab etməyimizə daha bir əsas verir.

Qeyd etdiyimiz kimi, dastanın “Qəzayi-fathi-qəleyi-Xeybər” adlı ikinci fəsli konkret tarixi hadisənin təsvirinə həsr edilib. Lakin burada da əfsanəvi hadisələr baş verir, Həzrət Əli və bir sıra digər surətlər qeyri-adi, mifik güclərini, qabiliyyətlərini nümayiş etdirirlər. Məlumdur ki, Xeybər Mədinə Suriya yolunun üzərində yerləşən ticarət və təsərrüfat mərkəzi olmuşdur. Mədinədən 180 km məsafədə, dəniz səviyyəsindən 850-1000 metr yüksəklikdə yerləşmişdir. Xeybər əslində bu ətrafda vulkanik torpaqlarla əhatə olunan geniş bir vadinin adıdır. Bəzilərinin fikrinə göra “Xeybər” sözü bu yerlərdə yaşamış yəhudilərin dilində qala deməkdir. Şəhərin adının onun qurucusu Xeybər bin Kamiya bin Mehtaillə bağlı
olduğunu söyləyənlər də vardır (6, s.20). İslam tarixində bu şəhər 628-ci ildə baş vermiş döyüşə görə məşhurdur. Döyüşdə İslam ordusuna Məhəmməd Peyğəmbər rəhbərlik etmişdir.
Mədinədən çıxarılıb Xeybər qalasında makan tutmuş Bəhi-Nadir yəhudiləri Suriya və Mədinəyə gələn ticarət yoluna təhlükə törədirdilər. Bundan başqa, onlar mədinəli müşriklərlə, bir sıra başqa qüvvələrlə müttəfiq olaraq müsəlmanlara qarşı böyük bir hücuma hazırlaşırdılar. Buna görə də Məhəmməd Peyğəmbar bu möhkəm qalası, yaxşı təminatı olan şəhəri tutmağı vacib saymışdır. Müxtəlif mənbələrin verdiyi məlumata görə, Xeybər qalasında 20000 və ya 10000 döyüşçü olmuşdur. Müsəlmanların 1200 piyadası və 300 süvarisi olduğu bildirilir (6, s.24)

Maraqlıdır ki, dastanda Xeybər qalasında yəhudilərlə bərabər Lati-Mənata səcdə edənlərin, yəni bütpərəstlərin də olduğu deyilir.
Dastanda göstərilir ki, Xeybər qalasına hücum zamanı əvvəlcə müsəlmanlar çətin vəziyyətə düşürlər. Peyğəmbərin qalanı tutmağa göndərdiyi Əbu Bəkr, Ömər, Osman əliboş qayıdırlar. Müsəlmanların qoşunu böyük itkilərə məruz qalır. Dastanda döyüşdə gər iki tərəfdən verilən itkilər, tökülən qanlar barədə belə deyilir: “Ləşkər bir-biri ardınca cümlə Xeybər qalasına əzm eylədilər. Xeybərin divarlarına, bürclərinə aşağıdan, yuxarıdan cəng etmək ardənca oldular. İki canibdən ol qədər cəng oldı ki, hərb avazı asumana çıxdı. Qan yerinə ceyhun oldı” (1, s.153).

Belə bir çətin durumda Cəbrail əleyhüssəlam Peyğəmbərə Tanrıdan vəhy gətirir ki, bu dəfə o, İslam bayrağını Həzrət Əliyə verib onu döyüşə göndərməlidir. Peyğəmbər İslam bayrağını Həzrət Əliyə verib onu Xeybər qalasını fəth etməyə göndərir. Həzrət Əli Düldül atına minib, Zülfiqar qılıncını belinə bağlayıb Xeybər qalasına tək gedir. Qırx arşınlıq eni olan su doldurulmuş xəndəyin üzərindən keçərək qalanın divarlarına yaxınlaşır. Qala divarları qarşısında Xeybərin sərkərdələrindən biri olan Əntərlə döyüşüb onu məğlub edir, İslama dəvət edir. Qəbul etmədiyini görüb başını kəsir.

Həzrət Əli qılıncı Zülfiqarla elə dəhşətli qüvvə təşkil edirlər ki, əgər Cabrail müdaxilə etməsəydi, bu qılınc Yer üzünü parçalaya bilərdi: “Həzrət İmam şöylə çaldı ki, Zulfiqar qalxanun kəsüb təpəsinə va omuzuna, andan belinə və andanı əyəri kəsüb iki parə eylədi. Zulfiqar taştan keçüb yerə endi fil-hal Cəbrail əleyhissəlam yetişüb Zülfiqarı tutdu. Əgər tutmasaydı öküzi, balığı kəsərdi” (1, s. 159-160). Sonra Həzrət Əli otuz üç batman dəmirdən düzəldilmiş Xeybər
qapısını qoparıb qırx addım uzağa atır. Qapnı xəndək üzərində körpü kimi istifadə edir. İslam ordusu gəlib qalanı tutur.

Qeyd etmək lazımdır ki, Həzrət Əli qələbəsini təmin edən qeyri-adi gücü, nərəsi, Düldül atı və Zülfiqar qılncı ila başqa bir dastanımızın qəhrəmanı Koroğlunu xatırladır. Koroğlunun da düşmənləri qorxudub təftişə salan nərəsi, Qırat və Düratı, Misri qılıncı vardır. Hər iki şəxs çox heybətlidir, onların görünüşü görənləri qorxuya salır. Bu iki qəhrəmanın bənzər xüsusiyyətləri “Həzrət Əli dastanı” və “Koroğlu” dastanı eyni xalqın dastançılıq ənənəsinin məhsulu olduğunu göstərir. Həzrət Əlinin nərəsi elə güclüdür ki, onun təsirindən dağlar hərəkətə gəlir, düşmənlərin ağlı başından gedir. Onun Düldül atı qırx günlük yolu bir gündə gedə bilir, lazım gələrsə ona hücum edən düşməni zərbəsi ilə öldürür. Zulfiqar qılıncı döyüşdə düşməni iki yerə bölür. Dastanda Həzrət Əli özü qılıncının və atının möcüzəli xüsusiyyətləri barədə deyir:

“Bən Şahi Mardan və Mərdi-Meydan və Şiri-Yəzdan Əliyəm və bu qılınc ki salsam uzan disəm, uzar beş yüz qulac.
Əgər əjdarha ol disəm, əjdərha olur və əgər od ol disəm, od olur, cahanı yakar. Və bu at ol atdır ki, buna Düldül dirlər. Qux günlük yolı bir gündə alur və qırx gün yem yemə disəm, yeməz və içməz və qüvvəti zəif olmaz və səgirtməkdən yorulmaz və usanmaz. Və sahibini qoyub gitməz” (1, s.158).


Həzrət Əli həmişə qələbə çaldığı düşmənə üç şərt irəli sürür. O, qaçanı qovmur, aman diləyəni öldürmür, İslamı qəbul edənlə qardaşlaşır. Bu xüsusiyyəti onu “Kitabi- Dədə Qorqud” qəhrəmanlarına, xüsusilə də Salur Qazana yaxınlaşdırır.
Dastanda Həzrət Əli bu qədər gücə malik olmaqla bərabər tavazökar, ədalətli, bəzən də sadəlövhdür (Koroğlunun, bəzi “Kitabi-Dədə Qorqud” qəhrəmanlarının təvazökarlığı, sadəlövhlüyü ilə müqayisə etmək olar). O, Qənbər adlı qulu əsir ediləndə təkbaşına ardınca gedir, uzun əhvalatdan sonra onu əsarətdən qurtarır. Dastanın başqa bir yerində Həzrət Əli Əlqamə adlı kafirə qələbə çalır. Əlqamə Həzrət Əliyə deyir ki, əgər səni əli-ayağı bağlı Xeybər qalasının hakiminin yanına aparsam o qızını mənə ərə verəcəkdir. Həzrət Əli əlinin ve ayağının bağlanmasına razı olur. Əlinə belə bir fürsət düşən Əlqamə əvvəlcə Əlini öldürmək istəyir. Lakin Həzrət Əlinin mərdanəliyinin təsiri ilə ürəyinə ilham gəlir və İslamı
qəbul edir.

Həzrət Əlinin bir gözələ aşiq olan kafirlə döyüşdən öncə Tanrıya müraciət edib tərəddüd keçirdiyini bildirməsi onun alicənablığının daha bir sübutudur: “Ey Qadiri-Pərvərdigar! Əgər şimdi bən bu kafirlə cəng edərsəm, bu aşiqdir, muradından məhrum olur. Kəndümi bildirsəm bənimlə cəng idər və əgər imana dəvət edərsəm ya gələ, ya gəlməyə. Əgər imana gəlürsə xoş, əgər gəlməzsə öldürmək lazım gəlür. İlahi, izzətin həqqiyçün qanqısın idəyim-deyüb fikra vardı” (1. s.170). Həzrət Əlinin Əlqamə ilə döyüş səhnəsinin təsviri türk dillərinin vacib göstəricisi olan fellərin sıxlığı baxımından diqqətəlayiqdir. Bu cəhət “Həzrət Əli dastanı”, bütün digər dini-qəhrəmanlıq dastanlarımız üçün səciyyəvidir. “Çün kafir bu sözləri eşitdi, fil-hal Həzrəti- Əliyə süngü həvalə eylədi. Sərvəri-aləm əl uzatdı, kafirin süngüsin orta yerinə yapışdı. Çəkib, əlindən alub yabana atdı və daxi quşağına yapışıb, at üstündən qapub yerə urdı və gögsinə çıxub xəncərin çəkdi, boğazına qodı ki, başını kəsə. Nagah yüzinə baxdı ki, xub surətlü yigitdir” (1, s.170).

Əsərin surətlərindən biri Zülhimar Həzrət Əliyə deyir ki, əgər yaralanmış Əlqamənin yarasını sağaltsan sənə inanaram Həzrət Əli ağzının suyu ilə Əlqaməni müalicə edir. Bundan sonra Zülhimar Həzrət Əliyə inanib İslam dinini qəbul edir. Əlqamə də müsəlman olmuşdu. Həzrət Əli Əlqamə ilə Zülhimarın nikahını kəsib Əlqaməni muradına çatdırır. Bundan sonra Əlqamənin atası Həntələ və onun hakim olduğu qalanın sakinləri də müsəlman olurlar. Xeybər qələbəsindən sonra Məhəmməd Peyğəmbərin (s.ə.s.) Həzrət Əli barədə dedikləri sözlər Şahi-Mərdanın İslam tarixindəki rolunu bir daha nəzərə çatdırır: “Ya Əli! Hər kim səni sevməzsə bəni sevməz, hər kim bəni sevməzsə Allah təalayı sevməz, hər kim Allah təalayı sevməzsə, ona iki cahanda dirlik haramdı” (1, s. 177).

Dastanın üçüncü, dördüncü və altncı bölümləri də Həzrət Əlinin İslam dinini yaymaq uğrunda apardığı mübarizələrə, kafir qalalarını tutmasının təsvirinə həsr edilib. Burada Həzrət Əlinin mifik qüvvələrlə, əjdaha ila döyüş səhnələri vardır. Dastanda Həzrət Əlinin oğlu Məhəmməd Hənifənin qəzəvatlarının təsvirinə də yer ayrılmışdır. Sonuncu “Möcüzətün-Nəbi əlehüssəlam” bölümündə Məhəmməd Peyğəmbərin (s.ə.s.) möcüzələrindən bəhs olunur.

“Həzrət Əli dastanı” bizə gəlib çatdığı variantda şifahi və yazılı ədəbiyyatın ortaq məhsulu kimi diqqəti cəlb edir. Əsərin şifahi xalq ədəbiyyatı, dastançılıq ənənələrimizlə, “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanları ilə səsləşən məqamları barədə müşahidələrimizi qeyd etdik. Əsərin bəzi yerlərində yazılı mənbələrə istinadlar olduğunu da bildirmək istədik. Məsələn, “Möcüzatün-Nəbi əleyhüssəlam” adlı sonuncu bölümün əvvəlində müəllif Əbül Möhsün Əl-Bəkri Məhəmməd bin İshaq və İbn Hüssamın yazdıqlarına əsaslandığını söyləyir.

Dastanın bir yerində rast gəldiyimiz “Bu kitabı yazana və oxuyana və dinləyanə rəhmət oxuya” (1, s.79) sözləri göstərir ki, əsas mövzusu xalq arasında gəzən rəvayət və dastanlardan götürülmüş bu yazılı dastan abidəsi oxucu kütləsi arasında oxunmaq üçün kitab halında tərtib edilmişdir. Bu əsərin kitab halında tərtib edilməsinin, xalq içində oxunmasının özü Həzrət Əlinin şəxsiyyətinin, qəhrəmanlıqlarının, bütövlükdə İslam dininin təbliği məqsədi ilə həyata keçirilmişdir.

Əsərin mürəkkəb süjet xətti, hadisələrin aramsız olaraq bir-birini əvəz etməsi burada dastan, nağıl poetikasına uyğun olaraq keçidlərin meydana çıxmasına səbəb olmuşdur. Bir sıra yerlərdə “Bədəhu” (“Bundan sonra”), “Əz in canib” (“Bu tərəfdən”) kimi keçidlər edilmişdirsə də cümlələrdən ibarət keçidlər də diqqəti cəlb edir. Müəllif bir hadisədən digərinə keçmək üçün aşağıdakı kimi cümlələrdən də istifadə edir” “Bu hekayəmiz burada qərar versin. Amma bizim qissəmiz Əbül-Möhsünə gəldi (1, s.39); “Amma bizim qissəmiz Şahi-Mərdanə gəldi (1, s.60); “Bunlar əl qaldırub dua etməkdə olsunlar, bizim hekayəmiz Həzrət Əliyə gəldi” (1, s.80); “Bu qissəmiz bu arada qərar eyləsün. Bizim hekayəmiz Şahi-Mərdanə gəldi. (1, s.82) və s.

Əsərdəki taşbihlər, müqayisələr onun şifahi xalq ədəbiyyatı, dastançılıq ənənəsi ilə bağlı olduğunu göstərir. Kafir ordusunu əzən müsəlmanlar barədə deyilir: “Ac arslan kibi küffar ləşkərinə girdilər” (1, s.91). Çoxsaylı düşmən ordusunun əsgərləri yay vaxtı hər tərəfə yayılmış qarışqalara bənzədilir:
“Oylə bir ləşkər cəm oldı kim, tağ və səhra yaz karıncası kibi qaynaşur”. (1. s.77). Həzrət Əlinin döyüşdə düşmən qoşunlarını yarması dənizdə dalğalanı dəlib keçən gəmiyə oxşadılır: “Dəryada gəmi talğayı nə rəsmə yararsa, Şahi-Əliyyəl-Mürtəza daxi kafir ləşkərini o rəsmə yarardı” (1, s.49). Müsəlmanların hücumuna tab gətirməyən düşmən qoşunlarının dağınıq şəkildə qaçması çəyirtkə sürüsünün dağılmasına bənzədilir: “Həman bir-birinə basub çəkirgə sürisi kibi tağıldılar” (1. s.56). Əsərdə ifrit belə tasvir edilir: “Qulaqları fil qulağına bənzər və quyruğu əjdərha quyruğuna bənzər. Bu məlunun yarısı yılan, yarısı adam şəklində bir heybətlü məlun” (1, s.71).

Əsərdə çox olmasa da qəhrəmanların psixoloji durumunun əksi maraq doğurur. Dastanın bir yerində Xavəran şah ölkəsinə gəlmiş Həzrət Əli və qoşunlarının qüdrətini eşidib çaşqın, qərarsız vəziyyətə düşüb fikrə dalır. Bu psixoloji vəziyyət belə təsvir edilir: “Çün Şahin-şah bir miqdar əl saqala urub fikrə vardı” (1, s.83). Kami şah Çələbinin qəzəblənməsinin təsvirində müəllifin maraqlı tapıntısı vardır. Şahın onsuz da qara sifəti hirsindən daha da qaralır, qapqara olur: “Kami şah Çələbi bu kərrə qəzəbə gəlüb qəzəbindən ol siyah çöhrəsi qap-qara oldu” (1. s.86). Malik Əjdər hökmdarın qızı Gülüstanbanunu görüb ona aşiq olur. Əgər təkbətək qarşıdurmada ona qələbə çalarsa Gülüstanbanu ilə evlənə biləcəyini eşidib sevinir. Malik Əjdərin bu halı belə təsvir edilir: “Əjdər bu sözi eşidcək şövqindən gah turdı, gah oturdı” (1, s.75).

Dastanın döyüşkənlikdə, qüvvədə kişilərdən geri qalmayan bəzi qadın qəhrəmanları “Kitabi-Dədə Qorqud”un cəngavər qadnlarını, Banuçiçəyi, Burla xatunu və başqalarını xatırladır. Gülüstanbanu özündən güclü gəncə ərə gedəcəyini elan edir va belə də edir. Dilfiruz əlində silah düşmənlə döyüşə girərək Peyğəmbərin sahabəsini, Sad Vaqqas kimi bir qəhrəmanı xilas edir. Əgər “Kitabi-Dədə Qorqud”da yüz sayı üç otuz bir on kimi təqdim edilirsə, “Hazrar Əli dastanı”nda da say sistemində özünəməxsusluqlar vardır. Düşmən əsgərlərinin sayı yeddi yüz min əvəzinə yeddi kərə
yüz bin kimi göstərilir.

XIII-XIV əsrlərdə qələmə alınmış bir sıra yazılı ədəbiyyat nümunələrimiz, “Kitabi Dədə Qorqud” abidəsi kimi oğuz türklərinin müştərək abidəsidir. Oğuz türklərinin bir sıra ortaq dastanları vardır ki, bu əsərlər hələ də Azərbaycan ədəbiyyatının nümunəsi kimi təqdim edilib araşdırılmır. Belə əsərlərdən biri də “Həzrət Əli dastanı” və ya “Həzrət Əli cəngləri” adı ilə tanınan dini-tarixi-qəhrəmanlıq dastanıdır.
Fikrimizcə, Şərqi Anadolu-Azərbaycan bölgəsində formalaşdığına görə onun əsasən Türkiyə və Azərbaycan türklərinə aid olduğunu söyləyə bilərik. Şimali və Cənubi Azərbaycanda hələ ki, tam əlyazma nüsxəsi ortaya çıxmamış bu yazılı dastan abidəsini Türkiyə naşrinə əsasən öyrənmək mümkündür.

“Xeybərnamə”, “Cəngi-Əli” adlı ayrı-ayrı süjetlərinin qələmə alınmış variantlarına AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundakı əlyazmalar arasında rast gəlmək mümkündür. “Həzrət Əli dastanı”nın qəhrəmanlarının, dilinin, bir sıra bədii xüsusiyyətlərinin, ifadə vasitələrinin araşdırılması onun “Kitabi-Dədə Qorqud”, “Koroğlu” və başqa əsərlərimizlə yaxınlığını göstərməkdədir. “Həzrət Əli dastanı”nın, eləcə də tam əlyazma nüsxələri, hələ ki, ölkəmizdə tapılmamış, lakin Türkiyədə nəşr edilmiş oğuz türklərinin bir sıra digər ortaq yazılı dini-qəhrəmanlıq dastanlarının Azərbaycan abidəsi kimi tədqiqi ədəbiyyat tariximizin daha da zənginləşməsinə səbəb olardı.

Ədəbiyyat:

  1. Demir Necati, Mehmet Dursun Erdem. Hazret-i Ali cenkleri. I cild. Ankara: “Destan yayınları”, 2007, 412s
  2. Türk əlyazmaları katoloqu. I cild. Folklor abidələri və müəllifsiz əlyazmalar Təsvir və tərtib edənlər:
    Şamil Cəmşidov, Əli Məmmədbağıroğlu. Bakı: “Elm və təhsil”, 2013, 285
  3. Mirzəyeva Xanım. Azərbaycan dini nağıllarında Həzrət Əli obrazı. ― “Ədəbiyyat məcmuəsi”, XXXII cild. Bakı: ―Elm və təhsil‖, 2018, s.268-274.
  4. Kitabi-Dədə Qorqud. Bakı: “Öndər nəşriyyat”, 2004. 376 s.
  5. Əfəndiyev Oqtay. Azərbaycan Səfəvilər dövləti. Bakı: “Şarq-Qərb”, 2007, 334×8 s.
  6. Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi. Cild 17. İstanbul, s.20-24

İstinad: Filologiya üzrə fəlsəfə doktoru, dosent Aybəniz Rəhimova. Azərbaycan dini-qəhrəmanlıq abidələrindən biri – “Həzrət Əli dastanı” // Əlyazmalar yanmır, 2018, № 2 (7), s.11-18.

Write A Comment