Müasir türk tarixçisi Tufan Gündüz Osmanlı imperiyası ilə müharibələrdə Səfəvilərin bəzi uğursuzluqlarının səbəbini qızılbaş ordusu döyüşçülərinin sayının azlığında görür.
Osmanlı mənbələrinə görə, Səfəvilərin ən güclü vaxtlarında bu dövlətin ordusu təxminən 50.000 döyüşçüdən ibarət olmuşdur.

Müqayisə üçün qeyd edək ki, XVI əsrin I yarısında Osmanlı ordusunda təkcə yenicərilərin sayı 20.000-dən çox idi.
Düzdür, Şah I Abbas Səfəvinin diplomatik missiya ilə İspaniyaya göndərdiyi Oruc bəy Bayat (1560–1604) yazır ki, “Şah istəsə, asanlıqla 200.000 nəfərlik ordu yığa bilər”. Amma görünür, bu, yalnız müstəsna hallarda mümkün olurdu.
Belə ki, Oruc bəy özü təsvir etdiyi döyüşlərin əksəriyyətində osmanlıların canlı qüvvə sarıdan xeyli üstün olduğunu vurğulamışdır. Oruc bəy Bayatın kitabında diqqətimizi cəlb edən digər maraqlı detal odur ki, qızılbaş ordusu əsasən süvarilərdən ibarət olmuşdur. Bunu nə ilə izah etmək olar? Bu suala cavab vermək üçün qədim və orta əsr türklərinin ordu sisteminə nəzərdən keçirməliyik. Türk orduları əsasən süvari bölüklərindən təşkil olunurdu. Bunun da öz səbəbləri vardı. Əvvəla, türk xalqlarında atçılıq çox inkişaf etmişdi. Türklər atlarla çox gözəl rəftar edirdilər. Atçılıq, faktiki olaraq, sırf onlara aid bir sahə idi. Digər tərəfdən isə, türklər at üstündə döyüş sənətinə, o cümlədən, çapa-çapa oxatma bacarığına mükəmməl yiyələnmişdilər.

Keçmişdə hərbi əməliyyatlar zamanı at üstündən ox atmanın üç üsulu olmuşdur. oturaq xalqların orduları Bunlardan ikisini tətbiq edirdilər. Birinci halda döyüşçü atı saxlayıb tam hərəkətsiz vəziyyətə gətirdikdən sonra yayı çəkib, oxu atırdı. Bəzən onun yoldaşı atın yüyənindən tutub saxlayır, bununla atın hərəkətsizliyini, atışın dəqiqliyini təmin etməyə çalışırdı. İkinci halda isə süvari bölüyü çaparaq düşmənə yaxınlaşır və onu ox yağışına tuturdu. Zənnimizcə, nadir hallarda istifadə edilən bu üsul qarşı tərəfdə müəyyən psixoloji gərginlik yaratsa da, onun effektlilik faizi çox aşağı olurdu. Atılan oxların böyük əksəriyyəti hədəfə dəymirdi. Çünki əslən çölçü olmayan xalqlar sürətlə hərəkət edən atın üstündən, yəni qeyri-stabil vəziyyətdən sərrast oxatmanın sirrinə bələd deyildilər. Bu qüsuru qismən də olsa aradan qaldırmaq üçün assuriyalılar, romalılar, bizanslılar çöl xalqlarını – skifləri, hunları və türkləri muzdla öz ordularına cəlb etməyə çalışırdılar.

XI–XIII əsrlərdə səlibçilər xristianlığı qəbul etmiş türklərdən “Turkopole” adlı süvari oxçu birləşməsini yaratmışdılar. Müsəlman türklər, görünür, daha təhlükəli rəqib hesab etdikləri türkəpolları əsir alan kimi edam edirdilər.
Kimmerlər, sakalar, midiyalılar, qədim parslar, parfiyalılar, barsillər, sarmatlar, alanlar, hunlar, türklər, macarlar, monqollar və digər çöl xalqları çapa-çapa kifayət qədər sərrast ox atırdılar. Həmin xalqların qələbələrinin əsas səbəblərindən biri də onların bu döyüş məharəti idi.
Bu döyüş sənəti haqqında bir qədər ətraflı danışaq… Yuxarıda qeyd etdiyimiz kimi, süvarilərin əksəriyyəti çapa-çapa ox ata bilər. Amma məsələ sadəcə ox atmaqda deyil, atışın dəqiqliyində və sürətindədir. Odlu silah geniş yayıldıqdan sonra unudulmuş bu döyüş növünü Avropada yenidən bərpa etmiş macar idmançısı Kaşai Layoş deyir:

“Bir neçə il ağır və gərgin məşq etdikdən sonra qədim türklər kimi çapa-çapa altı saniyədə üç ox atırdım. Lakin dəqiqlikdən söhbət belə getmirdi. Atılan oxların böyük əksəriyyəti hədəfə dəymirdi. Sərrast atışın sirrini açmaq üçün müxtəlif eksperimentlər keçirirdim. Hətta kamana lazer nişangahı da birləşdirdim. Amma heç bir nəticə əldə edə bilmirdim. Buna baxmayaraq ruhdan düşmədim, təcrübələri davam etdirdim və birdən mənə agah oldu ki, oxu atın növbəti sıçrayışından sonra, ayaqlarının dördü də havada olarkən atmaq lazımdır. Stabillik yalnız həmin anda yaranır. Lakin bu an saniyənin çox kiçik bir hissəsidir. Beynin atış əmri verməyə vaxtı qalmır. Həmin anda düşünmək olmaz, tələb edilən yalnız hərəkətdir. Bunun üçün şüuru söndürmək və intuisiyaya arxalanmaq lazımdır. Kifayət qədər təcrübə və bu təcrübənin verdiyi informasiya olmadan belə bir bacarığa yiyələnmək mümkün deyil. Beyin həmin informasiyanı emal edərək intuisiyanı (buna sürətli düşüncə də demək olar) gücləndirir”.
Buradan belə bir nəticə çıxarmaq olar ki, qızılbaşların məhz bu döyüş məharətini nəzərə alan Səfəvi sərkərdələri orduda süvari bölüklərinə daha çox üstünlük verirdilər.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü, Araz Şəhrili

Write A Comment