Azərbaycanda Əhli Beyt sevgisinin ən qədim nümunəsi ölkəmizə pənah gətirən Peyğəmbər (s.ə.s) övladları – seyidlər olub. Ölkəmizə seyidlərin ilk gəlişinin tarixi 8-ci əsrə qədər gedib çıxır.

Seyid ərəbcə ağa, cənab mənasındadır. Dini terminologiyada isə seyid Peyğəmbər (s.ə.s) nəslindən olan, daha konkret deyilsə Həzrət Əli (ə.) və Həzrət Fatimənin (s.ə) övladlarına verilən addır. Cəfəri fiqhinə görə seyidlər xüsusi statusa malik idi. Hətta Çingiz xan qanunlarında “Əli (ə) övladları” üçün xüsusi status nəzərdə tutulurdu.

Azərbaycanda seyid, İmam övladlarının gəlişi haqqında ilk məlumatlar 8-ci əsrə təsadüf edir. 5-ci İmam Baqirin (ə) sağlığında Əməvi sülaləsi tərəfindən incidilən İmam övladları ərəbistanı tərk edərək müxtəlif ölkələrə pənah aparıb. Tarixi mənbələrə əsasən İmam Baqirin (ə) övladları İbrahim və İsmayıl əvvəlcə İrana, daha sonra isə Azərbaycana – Bərdəyə pənah gətirib. Bərdə hakimi İmam övladlarına qapısını açaraq onlara sığınacaq verib. Lakin daha sonra seyidlərin yerini bilən xəlifəlik hakimləri Bərdəyə hərbi qüvvə göndərərək onları tələb edib. Bərdəyə göndərilən xilafət qüvvələri imamzadə (imam övladı) İsmayılın şəhid edib. Onun qardaşı İbrahim isə xilafət ordusundan qaça bilir. Hazırda Bərdədə yerləşən “İmamzadə” ziyarətgahı məhz həmin vaxt şəhid edilən şahzadə İsmayılın məzarıdır.

Bərdə “İmamzadə” ziyarətgahı

İmamzadə İbrahim isə Gəncə şəhəri yaxınlığında yerləşən indiki Əhmədbəyli kəndinə sığınır. Ancaq tezliklə onun da yerini müəyyən edən xilafət qüvvələri şahzadə İbrahimi yaşadığı yerdə amansızcasına qətlə yetirir. Hazırda Gəncədə yerləşən “İmamzadə” türbəsi şəhid edilmiş İmam övladının məzarıdır. Tarixi mənbələrdə İmazadə İbrahimin 739-cu ildə qətlə yetirildiyi qeyd olunur. Həmin vaxtdan etibarən bölgə əhalisi məzlumcasına şəhid edilmiş İmam övladlarının məzarını ziyarətgaha çevirmiş, qəbirləri üzərində sərdabə ucaltmışlar.

Gəncə “İmamzadə” ziyarətgahı

Bu faktın özü göstərir ki, artıq 8-ci əsrin əvvəllərində Azərbaycanda Əhli Beyt və ardıclıları yaşayıb. Ancaq İmamzadə İbrahim və İsmayıl Azərbaycan torpaqlarına gəlmiş yeganə İmam övladları deyil. 9-cu əsrin əvvəllərində 7-ci imam Musa əl-Kazımın (ə) qızı Həzrət Həkimə (ə) də Azərbaycana pənah gətirib burada yaşayıb. Yeri gəlmişkən, bir başqa rəvayətə görə Bakı ətrafında Həzrət Həkimə ilə yanaşı İmam Musa əl-Kazımın (ə) digər qızları Leyla (Bilgəhdə) və Rəhimə (Nardaranda) də dəfn olunub.

Akademik Ziya Bünyadov “Dinlər, təriqətlər” kitabında yazır ki, Bakının cənub-qərbində yerləşən Şıxlar (Şeyxlər) adlanan kənddəki məscidin içində vaxtilə şiələrin yeddinci imamı Musa əl-Kazımın qızı 8-ci İmam Əli ibn Musa ər-Rizanın bacısı Həkimə (Hükeymə) xanımın məqbərəsi var idi: “Məscidin binası üzərindəki kitabələr və əlavə məlumatlar təsdiq edir ki, bina hələ 13-cü əsrin ikinci yarısında mövcud idi. Rəvayətlərə görə, Həkimə xanım xəstələnib, öz yaxın adamları və nökərləri ilə 9-cu əsrdə həmin kəndin içində axan nazil suyuna möhtac olduğu üçün buraya gəlmişdi. Lakin xəstəlik qəfil gəldiyinə görə Həkimə xanım vəfat edib və elə burada da dəfn olunub. Onunla gələnlər isə bu yeri tərk etməyib, burada kənd salıblar. Burada müqəddəs məqbərənin xeyrinə vəqflər (gəliri dini idarənin xeyrinə verilən torpaq mülkiyyət forması) yaradıldı”.

Dini mənbələrə görə, 8-ci İmam Rza (ə) Abbasi xəlifəsi Məmun tərəfindən Xorasana aparıldıqdan bir müddət sonra yaxın qohumları və ailə üzvləri Onu görmək üçün İraq və Ərəbistandan Xorasana yola düşürlər. Ancaq İranın mərkəzində onlar hücuma məruz qalır və ziyarət karvanı dağılır.

İmam Rzanın (ə) bacısı Həzrət Məsumə Quma aparılır. Ailənin digər üzvləri isə müxtəlif bölgələrə – güman ki, Əhli Beyt tərəfdarlarının olduğu yerlərə pənah aparırlar. Məhz həmin tarixdə Həzrəti Həkimə 3 qardaşı övladı ilə İranın Ənzəli şəhərinə, oradan da gəmi ilə Bakıya gəlir. Həzrət Həkimə dünyasını dəyişdikdən sonra Şıx kəndində indiki Bibiheybət ərazisində dəfn olunur.

İlk illərdə İmamzadələrin adı gizli saxlanılsa da, sonradan Bakı əhalisinə və Şirvan əhalisi bu qəbirləri ziyarətgaha çevirdi. Xalq həmişə bu müqəddəs məzarların ziyarətinə gəlir, onların başına dolanırdılar. Maraqlıdır ki, Bibiheybət ziyarətgahını ilk dəfə inşa etdirən Şirvanşahlar olub. 1281-82-ci illərdə Şirvanşah ikinci Fərruxzadın əmri ilə burada ilk minarə, məscid və ziyarətgah kompleksi inşa olunur. Bu fakt onu göstərir ki, məzhəbindən asılı olmayaraq Azərbaycanda yaşayan insanlarda Əhli Beytə böyük ehtiram və sevgi olub.

“Bibiheybət” məscid kompleksi

Maraqlıdır ki, Sara Aşurbəyliyə görə Fərruxzad adı məscidin Şirvanşahlar tərəfindən bərpa edildiyini göstərə bilər və məscidin özü Şirvanşahlardan daha qədim ola bilər.

1547-ci ildə Səfəvi hökmdarı I Təhmasib Zığ kəndini Bibiheybət pirinə vəqf edən fərman verib, ziyarətgahı təmir və bərpa etdirib. Eyni zamanda 1-ci Təhmasib, I Abbas və digərləri öz fərmanlarında vəqf torpaqlarından vergi alınmasını qadağan ediblər. Quba xanı Fətəli xan Bakıda xəstələnib vəfat edir. Fətəli xan vəfat edərkən Bibiheybət pirində dəfn olunmasını vəsiyyət edir.

Qeyd olunan bu faktlar Əhli Beyt (ə) övladlarının 8-9-cu əsrlərdən etibarən Azərbaycanda yaşadığı, bu torpaqlarda hələ İslamın ilk illərindən Peyğəmbər (s.ə.s) Əhli Beytinə sevgi və ehtiram olduğunu göstərir.

Müəllif: Millikimlik Araşdırmaları qrupunun üzvü, Kənan Rövşənoğlu.

Write A Comment