– Kefcil, əxlaqsız adamlar, ərəb xilafəti kimi bir gücə qarşı mübarizə apara bilərdimi?

Bəziləri orta əsr ərəb müəlliflərinin əsərlərini, məlumatlarını əsas gətirməklə Babəkin islam düşməni olaraq ərəb işğalına qarşı yox, din əleyhinə vuruşduğunu yazırlar.

Ərəb müəlliflərinin hansı hakimiyyət dövründə yaşadıqlarını nəzərə alsaq, Babək haqqında yazılanların əksəriyyətinin uydurma olduğunu qətiyyətlə deyə bilərik. Məsələnin ən incə tərəfi isə, qeyd etdiymiz kimi, sözügedən müəlliflərin Babək və xürrəmilər hərəkatına patoloji nifrətidir.

Azərbaycan xalqının ərəb işğalına qarşı 22 illik mübarizəsi və ideoloqu barəsində görün kimlər fikir yürüdür: ərəb mənşəli Ət – Təbəri, Əl – Müqəddəsi, Məsudi, Həməvi, İsfəraini, İbn əl – Əsir, fars əsilli Nəfisi, ingilis C.Sell, alman Q.Flügel, amerikan alim E.Rayt, milliyyəti naməlum M.Tomara. Nəzərə alsaq ki, siyahı hələ tam deyil, o zaman vəziyyətin nə qədər acınacaqlı olduğu ortaya çıxır. Məlum səbəblər üzündən “qonşu əzabkeş xalqın alim”lərini buraya əlavə etmədik, çünki tragikomedik səhnə yaranır.

Adıgedən müəlliflər bu və ya digər formada Babək və xürrəmilər hərəkatını təhqiramiz ifadələrlə aşağılayır, bu hərəkatın iştirakçılarını “kef içində pozğun həyat sürən”, “dinsiz”, “allahsız” adamlar hesab edirlər. Maraqlıdır, kefcil, əxlaqsız adamlar ərəb xilafəti kimi bir gücə qarşı 22 il mübarizə apara bilərdimi? Ümumiyyətlə, belə xarakterli insanlarda azadlıq, istiqlal duyğusu, vətən anlayışı olurmu?

Burada alman alimi A. Müllerin adını qeyd etməmək mümkün deyil, çünki Avropa müəlliflərindən yalnız Müller xürrəmilərin bu anlamda təqdim edilməsini qəti surətdə rədd edir(bax, А.Мюллер. История ислама. II, стр. 196. СПб., 1895 – 1896). Mərhum Z.Bünyadov isə bildirir ki, “Sərxoşluğa, pozğunluğa və əxlaqsızlığa yol verən hər bir azadlıq hərəkatı əvvəlcədən pozulmağa məhkum olardı”.

Ziddiyyətli fikirlər Babək və ardıcıllarının Quranı qəbul etməsi və məscidlərinin olmasında özünü göstərir. Bu baxımdan, Əş – Şəhrəstani “Babəkilərin Qurana dayanaraq onu xürrəmcəsinə izah etmələrini”, Əl – Bağdadi isə Bəzzdə xürrəmilərin məscidinin olmasını yazmaları maraq doğurur.

Belə çıxır ki, bu müəlliflər Babək və tərəfdarlarının müsəlman olduğunu bilirdilər, lakin tutduqları mövqe və siyasi vəziyyət onları “necə lazımdısa” yazmağa “məcbur edib”.

Burada sual yaranır ki, əyər Babək və xürrəmilər atəşpərəst idilərsə, Quranı qəbul edə bilərdilərmi? Yaxud zərdüştilər nə vaxtdan məsciddə ibadət edirdilər? Göründüyü kimi, Babəki xristian, atəşpərəst elan edən həmin ərəb müəllifləri özlərini təkzib edirlər.

Ən başlıcası isə, nə qədər təhrif olunsa belə, Babəkin qan donduracaq, üstündən təxminən 1200 il keçməsinə baxmayaraq, bəşəriyyəti heyrətə gətirən qəhrəmanlığını gizlədə bilmədilər. Ərəb xilafətinin mirzələri olan bu tarixçilər Babəki Karfagen sərkərdəsi Hanniballa müqayisə etməyə məcbur olmuşdular.

Burada bir haşiyə çıxmaq yerinə düşür ki, Babəkin meydana çıxmasına qədər xürrəmilərin xilafəti silkələyən cəmi iki çıxışı olmuşdu: 778 və 808 – ci illərdə. Xürrəmilərə rəhbərlik edən Cavidan və Əbu İmran arasındakı ədavət bu çıxışların qələbə ilə sonuclanmasını əngəlləyirdi.

Babək zəkasının qüdrəti onda idi ki, rəhbərliyə başlayan kimi hərəkatın müvəffəqiyyətsizliyinin səbəblərini müəyyən etməklə, qüvvələri vahid düşmənə qarşı birləşdirməyi bacardı. Orta əsrlərin ən əzəmətli azadlıq müharibəsi olan xürrəmilər hərəkatının strateqi olmaqla yanaşı, Babək həm də bu mübarizənin ideoloqu səviyyəsinə yüksəlmişdi.

Babəki dinsiz, məsləksiz elan edən ərəb xəlifələri və əlaltıları özləri nə dərəcədə islam qayda – qanunlarına əməl edirdilər? Bu sualın cavabı ilə elə Babəkə nifrət edən müəlliflərin sırasında yer tutan Səid Nəfisinin “Babək” əsərində qarşılaşırıq.

Xəlifə Mötəsimin həyat tərzindən bəzi nüansları açıqlayan Nəfisi özü də bilmədən, xəlifənin ən böyük əxlaqsız və islam düşməni olduğunu oxucuya çatdırır.

Doğrudan da, dünyanı lərzəyə gətirən bir imperiyaya qarşı 22 il dayanmadan, usanmadan vuruşmaq, vətəni uğrunda hər hansı kompromisə getməyən, doğma övladından belə keçmək ləyaqətinə sahib olan Babəkin həyat kredosu idi. Yalnız passionarlıq və satılmazlıq aparılan mübarizəni şərəf və qalibiyyətlə sona çatdırmağa imkan verərdi. Babək isə təkcə passionarlıq və satılmazlıq yox, qürur, şərəf simvolu idi.

Əsrlərin bu tayından 1200 illik uzaq tarixə boylandıqca Babəkin böyüklüyünə, uzaqgörənliyinə, ən əsası isə, əzəmətinə heyrətlənməyə bilmirsən. Məhz Babəkin başçılığı ilə Azərbaycan xalqının 22 illik azadlıq müharibəsi nəticəsində ərəb xilafəti kökündən sarsıldı, işğal olunmuş xalqlar istiqlaliyyət uğrunda mübarizəyə qalxmaqla Babəkin ideologiyasını məntiqi şəkildə həyata keçirməyə nail oldular.

Babək şərəfli, eyni zamanda təkrarsız həyat yoluyla özündən sonrakı azadlıq mücahidlərinə bir mayak oldu. Nə yazıqlar ki, biz heç bir millətdə mövcud olmayan bu cür təkrarsız şəxsiyyəti yadellilərin ixtiyarına vermişik. Görəsən heç vicdanımız ağrıyırmı ki, tariximizi bizə düşmən olan yadellilər yazır və haqqımızda məqsədli şəkildə mənfi fikirlər formalaşdırırlar.

Xalqın tarixini onun bağrından qopmuş, ağrı – acılarını yaşayan, duyan doğma tarixçiləri yazmalıdır. Çünki, hər hansı bir faktın mənbəyi tarixçinin fərdi xüsusiyyətilə aşkara çıxır.

Qeyd etdiyimiz xarakter cizgilərilə Babək təkcə sərkərdə, azadlıq mücahidi yox, həm də əsrlərə hökm edən tarixi şəxsiyyətdi. Nəyin bahasına olursa – olsun Babəki tarixdən silməyə cəhd edənlər özləri tarixin arxivinə gömüləcəklər. Bunu bizə Babəkin əsrləri aşıb gələn, bu gün də aktuallığını saxlayan, adı böyük hərflərlə yazılan Vətən adlı ideologiyası deyir.

📜 Ruhəngiz Kərimlinin “Əsrlərə hökm edən fenomen – Babək” məqaləsindən

Write A Comment