I Şah İsmayılın dövrünün tarixi gerçəkliklərini əsərlərində olduğu kimi əks etdirməyə cəhd göstərmiş tarixçi İ.P.Petruşevski yazır ki, Səfəvilər sarayında və orduda bu vaxtlar Ön Asiyanın bütün türkdilli tayfalarına aydın olan Azərbaycan dili qəbul edilmişdir və bu ədəbi dil Azərbaycan sərhədlərindən kənarlara da yayılmışdı.

«Xolde-bərin də Müseyib xan Şərəfəddin oğlu Təkəli və Şahqulu bəy Ərəb oğlu Rumlunun gözəl təbə malik olduqları, doğma dillərində, yəni Azərbaycan türkcəsində şeirlər yazdıqları haqqında verilmiş məlumat P.Petrusevskinin qeyd edilən fikrinin doğruluğunu təsdiq edir.

Mənbədə göstərilir ki, II Şah İsmayıl dövründə Rey hakimi olan Müseyib xan Şərəfəddin oğlu Təkəli bacarığına, musiqi duyumuna, yazdığı gözəl şeirlərə görə türk əmirləri arasında seçilir və sevilirdi. O, xanədandan bir qız ilə evlənmək istəmiş, ancaq ümidi boşa çıxdıqda aşağıdakı rübaini yazıb Sultan Məhəmmədə göndərmişdi:

Ey şah-i cahan biəsər oldu əməgim,
Dutdi qəm əli əlim, ayağı ətəkim.
Yüz yildəki xidmətimlə dərgahında,
Solduş əməginə döndü axır əməgim

Mənbədə II Şah İsmayıl və Sultan Məhəmməd dövründə xəlifət əl-xüləfa vəzifəsində olmuş Şahqulu bəy Ərəb oğlu Rumlunun da türkcə yazdığı şeirlərdən aşağıdakı rübai verilmişdir:

Könlüm quşun ol nargizi fattan apara,
Kimdir ki, onun qəmzəsindən can apara.
Şeytan, şeytan dedikləri gər bu isə,
Mən razıyam imanımı şeytan apara.

Azərbaycan türk ədəbi dilinin bu iki orijinal nümunəsi xalq dilində olub, lüğət özəyinə görə müasir dilimizdən fərqlənmir.

Zabil Bayramovun, “Səfəvi dövlətinin etnik mənsubiyyətinə dair” məqaləsindən

Write A Comment