Yaxın Şərqin kiçik, lakin etnik və dini-məzhəbi baxımdan mozaik ölkəsi Livanda həmvətənlərimiz olan türkmənlər də yaşayır. Araşdırmalara görə, hazırda Livanda 50 mindən bir qədər çox türkmən yaşayır. Onların təxminən 10 min nəfəri Qaraqoyunlu türkmənlərdir.

Türkmən tayfaları əsasən Bəka vadisində 6 yaşayış məntəqəsində yaşayır. Bunlar: Duris, Şeymiyyə, Hədidiyyə, Addus, Nanaiyyə, Məşari əl-Kaa qəsəbə və kəndləridir. Bu məntəqələrin bir çoxunda türkmənlər əhalinin tamamını təşkil etsələr də, bəzi yerlərdə ərəblərlə – müsəlman və xristian – yanaşı yaşayırlar.

Bundan başqa, Beyrut və Şimal vilayətində də türkmən yaşayış məntəqələri, həmçinin Sudiya ilə sərhədə yaxın ərazidə Bəəlbək türkmənləri yaşayır. Bundan başqa, 19-cu əsrdə Krit adasının Yunanıstanın nəzarətinə keçməsindən sonra adanı tərk edərək Osmanlı nəzarətindəki Livana (o zaman Suriya) köçmüş “kritli” türkmənlər də Livanda yaşayır.

Türkmənlərin Livana yerləşməsi ilə bağlı iki məşhur nəzəriyyə var. Birincisi və Türkiyədə daha əvvəl geniş yayılmış nəzəriyyəyə əsasən, türkmənlər Yavuz Sultan Səlimin Misirə yürüşü zamanı orduya cəlb olunub və daha sonra bu ərazidə qalıb. Lakin son illərdəki araşdırmalar, eləcə də xarici və Livan tarixçilərinin araşdırmasına görə, türkmənlərin Livana yerləşməsi daha qədim tarixə malikdir.

Məsələn, tarixçi Charles Winslow Livan tarixi ilə bağlı araşdırmasında yazır ki, Livan dağına hakim olan Məmlüklər 12-ci əsrdə Kisrivandan Trablusa qədər ərazini bir neçə ərazi vahidinə bölmüş və buralara türkmən əsilli tayfaları köçürmüşlər. Araşdırmaçı yazır ki, Məmlüklər 1306-cı ildə Beyrut ətrafı əraziləri nəzarətdə saxlamaq üçün türkmən Assaf qəbiləsini bu əraziyə köçürüb.

Həmçinin 1440-cı illərdə Kəsrəvan dağları bölgəsini türkmən bəyləri idarə edib. maraqlıdır ki. bu dövr Azərbaycan Qaraqoyunlu dövlətinin mövcud olduğu illərə uyğun gəlir. Belə görünür ki, o illərdə Yaxın Şərqdəki qaraqoyunlularla hansısa bağlar olmuşdur.

Livanlı tarixçi Kamal Salibi “A House of Many Mansions” adlı əsərində Türkmənlərin 1306-cı ildən 16-cı əsrə qədər Kəsrəvan vilayətini idarə etdiyini yazır. Yəni başqa sözlə, türkmənlərin Livana yerləşməsi Osmanlıdan daha əvvələ təsadüf edir.

Əlbəttə, bəzi türkmən tayfalarının Səlim dövründə və bilindiyi kimi, hətta 19-cu əsrdə Livana köçməsi ilə bağlı məlumatlar da vardır.

Hətta bəzi mənbələr Qaraqoyunlu türkmənlərin 11-ci əsrdə Suriya-Livan regionuna köçdüyünü iddia edir.

Hazırda Livan türkmənlərinin bir qismi əsasən ucqar kəndlərdə yaşayanlar dil, adət və ənənələri yaşadır, kənar təsirlər azdır. Lakin bölgəni tədqiq edən araşdıprmaçılara görə, böyük şəhərlərdə və eləcə də qəsəbələrdə qarışıq yaşayan türkmənlər arasında assimilyasiya elementləri güclüdür.

Maraqlıdır ki, livanlı türkmənlər (Qaraqoyunlular) dillərinə “Obaççi” deyir, danışmağa isə döndürmək deyir.

Qeyd edək ki. Türkiyənin “Anadolu” Agentliyi bir neçə il əvvəl Livan türkmən – Qaraqoyunlu kəndlərini gəzərək bəzi xalq ədəbiyyatı nümunələrini toplayıb. Aşağıda verilən bu nümunələrdə klassik bayatı tərzi “dördlüklər”dən Azərbaycan dili ilə çox yaxınlığı sezmək mümkündür.

Mətnləri Agentliyin təqdim etdiyi formada, toxunulmadan paylaşırıq.

“Dam başından dam iki
Yıldız saydım on iki
Ellərin urubu gəldi
Hanı sabah yıldızı

Harman yeri hış yeri
Sevdiğim yavaş yeri
Yüzündeki çıbanlar
Öpüş yeri, diş yeri

Arap evi düzdedir
Zülüfleri yüzdedir
On iki kız sevdim de
Diyi yüreğim (o) kızdadır

Sen deme ben derim
Anana ben derim
Baban seni vermezse
Seni alır kaçırım

Zurna çala çala
Çıktım bir yüce dala
Seni alıp gidecem
Korkiyim baban duya

Ben gara atım gara
Ben gidirim Argal’a
Ya gellim ya gelmem
Ağlaya gözü gara

Ekmek yaptım terredim
Kapıya çıktım perredim (ferahladım)
Görürüm Genco gelir
Kapıya kurban bağladım”

“Ben gidilin yoluna
Hancer battı goluma
Selam salın dostuma
Berhem salsın goluma

Ayadın aya batmaz
İtleri yavuz yatmaz
Bir gahpe umması var
Gızından ayrı yatmaz

Gidilim yolca yolca
Yolun çiçeği borca
İtin kıznın köpegi
Beni batırdı borca

Ay gider üce gider
Kervanlar gece gider
Sağ göğsünün üstünden
Yol doğru hacca gider

İpliğim taraktadır
Sevdiğim yıraktadır
Sağ olsun yırak olsun
Muhabbeti yürektedir

Oturmuş daş üstüne
Galemi gaş üstüne
Oğlan demiş bir öpüş
Gız demiş baş üstüne

Galanın altı yapı
Kilidi zemzem sapı
Seni bana verseler
Dilensem gapı gapı

Bu alan da bu alan
Gözü çıksın dul alan
Cennette gokusu var
Gızın elinden gül alan

Emmim oğlu sen misin
Bir dilim hıyar mısın
Elindeki gümüş bıçak
Vurmaya gıyar mısın

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü, Kənan Rövşənoğlu

Write A Comment