Məhəmməd Əmin Rəsulzadənin anım gününə…

Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) qurucu lideri, dövlət və ictimai xadimi, siyasətçi və publisist Məhəmməd Əmin Rəsulzadənin vəfatından 68 il keçir. Məhəmməd Əmin Rəsulzadə Ankarada 1955-ci il martın 6-da dünyaya əbədi olaraq gözlərini yumana qədər o yorulmadan, usanmadan Azərbaycan üçün 53 il dayanmadan mübarizə aparıb.

1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olan Məhəmməd Əmin Rəsulzadə ictimai fəaliyyətə çox erkən – 17 yaşında başlayıb. Bakıda “Rus-müsəlman” məktəbində, daha sonra Bakı texniki məktəbində təhsil alan gənc Rəsulzadə 1902-ci ildə on yeddi yaşında “Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi. 1906-cı ildən etibarən bu təşkilat Müsəlman Demokratik Müsavat Cəmiyyəti adını almışdır.

1908-ci ildə təqiblərdən qaçaraq İrana gedən Məhəmməd Əmin Rəsulzadə burada Məşrutə inqilabında iştirak edir, 1910-cu ilin sentyabr ayında bir neçə siyasi fəalla birlikdə İran Demokrat Partiyasının əsasını qoyur. Eyni zamanda “İran-nou” və “İrane Ahat” qəzetlərinin baş redaktoru olur.

1911-ci ildə İranda təqiblərdən qaçaraq İstanbula gedən Rəsulzadə burada da boş dayanmayıb. İctimai-siyasi fəaliyyətə qoşulur, “Türk ocağı” cəmiyyətində çalışır və təşkilatın əsas orqanı olan, 1911-ci ilin noyabr ayından nəşrə başlayan “Türk yurdu” jurnalının fəal yazarlarından biri olur.

1913-cü ildə yenidən Azərbaycana qayıdan Rəsulzadə yenidən siyasi fəaliyyətini davam etdirir. 1917-ci ilin aprelin 15–20-də Bakıda Qafqaz Müsəlmanları Qurultayında Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə Rusiyanı federativ şəkildə təşkil etmək haqqında qərar çıxarılır.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilir.

Məhəmməd Əmin Rəsulzadə 1911-ci ildə təsis etdiyi Müsavat Partiyasının lideri olub və eyni zamanda 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunduqdan bir gün sonra müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurasının sədri seçilib.

23 ay davam edən Azərbaycan Xalq Cümhuriyyətinin faktiki rəhbəri olmasına baxmayaraq Rəsulzadə bu dövrdə Azərbaycanda az olub. Yeni yaranmış müstəqil Azərbaycan dövlətinin qorunub saxlanması, işğal altındakı ərazilərin azad edilməsi üçün mütəmadi olaraq xarici ölkələrdə olub və AXC-nin yaşaması üçün əlindən gələni edib.

İyunun 17-də Azərbaycan milli şürasının iclasında M.Ə.Rəsulzadə öz alovlu nitqində deyirdi:

“Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir. Bu yeni türk nüzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə vəsail-həyat olaraq girə biləcək, yoxsa sısqa çocuq kimi südəmər halında tərki-həyat edəcəkdir? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki, müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşküllüyü ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor”.

1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra həbs olunan M.Ə.Rəsulzadə Stalini 1905-ci ildə ölümdən xilas etdiyi üçün Bakıda olan Stalin tərəfindən azad edilərək Moskvaya aparılır. Ancaq 1922-ci ildə M.Ə.Rəsulzadə Rusiyanı gizli yolla tərk etməli olur. Sonrakı illərdə Polşa, Türkiyə və digər Avropa ölkələrində yaşayan Məhəmməd Əmin Rəsulzadə Azərbaycan uğurunda mübarizəsini davam etdirmiş, “Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti”, “Əsrimizin Səyavuşu”, “İstiqlal məfkurəsi və gənclik” kitabları çap edilib.

1923-cü ilin sentyabrın 16-da Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə İstanbulda “Yeni Qafqasya” jurnalı nəşrə başlayır. Rəsulzadə 1928-ci ildə gizli şəkildə “Azəri Türk” adlı jurnalı İstanbulda çap etməyə başladı. 1928-ci ildə İstanbulda “İnqilabçı Sosializmin iflası və demokratiyanın gələcəyi”, “Millət və Bolşevizm” və “Qafqasya türkləri” kimi əsərlərini çap olunur.

Nyu-Yorkda ingilis dilində nəşr olunan “Ukrayna” toplusunun 1951-ci il 3-cü nömrəsinin 7-ci cildində “Azərbaycan respublikası” məqaləsi çap edilmişdir. Həmçinin Londonda ingilis dilində nəşr olunan Britaniya ensiklopediyasında “Müsavat partiyasının yaranması tarixi və Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkülünə aid” məqalə də onun qələmindən çıxmışdır. İkinci dünya müharibəsindən sonra Türkiyədə nəşr edilməkdə olan Türk ensiklopediyasında Azərbaycana aid məqalələrin bir çoxu Məhəmməd Əmin Rəsulzadə tərəfindən yazılmışdır.

Ankarada yaşadığı dövrdə o, “Türk tarix qurumu” və “Türk dili qurumu” ilə yaxından əməkdaşlıq etmişdir. 1952-ci ildən Ankarada nəşr olunan “Azərbaycan” jurnalında xalqımızın tarixi və ədəbiyyatı haqqında silsilə məqalələri yerləşdirilmişdir. Müəllifin türk, alman, fransız, ingilis, polyak, rumun, rus, fars və başqa dillərdə çap olunmuş tarixi-siyasi mövzulu 30-dan çox kitabını və yüzlərlə məqalələrini ədəbiyyatşünaslıqla bağlayan xətlər güclüdür.

1955-ci il martın 6-da Ankarada Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan üçün yorulmadan döyünən və mübarizə aparan ürəyi dayanır. Ancaq onun əsərləri və ən böyük əsəri olan Azərbaycan yaşayır. 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini qazanır.

Əlbəttə, müstəqil Azərbaycan Məhəmməd Əmin Rəsulzadənin yadigarıdır. Müstəqil Azərbaycan Respublikası 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tarixi-siyasi varisi kimi dünya birliyində yerini aldı. Azərbaycan var olduqca onun qurucu ataları, başda Məhəmməd Əmin Rəsulzadə olmaqla, xatırlanacaq. Ruhu şad, məkanı cənnət olsun!

Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Kənan Rövşənoğlu

Write A Comment