Bəs siz bilirdiz? Bəzi araşdırmaçılara görə Üzeyir Hacıbəyli “Koroğlu” uvertürasını məhz müstəqil Azərbaycanın ilk parlamentinin açılışına həsr edib.

Bu gün Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qanunverici orqanı – parlamentin açılış gündür. 1918-ci il dekabrın 7-də Bakı şəhərində indiki İstiqlaliyyət küçəsində yerləşən Qızlar məktəbində parlamentin açılış olur. Bu, Azərbaycan tarixində mühüm bir hadisə olur.

Parlamentin yaradılması çalışmaları isə hələ bir neçə ay əvvəl başlamışdı.

1918-ci il iyunun 17-də Gəncədə öz fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası noyabrın 16-da öz işini yenidən bərpa edir.

Və F.X.Xoyskinin müraciəti ilə Milli Şura Müəssisələr Məclisini çağırmaq üçün görülməli olan işləri öz öhdəsinə götürür. Noyabrın 19-da Milli Şuranın M.Ə.Rəsulzadənin sədrliyi ilə keçən iclasında qeyd olunurdu ki, Azərbaycan Milli Şurası Azərbaycan ərazisində yaşayan bütün millətləri təmsil etməlidir.

Beləliklə hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1 nümayəndə olmaqla Azərbaycan Parlamentini 120 nəfərdən ibarət formalaşdırmaq qərara alınır. Bu məslə ilə bağlı Milli Şuranın qəbul etdiyi qanunda göstərilirdi ki, azlıqda qalan millətlərin bütün nümayəndələri olacaq. Müsəlmanlardan isə 44 Milli Şura üzvü ümumi səsvermə yolu ilə seçildikləri üçün yeni Parlamentə üzv daxil olurlar. Qalan 36 nəfər isə əlavə şəxslər cəlb olunur. Qanunda Azərbaycanın ayrı-ayrı şəhər və qəzaları üzrə əlavə göndəriləcək nümayəndələrin sayı da müəyyən edilmişdir.

Azərbaycan Cümhuriyyəti Parlamentinin çağırılması ilə əlaqədar Azərbaycan Milli Şurası adından, onun sədri, M.Ə.Rəsulzadənin imzası ilə 1918-ci il noyabr ayının 29-da Azərbaycan və rus dillərində “Bütün Azərbaycan əhalisinə!” Müraciətnaməsi dərc edilir.

Parlamentin açılışı 1918-ci il dekabrın 3-ə təyin olunsa da, lakin Bakıda fəaliyyət göstərən rus və erməni Milli Şuraları əleyhinə olduqları Azərbaycan Parlamentinin açılmasına hərtərəfli mane olmaq üçün bu ərəfədə Bakıya gəlmiş Müttəfiq qoşunlarının baş komandanı general Tomsondan istifadə etməyə çalışırdılar. General Tomsonla aparılan danışıqlarla əlaqədar olaraq və qəzalardan bütün deputatların Bakıya gələ bilməsini nəzərə alaraq Parlamentin ilk iclasının açılışı dekabrın 7-ə keçirilir.

1918-ci il dekabrın 7-i H.Z.Tağıyevin Nikolayev (indiki İstiqlaliyyət) küçəsində yerləşən keçmiş qız məktəbinin binasında müsəlman şərqində ilk parlamentin birinci iclasının açılışı oldu. Parlamenti açan Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə böyük təbrik nitqi söyləyir.

Ə.Topçubaşov Parlamentin sədri, Həsənbəy Ağayev isə sədrin birinci müavini seçilirlər.

Parlamentin 3 nəfərdən ibarət katibliyi də seçilir, Mehdi bəy Hacıniski baş katib seçilir.

Sonra Azərbaycan Cümhuriyyəti müvəqqəti hökumətinin sədri F.X.Xoyski hökumətin fəaliyyəti haqqında hesabat verir və hökumətin istefasını qəbul etməyi Parlamentdən xahiş edir.

Parlament F.X.Xoyski hökumətinin istefasını qəbul edir və yeni hökumətin tərkibini formalaşdırmağı yenə də ona tapşırır. Dekabrın 26-da F.X.Xoyski hökumət proqramı və hökumətin tərkibi barədə Parlamentdə məruzə edir. Proqram bəyənilir, yeni tərkibdə hökumətin tərkibinə etimad göstərilir.

Azərbaycan Parlamenti yarandığı ilk gündən öz işlərini demokratik cümhuriyyətlərə xas təşkilati prinsiplər əsasında qurur. Artıq 1919-cu ilin axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi.

Bütün partiya fraksiya və qrupları öz fəaliyyət proqramları haqqında bəyanatlar verirlər. Bu bəyanatlarda ümumi bir məqsəd var idi – gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli və siyasi hüquqlarını qoruyub saxlamaq Azərbaycan xalqının və hökumətinin digər xalqlar və dövlətlərlə, xüsusilə qonşu dövlətlərlə dostluq əlaqələrini yaratmaq və möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət quruluşunu bərqərar etmək, geniş sosial islahatlar həyata keçirmək, ölkəni müdafiə edə biləcək güclü ordu yaratmaq.

Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti özünün həyatiliyi və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi. Göstərdi ki, Azərbaycan xalqı həqiqətən parlament idarəçiliyi səviyyəsinə yüksəlmişdir. O vaxt Azərbaycan Cümhuriyyəti müsəlman şərqində yeganə parlamentli respublika idi.

Bu dövr ərzində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilmişdir. İlk iclas 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də olmuşdur.

Fəaliyyət müddətində Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmışdır ki, onlardan da 230-a yaxını təsdiq edilmişdir. Parlamentin fəaliyyəti bilavasitə onun nizamnaməsi rolunu oynayan “Azərbaycan Parlamentinin nakazı (təlimatı)” ilə tənzimlənirdi.

Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi. Maliyyə-büdcə, qanunvericilik təklifləri, Müəssisələr Məclisinə seçkilər keçirmək üzrə mərkəzi komissiya, mandat, hərbi, aqrar məsələlər: sorğular üzrə, təsərrüfat-sərəncamverici, ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət, redaksiya və fəhlə məsələləri üzrə komissiyaları idi. Azərbaycan Xalq Cümhuriyyəti hüquqi Dövlət yaratmaq üçün hakimiyyətin qanunvericilik, icraedicilik və məhkəmə orqanlarına bölünməsi prinsipini də nəzərdə tuturdu.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin bütövlükdə fəaliyyəti daha çox ölkənin sosial-iqtisadi və maliyyə problemlərinin həllinə, ölkənin siyasi və ərazi toxunulmazlığını təmin etməyə, vətəndaşların hüquqlarını qorumaq, dövlətin demokratik və hüquqi əsaslarını möhkəmləndirmək, Azərbaycan Cümhuriyyətinin dünya dövlətləri tərəfindən tanınması üçün şərait yaratmaq, onun xarici ölkələr, ilk növbədə isə yaxın qonşuları ilə, siyasi, iqtisadi və ticarət əlaqələrini yaratmağa yönəlmişdi.

Eyni zamanda bu dövr ərzində vətəndaşlıq haqqında, ümumi hərbi mükəlləfiyyət haqqında, mətbuat haqqında, Milli Bankın təsisi haqqında, Bakı dövlət Universitetinin yaradılması haqqında, gömrük və poçt-teleqraf xidmətinin təkmilləşdirilməsi haqqında, məhkəmə qanunvericiliyi haqqında və s. Sənədlər də parlamentdə müzakirə edilib və qəbul edilmişdi.

1920-ci il 28 aprel işğalı ilə Azərbaycan müstəqil dövlət olmaq yolunda səylərini dayandırmış oldu. Uzun sürən çətinliklər nəticəsində beynəlxalq aləmdə de-fakto tanınan Azərbaycan yalnız 23 ay müstəqil ola bildi.


Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin tərkibi:

Parlamentin sədri – Əli Mərdan bəy Topçubaşov

Sədrin I müavini – Həsən bəy Ağayev

Sədrin müavini – Məmmədyusif Cəfərov

Parlamentin baş katibi – Bağır bəy Rzayev

Katiblər – Mehdi bəy Hacınski, Bayram Niyazi Kiçikxanlı

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri

(1918-1920-ci illər)

I. “Müsavat” və bitərəflər fraksiyası

1. Məhəmməd Əmin Rəsulzadə.

2. Həsən bəy Ağayev.

3. Nəsib bəy Yusifbəyli (Yusifbəyov).

4. Xəlil bəy Xasməmmədov.

5.Məmməd Həsən Hacınski.

6. Abbasqulu Kazımzadə.

7. Musa bəy Rəfizadə (Rəfiyev).

8. Şəfi bəy Rüstəmbəyli (Rüstəmbəyov).

9. Cavad bəy Məlik-Yeqanov.

10. Mehdi bəy Hacınski.

11. Mehdi bəy Hacıbababəyov.

12. Rəhim bəy Vəkilov.

13. Hacı Səlim Axundzadə.

14. Mustafa Mahmudov.

15. Asəfbəy Şıxəlibəyov.

16. Əhməd Həmdi Qaraağazadə.

17. Abuzər bəy Rzayev.

18. Ağa Əminov.

19. Nəriman bəy Nərimanbəyli (Nərimanbəyov).

20. Mirzə Sadıx Axundzadə.

21. Müseyib bəy Axıcanov.

22. Mustafa bəy Vəkilov.

23. Məmməd Bağır Şıxzamanov.

24. Məmmədəli Rəsulzadə.

25. Murtuza Axundov.

26. Rza bəy Ağabəyov.

27. Məmmədrza Vəkilov.

28. Cəlil bəy Sultanov.

29. Əşrəf Tağıyev.

30. Məmməd Yusif Cəfərov.

31. Mirzə Əsədullayev.

32. Yusif Əhmədzadə (Əhmədov).

33. Baxış bəy Rüstəmbəyov.

34. Fətəlixan Xoyski.

35. Ağa bəy Səfərəliyev.

36. Əsədulla Əhmədov.

37. Ağa Aşurov.

38. Qulamhüseyn bəy Kazımbəyov.

39. Yusifəli Əliyev.

40. Mir Hidayət Seyidov.

II. “İttihad” fraksiyası

1.Qara bəy Qarabəyli (Qarabəyov).

2. Mir Yaqub Mehdiyev.

3. Qazi Əhməd bəy Məhəmmədbəyov.

4. Cəmil bəy Ləmbəranski.

5. Bəhram bəy Vəzirov.

6. Sultanməcid Qənizadə (Qəniyev).

7. Həmdulla əfəndi Əfəndizadə.

8. Zeynal bəy Vəzirov.

9. Heybətqulu bəy Məmmədbəyli (Məmmədbəyov).

10. Əli bəy Zizikski.

11. Qara bəy Əliverdilər.

l2. Əsəd bəy Əmirov.

13. İsgəndər bəy Axundov.

14. Ağa bəy Səfərəliyev

III. “Əhrar” fraksiyası

1. Aslan bəy Qardaşov.

2. Hacı Molla Əhməd Nuruzadə.

3. Muxtar əfəndi Əfəndizadə.

4. Qərib Kərimoğlu.

5. Bayram Niyazi Kiçikxanlı (Kiçikxanov).

6. Hacı Hüseyn Əfəndiyev.

7. Qasımoğlu Hacı Əli.

8. Abdulla əfəndi Qabulov.

IV. Sosialistlər fraksiyası

1. Səməd ağa Ağamalıoğlu (Ağamalov).

2. Əliheydər Qarayev.

3. Qasım bəy Camalbəyov.

4. Hacı Kərim Sanılı (Sanıyev).

5. Əhməd bəy Pepinov.

6. Camo bəy Hacınski.

7. Rza bəy Qaraşarlı (Qaraşarov).

8. Aslan bəy Səfikürdlü (Səfikürdski).

9. İbrahim Əbilzadə (Əbilov).

10. Bağır Rzayev.

11. Vladislav Bakradze.

12. Əkbər ağa Şeyxülislamzadə (Şeyxülislamov).

13. İbrahim İsmayılzadə.

14. Abbas bəy Atamalıbəyov.

V. Bitərəflər fraksiyası

1. Bəhram bəy Axundov.

2. Behbud xan Cavanşir.

3. Əbdüləli bəy Əmircanov.

4 Əhməd bəy Ağayev.

VI. Müstəqillər fraksiyası

1. Əlimərdan bəy Topçubaşov.

2. Səməd bəy Mehmandarov.

3. Xudadat bəy Məlik-Aslanov.

4. Baba bəy Qəbulzadə (Qəbulov).

VII. Sol müstəqillər fraksiyası

1. Abdulla bəy Əfəndizadə (Əfəndiyev)

VIII. “Slavyan-rus cəmiyyəti” fraksiyası

1. Viktor Klenevski.

2. Vasili Kravçenko.

3. Sergey Remizov.

4. Vinoqradov M.N.

5. Fyodor Kotilevski.

IX. Milli azlıqlar fraksiyası

1. Lorens Kun.

2. Moisey Quxman.

3. Vasil Kujim .

4. Stanislav Vonsoviç.

5. Dubrovski.

6. Ollonqren V.K.

7. Mixaylov S.M.

X. Erməni fraksiyası

1. Arşak Paronyan.

2. Yervan Taqionosov.

3. İsak Xocayev.

4. Stepan Taqionosov.

5. Georgi Şahnazarov.

XI. “Daşnaksutyun” fraksiyası

1. Arşak Malxazyan.

2. Xoren Amaspür.

3. Poqos Çubaryan.

4. Abqar Papyan.

5. Aleksandr Ter-Azaryan.

6. Boqdan Balayans

7. Papyan İ.

(Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild, Bakı. “Lider nəşriyyat”, 2004, səh. 151-154)

Azərbaycan Parlamenti və Koroğlu uvertürası

Bəzi araşdırmaçılara görə Üzeyir Hacıbəyli “Koroğlu” uvertürasını məhz müstəqil Azərbaycanın ilk parlamentinin açılışına həsr edib.

Dahi bəstəkar parlamentin açılışına həsr etdiyi “Təəssürat” məqaləsində belə yazır: “Parlamanımız açıldı, gördük, Fətəli xan doğru dedi ki, yatsa idik də, yuxumuza girməzdi..”

“Məhəmməd Əmin (Rəsulzadə − red.) nitqində bu üç rəngin: türkləşmək, islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə, – Bu bayraq endiriləməz! − dedikdə bütün Məclis ayağa qalxıb, əl çala-çala bayraqları salamlarkən təəssürati-fövqəladəmdən başımın tükləri biz-biz durdu” (bax:Ü.Hacıbəyli. Təəssürat. “Azərbaycan” qəzeti, 9 dekabr 1918, №60).

Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Kənan Rövşənoğlu

Write A Comment