Yəhudi jurnalist Pyotr Lyukimson yazır: “İsrail ordusu indiyə qədər bu əməliyyatın təfərrüatını bilmir.”

2020-ci il 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan ordusu 300-dən çox yaşayış məntəqəsini, 5 şəhəri vuruşa-vuruşa, necə deyərlər qanla azad edib. Lakin bunların içərisində biri miqyasına və əhəmiyyətinə görə tarixə düşüb. Bu, Şuşanın azad edilməsi əməliyyatı idi.

Ancaq eyni zamanda Şuşa Qarabağ Xanlığının tarixi paytaxtı, mədəniyyət mərkəzidir. Ermənistan 1992-ci il mayın 8-də Azərbaycandakı siyasi böhran və xaotik vəziyyətdən istifadə edərək Şuşanı işğal etmişdi. Şuşanı işğal əməliyyatına “Dağlarda toy” adı verən ermənilər bunu xüsusi gün və erməni ordusunun uğuru kimi təbliğ edirdilər.

Ancaq qisas qiyamətə qalmadı və 28 ildən sonra Şuşa Azərbaycan əsgərinin heyrətamiz bacarığı, ağıllı taktika və inanılmaz qəhrəmanlığı nəticəsində işğaldan azad edildi. Özü də hər ev uğurunda vuruşaraq. 2020-ci il Şuşa əməliyyatı ermənilərə heç bir zaman unudulmayacaq toy tutdu.

Şuşaya doğru

2020-ci il oktyabrın 22-dən sonra hər an atəşkəsin baş verəcəyi ehtimalı artdı. Çünki Rusiyanın və beynəlxalq təşkilatların iki dəfə təyin etdiyi atəşkəs razılaşması pozulmuş və Azərbaycan hücumları davam etdirmişdi. Aydın idi ki, növbəti atəşkəsin davamlı olması və müharibənin dayanması ehtimalı yüksək idi. Bu səbəbdən də Azərbaycan komandanlığı kəşfiyyat və xüsusi təyinatlı qüvvələrə Şuşa istiqamətinə, o cümlədən Laçın-Şuşa yolunu nəzarətə götürməyi tapşırır. Beləliklə, Azərbaycan ordusu meşəliklər və dağlar vasitəsilə heç bir zirehli texnika, hətta avtomobillər belə olmadan yüngül silahlarla Şuşaya doğru irəliləyir.

Həm ərazi, həm də seçilən marşrut nəqliyyat vasitələri üçün uyğun olmadığından Azərbaycan qüvvələri beş gün Şuşa istiqamətində piyada davam etməli idi. Azərbaycan Prezidenti İlham Əliyev daha sonra bunu təkrar vurğulayaraq Azərbaycan əsgərlərinin Şuşa şəhərinə çatmaq üçün yarğanları, meşələri və dağları keçdiklərini qeyd etmişdir.

Erməni komandanlığı Azərbaycan qoşunlarına Qırmızı Bazar ətrafında müqavimət göstərməyi hesablamışdı, oradan Şuşakəndə yol gedir, sonra isə həmin yol Şuşaya qalxır.

Ermənistan ordusunun Azərbaycan qoşunlarının Şuşaya həmləsini gözlədiyi ikinci istiqamət isə Laçın istiqaməti idi. Lakin Azərbaycan ordusunun komandanlığı öz miqyasına, planına və ardıcıllığına görə misli görülməmiş qərar verir. Şuşaya sıx Qarabağ meşələrindən istiqamət götürülür.

Noyabrın 4-də strateji Şuşa-Laçın yolunun bir hissəsi nəzarətə götürülür. Bununla da qüvvələr Şuşa ətrafına cəmləşməyə başlayır.

Şuşada şəhər döyüşləri

Noyabrın 6-da yüngül silah-sursat ilə təchiz edilmiş, hərəsi 100 nəfərdən ibarət olan dörd qrupa bölünmüş 400 nəfərlik Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Şuşanın sıldırımlarına iplərlə dırmaşaraq səhər saatlarında şəhərə dörd tərəfdən daxil olaraq şəhər döyüşlərinə atılır.

Burdan sonrasını Azərbaycan əsgərindən eşidək:

XTQ üzvü, Şuşa qazisi Alik Məmmədov:

“Yarım metr qarda 14 saat kəşfiyyatdan sonra, 400 nəfər o dağı dırmaşmalı idi. Bıçaq, tapança, limonka (əl qumbarası) ilə döyüşə gedirdik. Bizi nə gözləyir, bilirdik. 500 erməni dığasının biz daxil olan tərəfdə olduğu məlumatını əldə eləmişdik. Ən az sayda bu tərəfdə yerləşmişdilər, başqa mövqelərində ağır artilleriya və canlı qüvvə sayı buradakından azı üç dəfə çox idi. Çünki onlar bizim oradan hücum edəcəyimizi güman edirdilər. Heç bir insanın ağlına gəlməyəcəyi sıldırımları dırmaşıb, döyüşə artilleriyasız girəcəyimizi düşünmürdülər. Nəinki onların, heç kəsin ağlına gəlməzdi ki, biz bıçaqla Şuşanı almağı düşünürük.

Generalımızın (XTQ komandanı Hikmət Mirzəyev) düzgün döyüş tapşırığı, düzgün koordinatları olmasaydı, məhv ola bilərdik. Amma hər şey zərgər dəqiqliyi ilə ölçülüb biçilmişdi. Biz qayaları dırmaşıb, əlbəyaxa döyüşə girdik. Dəqiq deyə bilməyəcəm, təxmini desəm, 40-a yaxın erməniyə bıçaq salıb çıxartmışam həmin hücum zamanı. Onların arasına düşən təşviş belə General tərəfindən hesablanmışdı. Təşviş yaranan kimi tapşırıq əsasında hərəmiz dəstə-dəstə əks istiqamətlərdə dağılışdıq. Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar. Onlar hətta öz əsgərlərinə belə inanmırdılar, yaxınlaşan erməni ermənini vururdu, çünki onların formasında belə biz ola bilərdik”.

XTQ kəşfiyyatçısı, Şuşa qazisi Sirus Müsüzadə:

“Biz iki gün Şuşanın Daşaltı hissəsində şəhərin kəşfiyyatında qaldıq. İki gündən sonra hücuma keçdik. Gecə saat təxminən 2 olardı ki, Şuşaya doğru irəlilədik. Əlimizdə olan tək silah avtomat idi, ancaq onlar bizim üstümüzə bütün silahlardan atırdılar. Aşağıdan yuxarı sıldırım qayaları qalxırdıq. Çox çətin idi, dizin-dizin dağı qalxırdıq. Düz qalxmaq qeyri-mümkün idi. Qayadan əlimizlə tuturduq, dizlərimiz yerdə, iməkləyə-iməkləyə qalxırdıq sıldırım qayaları… Dağa qalxanda inilti eşitdim. Bildim ki, kimsə yaralanıb. Gördüm döyüş yoldaşımdır. Düzdür, tanımırdım şəxsən, ancaq mən ona kömək etməli idim.

Vicdanım yol verməzdi ki, onu o vəziyyətdə, yaralı halda qoyub gedim. Qolundan tutdum, yuxarı qaldırdım, bir qolumda yaralı yoldaşım, digər əlimdə silah, o vəziyyətdə döyüşdüm. Sürünə-sürünə qalxdıq yuxarı. Hətta orada ağır çəkidə olan döyüşçülər var idi. Onları daşımaq çox çətin idi. Biz nə şəhid olan yoldaşımızı, nə də yaralanan qardaşlarımızı döyüş meydanında qoya bilərdik… Şuşaya qədər təxminən 4 gün yol getdik. Gecə saat 2-də Şuşaya girdik, səhər saat 8-ə qədər döyüşdük. Ora ən vacib yüksəklik idi, biz həmin yeri yaralı-yaralı qoruyub saxladıq ki, şəhərin özünə girənlər üçün çətinlik olmasın. Döyüş yoldaşlarım Şuşaya girəndə mərmiləri bitib, mühasirədə qalmışdılar. Ürəkləri rahat olsun deyə silahı atıb əlbəyaxa davaya girirdilər. Qisaslarını bu cür alırdılar”.

Əcnəbilər Şuşa əməliyyatı haqqında:

Yəhudi jurnalist Pyotr Lyukimson yazır: “İsrail ordusu indiyə qədər bu əməliyyatın təfərrüatını bilmir. İsrail Müdafiə Nazirliyindəki yüksək rütbəli mənbə mənə belə dedi: Şuşa aşağıdan yuxarıya doğru azad olundu və bu, müasir hərb elminin bütün prinsiplərinə ziddir”.

“Le Monde” nəşrinin Fransız reportyoru Xankəndiyə gətirilən yaralılar barəsində yazırdı ki, “Xankəndiyə gətirilən yaralıların hamısında tapança və bıçaq yarası var idi”.

“Le Monde” yazırdı:

“Ermənilərin çox sayda ölü və yaralıları var, onları Xankəndiyə daşıyırlar. Erməni əsgərlər Xankəndiyə gedən yolda snayperlər və artilleriya hücumlarına məruz qalırlar. Xankəndini Şuşa vasitəsilə Laçın dəhlizi və Ermənistanla birləşdirən əsas yol noyabrın 4-də bağlanıb.

“Azərbaycanlılar Şuşaya çatdı, şəhər döyüşü gedir” – yaralı erməni əsgər deyir. Təcili yardım maşınları dayanmadan işləyir, əsgərlər üst-üstə yığılır, bəzi yerlərdə üzbəüz döyüşlər gedir”.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Şuşanı ağır artilleriya olmadan, tapança və bıçaqdan istifadə etməklə, əlbəyaxa döyüşlə azad edib.

Azərbaycan mediası hərbi mənbələrə istinadən 800 erməni cəsədinin olduğunu yazırdı;

Rusiyanın erməniyönümlü “Rvvoenkor” Teleqram kanalı isə yazırdı: “Rusiya sülhməramlıları və BQXK Şuşada mindən çox erməni cəsədini Ermənistan tərəfinə təhvil verib”.

Erməni jurnalist Roman Baqdasaryan Şuşa əməliyyatı ilə bağlı yazır:

“Şuşa 5 noyabrda artıq Azərbaycan xüsusi təyinatlılarının nəzarətində idi. Şəhərdə 600 erməni döyüşçü var idi (bu rəqəm reallıqdan azdır). 10 noyabrda razılaşma əldə olunandan sonra Xankəndinin zirzəmilərində 1000-ə yaxın döyüşçü üzə çıxdı. Onlar Azərbaycan əsgəri ilə döyüşməkdən qorxduqları üçün ora sığınmışdılar. Bundan başqa, Şuşada ərzaq mağazalarının sahibləri müharibənin başlanmasından üç həftə sonra məhsullarını əsgərlərə paylamağa başladılar. Halbuki, ona qədər mağazalarda kolbasa, pendir və digər məhsullar çürümüşdü, sahibləri isə onu verməkdən imtina edirdilər.

Məlumatlar var ki, diaspordan, eləcə də Moskvadan müharibəyə göndərilən məhsullar İrəvanda ilişib qalırdı. Heç kim bu məhsulları cəbhəyə aparmağa ürək etmirdi, çünki qorxurdular. Ermənistanda danışırlar ki, Azərbaycan qoşunları Şuşaya bir tərəfdən daxil olub, bu yalandır. Şuşaya ilk olaraq Azərbaycanın 6-8 snayperi daxil oldu, ardınca xüsusi təyinatlı qüvvələr girdi. Xüsusi təyinatlılar Şuşakənd istiqamətindən sıldırım qayalıqlarla qalxdılar. Hətta indi yazırlar ki, Şuşada guya 6 min insan yaşayırmış. Yalandır və bu yalan daha çox pul silməyə hesablanıb. Şəhərdə əhalinin sayı 3 minə çatmırdı heç”.

Müasir Müharibə İnstitutunun Şəhər Müharibəsi araşdırmalarının rəhbəri, MMİ-nin Şəhər Müharibəsi Layihəsinin həmmüəllifi Harşana Qurhunun 44 günlük Vətən müharibəsindən bəhs edən məqaləsində Şuşa əməliyyatı barədə belə qeyd olunur:

“Noyabrın 7-də ərazidə hava dumanlı idi. Bu, Azərbaycan tərəfinin havadan müşahidə etmək qabiliyyətini, eləcə də hava zərbə qurğularından istifadəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdı. Əlverişsiz hava şəraiti, həmçinin, “TB2 Bayraktar” pilotsuz uçan aparatlarından istifadəyə də mane olurdu. Belə bir şəraitdə Ermənistan qüvvələri zirehli maşınlarından – “T-72” tanklarından və “BMP-2” piyadaların döyüş maşınlarından maksimum istifadəni təmin etdi.

Əks hücuma baxmayaraq, Azərbaycan qüvvələri öz mövqelərini qorudular. Şuşa meşələrində müdafiə xətti qurdular və üç erməni əks həmləsini dəf etdikdən sonra Şuşa İcra Hakimiyyətinin binasını ələ keçirərək erməni qüvvələrini qovmağa başladılar, şəhərdəki binaları və daha geniş əraziləri təmizlədilər. Şuşa uğrunda döyüşlər nəhayət binadan binaya – yaxın məsafədən aparılırdı.

Noyabrın 8-i səhər “Artsax”ın “müdafiə nazirliyi” Şuşanı əhatə edən cəbhə xətti boyu gecədən bəri intensiv döyüşlərin getdiyini bildirdi.

Noyabrın 8-da Azərbaycan Prezidenti İlham Əliyev Şuşa üzərində qələbə və nəzarətin ələ alındığını elan etdi. Bu əvvəlcə Ermənistan tərəfindən təkzib edildi. Ancaq 10 Noyabrda Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycana təslim haqqında müqaviləyə imza atdı.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Kənan Rövşənoğlu

Write A Comment