Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər” əsərindən

Qəbul edilmiş etimologiyaya görə, Novruz bayramının adı fars dilindəki “nov” (yeni) və “ruz” (gün) sözlərindən törəmişdir. Bu izah mübahisəli görünməsə də nəzərə almalıyıq ki, Novruz bəşərin bəlkə də ən əski bayramıdır.

Deməli, bu bayram nəinki qədim, orta və müasir fars dillərindən, həm də digər dillərin əksəriyyətindən daha qədimdir. Bəs onun adı necə? Novruz sözünü də bahar bayramının özü kimi qədim hesab etmək olarmı? Bu məsələni araşdırmağa çalışaq…

Novruza tacik dilində “Navruz”, başqırd dilində “Nauruz”, çuvaş dilində “Naras” deyilir. “Günəş” sözü buryat dilində “naran”, monqol dilində “nar” formasındadır. Nar ağacının adı fars, qazax və monqol dillərində “anar”dır. Azərbaycan dilində “yanar”, ərəb dilində isə “nar” və “nur” sözləri odu, alovu, işığı bildirir.
“Novruz” sözünün “nov” hissəsi fars dilində yeni anlamını verir. Bu söz puştu dilində “naw”, ingilis dilində “new”, alman dilində “neu”, irland dilində “nua”, isveç dilində “ny”, urdu dilində “nəya”, Litva dilində “naujas”, latış dilində “jauns” formasındadır.

Litva dilindəki “jaunas”, italyan dilindəki “giovane”, fars dilindəki “cəvan”, ispan dilindəki “joven”, fransız dilindəki “jeune”, alman dilindəki “jung”, ingilis dilindəki “young” sözləri gənc, yeniyetmə mənalarını ifadə edir.
Bu sözlər kalmık dilindəki “şin”, monqol dilindəki “şine”, buryat dilindəki “şene”, çuvaş dilindəki “çene”, Azərbaycan dilindəki “yeni”, türkmən dilindəki “yengi”, uyğur dilindəki “yangi”, başqırd dilindəki “yanı”, tatar dilindəki “yana”, xakas dilindəki “naa” sözlərinə bənzəyir.

Diqqət yetirsək görərik ki, Azərbaycan dilində odu, alovu, işığı bildirən “yanar” sözü ilə tatar dilindəki “yana” (yeni) və yava dilindəki “anyar” (yeni) sözləri arasında oxşarlıq vardır.
Türk və hind-Avropa dillərindəki “yeni” (Azərbaycan), “yanı” (başqırd), “yana” (tatar), “naa” (xakas), “nəya” (urdu), “nua” (irland), “neu” (alman), “new” (ingilis), “nov” (fars), naw (puştu) sözləri sanki bir-birlərindən törəmişlər. Bu siyahıya monqol dilindəki “nar” (günəş), ərəb dilindəki “nur” (işıq) və “nar” (od) sözlərini də əlavə edə bilərik.

Hər zülmət gecədən və hər sərt qışdan sonra həyatı canlandıran, təbiəti yeniləyən nədir? – Sözsüz ki, Tanrının ən böyük nemətlərindən biri olan günəş, onun işığı və istisi.
Görünür, “Novruz” sözünün ikinci hissəsi olan “ruz” (gün) sözü ilə ispan dilindəki “luz” (işıq), rus dilindəki “luç” (şüa), “rusıy” (açıq-qəhvəyi), “ray” (Cənnət bağı), ingilis dilindəki “ray” (şüa), sloven dilindəki “rus” (sarı), latın dilindəki “russus” (qırmızı, kürən), Litva dilindəki “ruseti” (közərmək), ərəb dilindəki “rauzə” (Cənnət bağı), “rizq” (nemət), “rustu” (isti), fars dilindəki “ruşən” (işıqlı), mordov dilindəki “riz” (xoşbəxtlik) sözləri arasındakı bənzərlik də təsadüfi deyildir.

Beləliklə, bu qənaətə gələ bilərik ki, “Novruz” sözünün ilkin anlamı “yeni gün” deyil, “günəş işığı”, “günəş istisi” (“nar”, “nur” – günəş və “ruz” – işıq, isti) olmuş, sonradan onun “nur” və “ruz” hissələri “yeni”, “cavan”, “gün” və s. kimi mənaları qazanaraq müxtəlif dilləri daha da zənginləşdirmişlər.

Milli Kimlik Araşdırmaları Qrupunun üzvü, Araz Şəhrili

Write A Comment