Sultan Süleymanın etirafı: “Azərbaycanı tutmaq asan, orada möhkəmlənmək çətindir”

Təəssüf ki, Təhmasib haqqında yazılan əsərlərin böyük bir qismində onu hətta ittiham edirlər ki, o ömür boyu at belinə qalxmayıb, saray əyanlarının əlində oyuncağa çevrilib.

Bunların əksəriyyəti kökündən yanlışdır. Əksinə, Təhmasib bütün qızılbaş tayfaları üzərində tam nəzarətə sahib idi. Həmin tayfaların istər hərbi, istərsə də vergi toplanması məsələsində funksional baxımdan fəaliyyət göstərməsini
Təhmasib yüksək səviyyədə tənzimləyə bilmişdi. İsgəndər bəy Münşi özünün “Tarixe-aləmaraye-Abbas” əsərində, eyni zamanda Həsən bəy Rumlu Təhmasibin məziyyətlərini gözəl qeyd edir. Gənc olmasına baxmayaraq, Təhmasib ağıllı hökmdar idi. Ədalətli idi, vergilərin böyük bir qismini azaltmışdı.

Bəzən ona gülünc şəkildə iftira atırlar, guya Təhmasib bəzi bölgələri yandırmışdı. Bunu nəyə bənzətmək olar? II Dünya Müharibəsində sovet ordusu tərk etdiyi zavodları partladırdılar, körpüləri dağıdırdılar. Eynisini Təhmasib də edib. Bu, müharibədə qəbul edilmiş taktika idi.
Tərk edilən ərazilərdə taxıl zəmiləri yandırılırdı, körpülər və s. obyektlər dağıdılırdı ki, düşmən həmin ərazidə möhkəmlənə bilməsin. Sultan Süleymanın ard-arda etdiyi yürüşlərin heç birində uğur qazana bilməməsinin səbəbi də bu idi.
Onun etirafı da var: “Azərbaycanı tutmaq nə qədər asandırsa, orada möhkəmlənmək o qədər çətindir”.

I Təhmasib təfəkkürü: “Kafirlərlə cəng aparan müsəlman ordusuna arxadan hücum etmərəm”

Təhmasibin hakimiyyəti illərində apardığı döyüşlərə nəzər yetirəndə aydın görünür ki, o bir cəbhədə döyüşmürdü. O iki cəbhədə döyüşmək məcburiyyətində idi – şərqdə Şeybanilərlə (Şeybaninin atasını Şah İsmayıl məğlub etmişdi), digər istiqamətdə isə Osmanlılarla.
Təhmasib Sultan Süleymanın onu müharibəyə təhrik edən məktublardan birinə cavabında qeyd edir ki, “Mən hələ də Durmuş xanı lənətləyirəm ki, atamı Osmanlı ilə müharibəyə sövq etdi”.

Həmin təzkirədə həmçinin, qeyd olunur ki, Purjaki adlı sərkərdəsi Təhmasibə deyir ki, “Xaqanım, rumlular (osmanlılar) bu gün Avropada cəng edirlər və Ərzincana qədər sərhədlər boşdur.
Gəlin, fürsətdən istifadə edib o torpaqları tutaq”. O isə cavabında demişdi: “Qoy, mənim oğlanlarım ölsün, amma mən kafirlərlə cəng edən müsəlman ordusuna arxadan hücum etmərəm”.

Təhmasib Avropa dövlətləri ilə müharibə aparan dindaşı ilə üz-üzə gəlmək istəmir, Sultaniyyə istiqamətinə çəkilir və özbəklərlə döyüşür.
Həmin vaxt Sultan Süleymanın Azərbaycanın bir çox şəhərlərini yandırması, qarət etməsi, külə döndərməsi barədə xəbəri eşidəndə son tədbirlərə əl atmağa məcbur olur.
Ardı var..

Müəllif: BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədli

Teref.az

Write A Comment