1668-ci ildə Qızılbaş dövlətinin sahilyanı əraziləri kazak atamanı Stepan Razinin (1630–1671) quldur dəstələrinin hücumuna məruz qaldı.

Onu da qeyd edək ki, Stepan Razin bu yürüşü özbaşına deyil, rus çarı Aleksey Mixayloviç Romanovun (1629–1676) göstərişi ilə həyata keçirmişdi. Rus və sovet tarixçilərinin iddialarına görə, Razinin quldurları qızılbaşlar üzərində guya qələbəni qələbə ardınca qazanmışdılar.
Sovet tarixçisi Mixail Nikolayeviç Tixomirov (1893–1965) «Борьба русского народа за выходы к морю в XIII–XVII вв» adlı əsərində yazır: “Kazak donanması 24 kiçik gəmidən ibarət idi. Kazaklar Dərbənd və Bakı istiqamətində – cənuba doğru üzdülər.

Onlar qışı Miyan-qala yarımadasında keçirib, Xəzər dənizinin şərq sahillərinə (Türkmənistana) basqın etdilər. Sonra Kürün mənsəbindəki Donuz adasına (?) çəkildilər. Orada qızılbaşların və qumuxların 70 gəmidən ibarət birləşmiş donanmasını darmadağın edib 33 topu ələ keçirdilər”.
Qızılbaş-qumux donanmasını kazakların guya darmadağın etməsi barədə xəbər sözsüz ki, rus və sovet tarixşünaslığının növbəti ağ yalanlarından biridir. Bu məsələ ayrıca bir tədqiqatın mövzusudur. Lakin həmin məlumatın diqqətimizi cəlb edən maraqlı elementi qızılbaşlarla qumux türklərinin Stepan Razinə qarşı birgə çıxış etmələridir. Əslində, bu, təəccüblü deyil.

XVII əsrdən etibarən Tarqu şamxalları həm də Səfəvilərin Dağıstan valiləri idilər. Onlar Qızılbaş dövlətindən məvacib alırdılar. 1604-cü ildən 1721-ci ilədək Səfəvilər imperiyasının şimal sərhədləri Terek çayının sahillərinədək uzanırdı.
Alman əsilli rus hərbçisi, etnoqrafı və coğrafiyaşünası İohann Qustav Gerber (1690–1734) «Записки о находящихся на западном берегу Каспийского моря, между Астраханью и рекою Кура, народах и землях и об их состоянии в 1728 году» əsərində yazır:
“Səfəvi sarayındakı adətə görə ictimai tədbirlər zamanı şah taxtının sağ və sol tərəflərinə dörd kətil qoyulurdu.
Həmin oturacaqlarda dövlətin dörd əsas müdafiəçisi – ölkəni Hindistandan qoruyan Qəndəhar xanı, Türküstan xanı, Rusiyadan qoruyan gürcü xanı və ərəblərdən qoruyan xan əyləşirdi”.

Haşiyə. Səfəvi hökmdarlarından Şah II Abbas Səfəvinin (1632–1666) anası Anna xanım (?–1647), Şah I Süleyman Səfəvinin (1648–1694) anası Nakihət xanım (?–?), eləcə də Şah Hüseyn Səfəvinin (1668–1726) anası Fəthiyə xanım böyük ehtimalla, məhz qumux və ya Qaraçay əsilli olmuşlar.
İ.Q.Gerber gürcü xanı adı altında məhz qumux şamxalını nəzərdə tuturdu. Bunun dəlilləri aşağıdakılardır:

  • Qumuxlar Rusiya ilə mübarizədə qızılbaşların təbii müttəfiqləri idilər;
  • O zamanlar Rusiya ilə sərhəddə Gürcüstan deyil, məhz qumuxların Tarqu şamxallığı yerləşirdi;
  • Bu məlumat İ.Q.Gerberin əsərinin məhz qumux şamxallarına aid hissəsində qeyd olunmuşdur;
  • Maraqlıdır ki, Oruc bəy Bayat “İranlı Don Juanın kitabı” adlı əsərində qumuxları da gürcü adlandırmışdır;
  • Nəzərə almalıyıq ki, gürcü indiki Gürcüstanın əsas xalqının etnonimi deyil, ekzoetnonimi, yəni, azərbaycanlıların onlara qoyduğu addır. Bizim gürcü dediyimiz xalq özünü kartveli adlandırır.

    Haşiyə. Qurçu (Çeçenistanın Qalançoj rayonunda tərk edilmiş aul) – Qurji-Moxk (Çeçenistanın Nojay-Yurt rayonunda kənd) – Qurju-Yurt (Dağıstanın qumuxlar yaşayan Qarabudaqkənd rayonunda ərazi) – Xorçi (qədim türklərdə və moğollarda şəxs adı) – Gürcü, Gürcüoğlu (türk xalqlarında şəxs adı və soyad).
    Xorçin (Çinin Daxili Monqolustan Muxtar Rayonunda yaşayan, üzvlərinin sayı 1.375.000 nəfər olan böyük bir moğol tayfası) – korçun (buryat nəsillərindən bir neçəsinin adı) – Korji (Rusiyanın qədim qıpçaq yurdu Krasnodar diyarında kənd) – Korji (Ukraynanın qədim peçeneq yurdu Kiyev vilayətində kənd) – Korji (Ukraynanın qədim qıpçaq yurdu Poltava vilayətində kənd) – Korji (Ukraynanın qədim skif və peçeneq yurdu Sum vilayətində kənd).

    Yuxarıda qeyd olunanları nəzərə alaraq, gürcü etnoniminin mənşəyi ilə bağlı aşağıdakı fərziyyələri irəli sürmək olar:
  • Orta əsrlərdə gürcü adı etnik deyil, dini çalar daşımış, xtistian dininin müəyyən bir təriqətinə, məzhəbinə mənsubluğu bildirmişdir. Həm də nəzərə almaq lazımdır ki, Qafqazın bəzi digər xalqları kimi qumuxlar da, təxminən, XI–XII əsrlərədək xristian dininə etiqad etmişlər.
  • Əski zamanlarda qıpçaq tayfalarından və ya nəsillərindən birinin adı gürcü olmuşdur. Sonradan həmin qıpçaq gürcüləri indiki Gürcüstana köçüb yerli kartvellərlə qaynayıb-qarışmış, cəmiyyətdə yüksək mövqelər tutmuşdular.
    Qonşu xalqlar da müxtəlif xarakterli kontaktlar (müharibələr, diplomatik danışıqlar və s.) prosesində daha çox qıpçaqlarla (gürcülərlə) qarşılaşdıqları üçün onların təmsil etdikləri ölkəni və xalqı müvafiq olaraq Gürcüstan və gürcü adlandırmışlar.
    Ardı var…

    Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü, Araz Şəhrili

Write A Comment