Oxunması tövsiyyə olunur!

Səfəvilərdə dini-dünyəvi hakimiyyətin ali icracısı olaraq şah kimliyinin hüquqi əsaslarını I Şah Təhmasib formalaşdırdı. I Şah İsmail ənənəvi olaraq bu kimliyin nümayəndəsi sayılırdısa, Təhmasib bu anlayışı şərii-örfi əsaslara uyğun sistemləşdirdi. Bu məqsədlə Təhmasib səfəvilərin seyyidliyini mərkəzə yerləşdirərək səfəvi şahlarının qeyb imamının (Mehdi) naibləri olduğu tezisini yaratdı.
Bu anlayış I Şah Təhmasibin daşıdığı dini dərəcə və titullarda da əksini tapdı.

Ondan etibarən səfəvi şahları “ayinə-i hatıraftab” (günəşin aynası), “nəvvab-ı kamyab-ı məlayik sıfat” (mələk üzlü naib), “həzrət-i şah-din pərvər” (dini sevən), “həzrət-i şah-ı ali nicad” (ali mənsəbli və ya ali soylu), “həzrət-i şah-ı adil”, “həzrət-i şah-ı kişvərgir” (ölkələri fəth edən), “şah-ı xilafət pənah” (xilafətin istehkamı), “padişa-ı pak etiqad” (pak inanclı), “nəvvab-ı kamyab” (Mehdinin naibi), “şah-ı cəm cah”, “padişah-ı mürşid”, “qulam-ı əmirül-mömünü” (İmam Əlinin qulu), “şah-ı güfranpənah”, “şah-ı dini-pənah” (dinin istehkamı) kimi ləqəb və titullar almağa başladılar.
Səfəvi hökmdarı ümumi titulların xaricində şəxsi adlarının hallandığı ləqəblərdə daşıyırdılar. Misal üçün Şah Təhmasib “Əbülbəka Şah Təhmasib” ləqəbinə malikdir. Ayrıca, şahlarla birlikdə səfəvi ailəsi də müqəddəsləşdirildi və “xanədan-ı vilayət və kəramət” titulu aldı.

Beləliklə, ənənəvi türk hökmdarları üçün istifadə edilən “Tanrının yer üzəndəki kölgəsi” anlayışı Şah I Təhmasib dövründən etibarən “zilillah-ıfil-arz” şəklində dini müstəvidə hüquqilik kəsb etməyə başladı.
Şah I İsmaildən etibarən səfəvi şahları eyni zamanda “mürşid-i kamil” hesab olunurdular. Səfəvilər imamlara uzanan seyyidlik ilə təsəvvüfdəki mürşidlik anlayışını birləşdirərək şahı həm nəsəb, həm də mənsəb cəhətdən ali şəhs adlandırmağa başladılar. Şah I Təhmasibi bu sistemi qurmağa məcbur edən başlıca cəhət uşaq yaşda hakimiyyətə gəlməsi səbəbindən tayfa başçıları qarşısında təsirsiz qalması və atası Şah İsmail kimi xarizmatik liderlikdən məhrum olması idi. Hakimiyyətinin ilk on iki ilindən sonra 1533-cü ildə “tövbə etdiyini” elan edən Şah Təhmasib həm mürşidlik, həm də seyidliyi şahlıq kimliyində birləşdirərək tayfa başçıları qarşısında özünün ali varlığını və toxunulmazlığını təminat altına aldı.
Qızılbaş buyruqlarında səfəvi şahlarının müqəddəsliyi xüsusilə vurğulanırdı. Həmin buyruqların birində I Şah
Təhmasib bir şeirlə belə təsvir edilir:

Zatı paki Mustafasan Şahi-Dehmaz piri-şah,
Həm Əliyyəl-Murtazasan, Şah Dehmaz piri-şah.
Şah Həsən vəshində ənvərsən, sən ey zatı-qədim,
Şah Hüseyni-Kəlbəlasan, Şah Dehmaz piri-şah.
Ya Əli Zeynəlabidinsən, fəzli-rəbbül-aləmin,
Bağırı-həq rəhnümasan, Şah Dehmaz piri-şah.
Cəfəri-Sadiq təriqi səndən almışdır zühur,
Musai-Kazıma rizasan, Şah Dehmaz piri-şah.
Ol imami-hər tümin Şahi-xorasan nəqdisin,
Madəni-cudi səhasan, Şah Dehmaz piri-şah…

Mənbə: Gülnar İbadova, "Azərbaycan Milli kimliyin tarixi məsələləri" (Məqalələr toplusu)

Write A Comment