Rusiya–İran münasibətlərindən danışarkən yada I Pyotrun Xəzəryanı vilayətlərə yürüşü, Gülüstan və Türkmənçay müqavilələri düşür. Halbuki bu iki məkan arasında münasibətlərin tarixi ən azı e.ə. VII əsrdən – skiflərin Midiyaya yürüşləri dövründən başlayır.


1721-ci ildə qiyam qaldırmış əfqanlar Səfəvilər imperiyasının paytaxtı İsfahanı mühasirəsiyə aldılar. Paralel olaraq Dağıstanda və digər yerlərdə silahlı üsyanlar baş verdi. Ölkənin ağır böhran girdabına düşməsindən istifadə edən Rusiya imperiyası Azərbaycanın və Gilanın Xəzəryanı ərazilərinə 164.000 nəfərlik (38.000 rus hərbçisi, 52.000 gürcü və erməni (bəlkə də onların əksəriyyəti qriqoryan məzhəbinə etiqad edən albanlar, qıpçaqlar, kürdlər və başqaları olmuşlar) silahlısı, 30.000 məcburi qaydada səfərbər edilmiş Kazan tatarı, 20.000 Ukrayna kazakı, 22.000 kalmık döyüşçüsü, 1.000 rus kazakı, 1.000 kabardin atlısı) nəhəng bir ordu yeritdi.
Çar I Pyotrun 1722-ci ildə başladığı hərbi kompaniyanın ilk mərhələsində Rusiya müəyyən uğurlar əldə etdi. Dərbənd, Bakı və Rəşt şəhərləri işğal olundu.

Xarici ölkələrin bu müharibəyə münasibəti maraqlıdır. Fransa Rusiyanın Səfəvilərə qarşı təcavüzünü dəstəkləmiş, Böyük Britaniya, Danimarka və Krım xanlığı isə çar hökumətinin hərəkətlərini işğal adlandırıb pisləmişdilər.

Qüvvələr nisbətinin qeyri-bərabər olmasına baxmayaraq qızılbaşlar vətənlərinin istilası ilə barışmadılar. Azərbaycanda, o cümlədən, Xəzəryanı vilayətlərdə klassik partizan müharibəsi başlandı. Sanki Cəhənnəm qapıları düşmənin üzünə açıldı.

Rus hərb tarixçisi V.Potto yazır:

“1726-cı ildə vəziyyətin çox ağır olduğu Gilana, Rəştə və Astaraya böyük qoşun hissələri göndərilsə də, qazanılan qələbələrin, təəssüf ki, heç bir nəticəsi yox idi. Bir yerdə məğlib olmuş düşmən rahat şəkildə başqa bir yerə keçirdi. Bəzən komandir Levaşov eyni vaxtda bir neçə məntəqədə rəqibin həmlələrini dəf etməli olurdu. Amma əsgərlərimiz həmin məntəqələrin heç birində möhkəmlənə bilmirdilər. Yerli sakinlər vergi ödəmir, silahlı dəstələrə qoşulurdular. Bu səbəbdən (partizan dəstələrinin fəaliyyətinə görə) qoşunlarımız Salyan vilayətini tərk edib Bakıya çəkilməli oldular. Qızılbaşların niyyəti neft quyularını ələ keçirib Bakı şəhərini mühasirəyə almaq idi”.

Haşiyə. V.Pottonun yazdıqlarından məlum olur ki, 1722-ci ildə, yəni 300 il əvvəl də Azərbaycanı Rusiya üçün cəlbedici edən amillərdən biri Bakı nefti idi. Həmçinin Azərbaycan torpaqlarının işğalında ermənilər və bəzi gürcülər ruslara fəal surətdə kömək etmişlər. Göründüyü kimi, tarix dəyişmir.   

Bakı ətrafında igid Dərgah qulu bəyin, Salyanda Hüseyn bəyin dəstələri ruslarla döyüşürdülər.

Ağır maddi itkilər, canlı qüvvə sarıdan böyük tələfat Rusiyanın məğlubiyyətinə və işğal etdiyi bütün əraziləri 1736-cı ildə tərk etməsinə səbəb oldu.

P.S. 1722-ci ildən 1735-ci ilədək Rusiya ordusu qızılbaş partizanları ilə döyüşlərdə, eləcə də ağır iqlim üzündən 130.000 hərbçi itirmişdir. Rus ordusuna zorla səfərbər edilib Azərbaycana göndərilmiş Kazan tatarlarından da 60.000 nəfər bu dəhşətli müharibədə həlak olmuşdur. Yerli əhalinin itkisi isə, sözsüz ki, dəfələrlə artıq idi. Rus tarixçilərinin yazdıqlarına diqqət yetirək: “Xəzəryanı ərazilər böyük bir insan qəbristanlığını xatırladırdı”.

Müəllif: Milli Kimlik Araşdırma Qrupunun üzvü Araz Şəhrili

Write A Comment