Ehtimala görə, günəş Tanrı Ahura-Mazdanın ilkin simvoludur.[1] Qeyd etmək lazımdır ki, zərdüştilər günəşə məhz Tanrının rəmzi kimi yanaşib onu ibadət obyekti hesab etmirdilər.

Bugün də Tıva və monqol şamanları üzərinə günəş təsviri həkk olunmuş ayin libasları geyinirlər. Çin səyyahı Syuanszan (VI əsr) yazır: “Türklər atəşə sitayiş edirlər. Onlar taxta oturacaqlardan istifadə etmirlər. Çünki ocaq odundan qalanır”. Zənnimizcə, zərdüştilər kimi qədim türklər də günəşi və odu Tanrının rəmzi bildikləri üçün onlara ehtiramla yanaşırdılar. Od insanları isidir, qaranlıqları işıqlandırır, adamları vəhşi heyvanlardan qoruyurdu. Od, əslində, günəşin Yer üzündəki zərrəsidir. Həvəngdəstənin, kirkirənin, dəyirman daşının, ocağın, təndirin və çörəyin kürə forması məhz buna işarədir. Oda və çörəyə ehtiramlı münasibət türk xalqlarının, xüsusilə azərbaycanlıların əsas səciyyəvi cəhətlərindən biridir. Bu isə öz növbəsində onu göstərir ki, türk dünyagörüşü qədim oturaq mədəniyyətin əsasında formalaşmışdır. Türk köçəriliyi isə dövrün ağır şərtləri nəticəsində istisna bir hal kimi ortaya çıxmışdır.

Haşiyə. Müxtəlif dillərdə günəşi ifadə edən sözlərin əksəriyyəti bir-birinə bənzəyir. “Günəş”ə german dillərində “zon” (Limburq), “zun” (idiş), “sun” (ingilis), mancur dillərində “sun” (oroç), “jun” (mancur), türk dillərində “gün” (Azərbaycan, qumuq, türkmən), “kün” (Altay, balkar, saxa, Qaraçay, qazax, qırğız, xakas, uyğur), “xün” (Tıva), “xevel” (çuvaş), kelt dillərində “howl” (kernowek), “heol” (brezhoneg), “haul” (cymraeg) deyilir.

Müqəddəs “Qurani-Kərim” günəşi Allahın nişanəsi adlandırır. “Fussilət” surəsinin 37-ci ayəsinə nəzər salaq:

“Gecə və gündüz, günəş və ay Onun nişanələrindəndir”.

Səfəvi rəmzlərindən biri günəş diskinin təsviridir. Şah İsmayıl Səfəvi şeirlərinin birində günəş və ay rəmzlərinin mənalarını belə izah edir:

Xətai der: rəhm etməzəm yalana,

Özün təslim edər özü gələnə,

Ay Əlidir, Gün Muhəmməd bilənə,

Bax, nəzər eylə də, həmən arif ol.[2]

Bu şeir məğzində böyük bir hikmət olan gözəl bir bənzətmədir. Dinşünas-tədqiqatçı Hacı Samir Əzizovun fikirlərinə diqqət yetirək: «İrfan elminin “feyz vasitəsi” nəzəriyyəsinə əsasən, hər bir obyekt öz hərarətini, nurunu Allahdan alır. Allah yerin və göyün nurudur. O, ilkin olaraq Həzrəti Muhəmmədin nurunu, sonra qeyri-material (mələküt) aləmi, axırda isə material (mülk) dünyanı yaratmışdır. Allah digər canlı və cansız cisimləri Peyğəmbərin nuru vasitəsilə nurlandırır. O cümlədən, İmam Əli öz nurunu Allah Rəsulundan almışdır. Yuxarıdakı şeirin “Ay Əlidir, Gün Muhəmməd bilənə” misrasını müqəddəs kitabın “Günəş nur verəndir, ay isə nurlanandır” ayəsi (“Furqan” surəsinin 61-ci ayəsi) ilə müqayisə etsək Şahın ifadə etdiyi fikrin mənası bizə aydın olar». Yeri gəlmişkən qeyd edək ki, müasir astronomiya elmi də müqəddəs “Qurani-Kərim”dəki bu fikri təsdiq edir, yəni ay öz nurunu, işığını günəşdən alır.

Şah I Təhmasib Səfəvinin saray şairi Mirzə Qasim Günabadinin 1533-cü ildə başa çatdıraraq şaha təqdim etdiyi “Şahnamə” tarixi poemasının “Şah İsmayıl-namə” adlı birinci hissəsində Şah İsmayılın dövründə ay və günəş təsvirli yaşıl bayraqların mövcudluğu qeyd olunmuşdur.

Günəş diski Səfəvi bayraqlarında əsasən arslan, bəzən isə qoç, yaxud digər simvollarla birlikdə təsvir olunurdu.

Araşdırıcı Araz Qurbanov həmin işarə barəsində yazır: «Səfəvi hökmdarı I Təhmasibin və Saxa Respublikasının bayraqlarına həkk olunmuş bu işarənin ortaq türk damğa təsnifatında “döngələk”, “gün nişanı”, “domalaq ana”, “gün domalaq”, “sarı baybikə”, “Nurullah”, “altun top”, “altun alma” kimi adları var. Xaqan Atillanın Hun imperiyasının bayrağında onun təsviri olmuşdur. Altun alma həm də mütləq hakimiyyətin rəmzi sayılıb. Əski inanclarda bu işarə “Tenqri xan – günəş” anlayışını bildirsə də, türk xalqlarının İslam dinini qəbul etməsindən sonra onun semantikası dəyişmişdir. Müsəlman simvolizmində günəş rəmzi yeni məzmunla zənginləşərək Allahın Yer üzünə yaydığı nuru, İslam Peyğəmbərini ifadə etməyə başlamışdır».[3]

Müəllif: Millikimlik Araşdırma qrupunun üzvü Araz Şəhrili


[1] М.А.Дандамаев. «Политическая история Ахеменидов», с. 54. Москва – «Наука» – 1985.

[2] Şah İsmayıl Xətayi. “Əsərləri”, s. 352. Bakı – “Şərq-Qərb” – 2005.

[3] Araz Qurbanov. “Damğalar, rəmzlər…mənimsəmələr”, s. 36-37. Bakı – 2013.

Write A Comment