Əfqanıstandan həyəcanlı xəbərlər gəlir. ABŞ və müttəfiqlərinin hərbi qüvvələrini Əfqanıstandan çıxarması qərarı Talibanı hərəkətə gətirib. ABŞ ordusu Əfqanıstanı hələ tərk etməmiş artıq Taliban bir çox rayonları ələ keçirib.

Son olaraq Qəznə vilayətində 3 rayon bir sutka ərzində Talibanın nəzarətinə keçib. Qəznə valisi bu gedişlə yaxın günlərdə Talibanın bütün vilayəti ələ keçirəcəyini bildirib. Əfqanıstan Müdafiə Nazirliyi ölkənin şimalında Faryab vilayətində Puştun Kot və Pervan vilayətinin Şinvari rayonlarında Talibanla döyüşlərin davam etdiyini açıqlayıb. Hələlik bu rayonları Talibandan almaq mümkün olub. Ancaq vəziyyət o qədər də ürəkaçan deyil. Əfqanıstan ordusunun hissələri bəzi rayonlarda müqavimət göstərmədən çəkilir. Bəzi yerlərdə isə əsgərlər Talibana qatılır. 14 vilayətdə davam edən döyüşlərdə 235 Taliban silahlısının öldürüldüyü, 161 silahlının yaralandığı bildirilir.

Qeyd edək ki, 2020-ci il fevralın 29-da Qətərdə ABŞ və Taliban nümayəndələri arasında əldə olunmuş razılaşmaya əsasən münaqişə dayandırılacaq və ABŞ ordusu 2021-ci il mayın 1-dən Əfqanıstanı tərk edəcək. Artıq AŞ ordusunu çıxarmağa başlayıb. Mayın 1-dən başlayan proses sentyabrın 11-dək davam edəcək. ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) son olaraq Əfqanıstandakı ABŞ qüvvələrinin 50 faizinin çıxarıldığını, 6 hərbi bazanın Əfqanıstan ordusuna təhvil verildiyini açıqlayıb. Lakin nə qədər qüvvə çıxarıldığı, nə qədərinin qaldığını açıqlamayıb.

ABŞ ordusunun çıxması ilə paralel olaraq Taliban ölkənin bütün istiqamətlərində fəallaşıb. Ənənəvi olaraq Talibanın fəal olduğu cənub əyalətləri yanaşı, hazırda Taliban qüvvələri ölkənin mərkəzi və şimal əyalətlərində hücumlarını davam etdirir. Son məlumatlara görə Taliban qüvvələri Qarabağ rayonuna hücum edib.

Hazırda Talibanın hücumları 90-cı illərin əvvəlini xatırladır. 1989-cu ildə SSRİ hərbi qüvvələri Əfqanıstanı tərk etdikdən az bir müddət sonra sovet ordusuna qarşı döyüşmüş Şimal Alyansı qüvvələri, Əhməd Şah Məsud, Əbdürrəşid Dostum, həmçinin Gülbəddin Hikmətyar, Bürhanəddin Rəbbani və digərlərinin hərbi birləşmələri hücum edərək 1992-ci ildə Məhəmməd Nəcibullanın SSRİ tərəfdarı hakimiyyəti devirərək Kabili ələ keçirdi. Ancaq antisovet koalisiyasının hakimiyyəti uzun sürmədi və 1996-cı ildə Taliban hücum edərək Kabili ələ keçirdi və ölkədə şəriət hakimiyyətini bərqərar etdi. Talibanın 5 illik hakimiyyəti isə 2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ-ın hərbi müdaxiləsi sonrası devrildi.

İndi isə Taliban yenidən Əfqanıstanın rayonlarını bir-bir ələ keçirir. Bu ayın əvvəlinə olan məlumata əsasən Əfqanıstanın 407 rayonundan 90-da Taliban, 64-də isə mərkəzi hökumətin hakimiyyəti var. Qalan rayonlarda isə döyüş əməliyyatları gedir və hər gün bu və ya digər rayon Talibanın, yaxud da hökumət qüvvələrinin əlinə keçir.

Talibanın sürətlə Kabilə doğru irəliləməsi ölkədə yeni dinc insan qırğınlarının olacağı ilə bağlı narahatlıq yaradıb. Doğrudur, Taliban bəyanat yayaraq etnik və dini-məzhəbi qırğınlarının olmayacağını bəyan edib, lakin buna baxmayaraq narahatlıq qalır.

Yeri gəlmişkən, Əfqanıstanda böyük azərbaycanlı icması mövcuddur. Bəzi ehtimallara görə Əfqanıstana Qarabağlı tayfalar 18-cə əsrdə Nadir şah zamanında qızılbaş türkmən tayfaları Əfqanıstan ərazisinə köçürülən zaman Əfqanıstana yerləşiblər. Bu tayfalar bir formada Qızılbaş dövlətinin sərhəd təhlükəsizilyi məqsədi ilə İmperiyanın uzaq sərhədlərinə köçürülürdü. Həmin vaxt Qarabağ, Urmiya və Həmədan vilayətlərindən qızılbaş türkmən tayfaları Əfqanıstanın Kabil, Herat, eləcə də Qəndəhar vilayətlərinə yerləşdirilib.

Əfqanıstanda hazırda mövcud olan Qarabağ adlı iki yaşayış məntəqəsindən biri Kabil şəhərindən 60 km şimalda, Baqram aviabazasının 20 km cənub-şərqində yerləşir. Burada təxminən 20 min insan yaşayır. İkinci Qarabağ rayonu isə Kabildən cənub-şərqdə Qəzni vilayətinin eyni adlı mərkəzindən cənubda yerləşir. Qəzni vilayətinin 19 rayonundan biri olan Qarabağ rayonunda 60 minə yaxın insan yaşayır. Əfqanıstan qarabağlıları üçün təhlükə davam edir. Ümid edirik ki, adında Qarabağ olan ikinci bir məkan 1990-cı illərdə Qarabağda yaşananlar təkrar olmaz.

Müəllif: Millikimlik Araşdırmaları qrupunun üzvü, Kənan Rövşənoğlu

Write A Comment