Qərb və əsasən də Rusiya tarixşünaslığı Ağqoyunlu (əslində, Bayanduri) və Səfəvi sülalələrini ayrı-ayrı dövlətlər kimi təqdim etməyə çalışır. Məramı müsbət olmayan bu yanaşmanın məqsədləri aydındır:

– Azərbaycan xalqının öz dövlətçilik tarixinə vahid sistem kimi baxmasına imkan verməmək;

– Azərbaycanın dövlətçilik tarixini bir-biri, bəzən isə hətta Azərbaycan xalqı ilə guya birbaşa əlaqəsi olmayan mərhələlərə ayırmaq yolu ilə onun əhəmiyyətini kiçiltmək;

– Keçmişin ən parlaq səhifələrini Azərbaycan xalqının əlindən almaq və başqalarına peşkəş etmək.

Tarixə obyektiv baxış isə birmənalı şəkildə onu göstərir ki, Azərbaycan xalqının dövlətçilik ənənələri uzun əsrlər boyu sabit qalmış, nəsillər arasında əlaqələr qırılmamışdır.
Beləliklə, Səfəvilərin öz yaxın qohumlarını – Bayanduriləri əvəz etmələri yeni bir dövlətin qurulması, ortaya çıxması anlamını vermir. Şah İsmayıl Səfəvi öz babası – Sultan Uzun Həsən

Bayandurinin və digər Azərbaycan hökmdarlarının qanuni varisi olduğu kimi, Səfəvilər sülaləsi də özündən əvvəlki Azərbaycan sülalələrinin dövlətçilik ənənələrinin davamçısı idi.

Birinci paralel:

– Ağqoyunlu sultanı Uzun Həsənlə (1423–1478) Osmanlı sultanı II Mehmed Fateh (1432–1481) arasında Otluqbeli döyüşü 1473-cü ilin avqust ayında (11 avqust) baş vermişdir;

– Sultan Uzun Həsənin nəvəsi – Səfəvi hökmdarı Şah I İsmayılla (1487–1524) Sultan II Mehmed Fatehin nəvəsi Sultan I Səlim Yavuz (1465–1520) arasında Çaldıran savaşı 1514-cü ilin yenə də avqust ayında (23 avqust) baş vermişdir.

İkinci paralel:

– Otluqbeli savaşında Sultan Uzun Həsəni osmanlı əsgərləri hər tərəfdən mühasirəyə almağa başlamışdılar. Bu zaman Sultan Uzun Həsənə çox bənzəyən Alpaut Pir Muhəmməd irəli atılaraq “sultan mənəm” sözləri ilə yeniçərilərin diqqətini özünə cəlb edib hökmdarın həyatını xilas etmişdir. Alpaut Pir Muhəmməd əsir düşmüş, lakin onun cəsarətini və öz hökmdarına sədaqətini layiqincə qiymətləndirən Sultan Mehmed Fateh tərəfindən azad olunmuşdur;

– Çaldıran döyüşündə isə atı vurulmuş Şah İsmayılı osmanlı əsgərləri hər tərəfdən mühasirəyə almağa başlamışdılar. Bu zaman ona çox bənzəyən Əli ağa Əfşar irəli atılaraq “Şah mənəm” sözləri ilə yeniçərilərin diqqətini özünə cəlb edib hökmdarın həyatını xilas etmişdir. Əli ağa Əfşarı əsir götürüb qətlə yetirmiş osmanlılar bir müddət belə güman etmişdilər ki, öldürdükləri şəxs Şah İsmayıl Səfəvidir.

Qeyd: Sultan Uzun Həsənin Otluqbeli savaşında, Şah İsmayılın isə Çaldıran döyüşündə məğlubiyyətə uğramasının əsas səbəbi osmanlıların toplardan və digər odlu silahlardan geniş istifadə etmələri olmuşdur. Ağqoyunlu və Səfəvi döyüşçüləri Osmanlı ordusunun top və tüfəng atəşlərinə əsasən ox atışları, qılınc, balta və nizə zərbələri ilə cavab vermişdilər.

P.S. Zənnimizcə, iki qüdrətli hökmdar arasında bu bənzərlikləri məhz onları bir-birinə bağlayan əlaqənin müəyyən dərəcədə mistik təzahürü hesab edə bilərik.

Müəllif: Tədqiqatçı, jurnalist, Araz Şəhrili

Write A Comment