Türkə və müsəlmanlara nifrət heç də bu gün yaranmamışdır. Bunun öz tarixi var. Bu nifrət Qərbdə dini və dünyəvi əsərlərdə və həm də incəsənətdə öz əksini tapıb. Bu qəbildən monumental heykəltəraşlığı da göstərmək olar.
Adətən, heykəltəraşlıq əzəldən cəmiyyətdə dini və ya milli simvolizmi əks edərək müəyyən stereotiplərin və şablonların şüur altında yeridilməsinə xidmət edir və xüsusi bir məlumatı çağdaş və gələcək nəsillərə çatdırma üsuludur. Aşağıda söz açdığımız monumental heykəltəraşlıq nümunələrinin nəyə xidmət etdiyi və hansı informasiyanı daşıdığını anlamaq çətin deyil.

Şahzadə Yevgeni Savoylunun apofeozu

1697-ci il 11 sentyabrda Osmanlı imperiyası ilə Avstriya imperiyası arasında Tisa çayının yaxınlığındakı Zenta adlı ərazidə döyüş baş verdi. Faktiki olaraq bu döyüşdə Osmanlı İmperiyası məğlub oldu və bu da artıq Osmanlı xilafətinin hərbi və iqtisadi cəhətdən geriləməsinin göstəricisi idi. Bundan sonra artıq Xilafət Avropa ərazisində torpaqlarını sürətlə itirməyə başladı.
Zenta döyüşünün qalibi olan Avstriya ordularının başında fransız-italyan köklü zadəganlığın nümayəndəsi şahzadə Yevgeni Savoylu (Prinz Eugen von Savoyen) dururdu. Onun türklər və müsəlmanlar üzərində qələbəsini əbədiləşdirmək üçün Avropanın o dövrdə tanınmış heykəltəraşı Baltazar Permoser (Balthasar Permoser) 1718-ci ildə heykəl düzəldir. Heykəl hazırda Vyanadakı Belvedere sarayının Österreyh qalereyasının (Österreichische Galerie Belvedere) otaqlarından birində sərgilənir.
Heykəltəraş Permoser şahzadə Yevgeni Savoylunu dövrünün əslahəsi və saray dəbi ilə geyinmiş paltarda, lakin qədim yunan-roma heykəltəraşlığı üslubunda təsvir edib. Şahzadə Yevgeni Savoylu iki qələbə məlaikəsinin əhatəsində, bir əli belindəki silah üzərindədir, digər silahı tutmuş əlinə isə, Tanrının dəstəyi kimi mələk dayaqlanıb. Onun ayaqlarının altında məğlub müsəlman türk təsvir edilib. Şahzadə sağ ayağını məğlub müsəlmanın belinə qoyub. Kompozisiya “Şahzadə Yevgeni Savoylunun apofeozu” (Apotheose des Prinzen Eugen von Savoyen), yəni, şahzadənin təntənəsinin zirvəsi adlanır. Qeyd edək ki, belinə qalib xristian şahzadəsinin ayağı qoyulmuş insanın məhz müsəlman türk olmasını “Visaat History” telekanalında nümayiş edilən Avstriya tarixinə həsr edilmiş sənədli serialda xüsusi vurğulanır…

ANZAK ruhu

Çanaqqala döyüşü barədə məlumatı olmayan adam az tapmaq olar. Bildirək ki, 1915-ci ilin fevralından 1916-cı ilin yanvarına qədər Antanta İttifaqı ölkələri Çanaqqalada Osmanlıya qarşı hərbi dəniz desantı çıxardılar. Çanaqqala uğrunda döyüşlərdə İngiltərənin daimi müttəfiqləri olan ingilisdilli ölkələrin hərbi birliyi də, əsasən, Avstraliya və Yeni Zelandiya ordu korpusu da iştirak edir. Bu ingilisdilli hərbi ittifaqa ANZAK (Australian and New Zealand Army Corps, ANZAC) deyilirdi. Osmanlı qüvvələrinin şücaəti nəticəsində işğalçılar geri çəkilməli oldular. İngiltərə ilə birgə ANZAK 200 mindən yuxarı itki verdi. Sözsüz ki, ingilisdilli ölkələrdə də Çanaqqalada həlak olmuş öz hərbçilərinin şərəfinə abidələr ucaldılırdı.
Avstraliyalı heykəltəraş Uolles Anderson (Wallace Anderson) 1925-ci ildə “ANZAK ruhu” (The spirit of ANZAC) adlı heykəli yapır. Heykəldə ingilisdilli ordunun əsgəri təsvir olunub. Əsgərin ayaqları altında Osmanlı xilafətinin bayrağı və insan skeletinin kəlləsi təsvir olunmuşdu. Sözsüz ki, kəllə müsəlman türkü simvolizə edirdi. Heykəl 1929-cu ildən Avstraliyanın cənubunda yerləşən liman şəhəri Cilonqdakı Çilvel yun fabrikinin girişində (Woollen Mill in Pakington Street, Chilwell) qalırdı, 1982-ci ildən şəhərin Constoun parkında (Johnstone Park) yerləşdirilib.
Yeri gəlmişkən, qeyd edək ki, Çanaqqalada həlak olmuş ANZAK əsgərlərinin qəbiristanlığı indiyə qədər durur. Həmçinin, əlində yaralı düşmən, yəni ANZAK əsgərini döyüş meydanından çıxarıb xilas edən Osmanlı əsgərinin də abidəsi ucaldılmışdır. Türkiyədəki düşmən əsgərinə münasibətlə Avstraliyadakı münasibəti müqayisə etmək yaxşı olardı…

Svyatoslav xəzəri öldürərkən…

1056 il bundan əvvəl Kiyev Rus knyazı Svyatoslav Xəzər dənizinin səviyyəsinin qalxması nəticəsində Xəzər xaqanlığının bütünlüklə iqtisadi və siyasi kollapsa uğraması barədə məlumat əldə edir. 965-ci ildə rus knyazı Svyatoslav fürsətdən istifadə edib Xəzər xaqanlığına hücum edir, onun paytaxtı Sarkel şəhərini tutmaqla xaqanlığa son qoyur.
XIX əsrin sonundan etibarən və XX əsr ərzində rus tarixçiləri Xəzər xaqanlığını slavyan və qədim rus xalqının inkişafına mane olan işğalçı bir türk imperiyası kimi qələmə verməyə başladılar. Həmçinin, Xəzər xaqanlığının yüksək şəhər mədəniyyəti, hakim təbəqəsinin musəvi olması, Avropada ilk feodal dövlət kimi təzahür etməsi rus tarixçilərinə çox pis təsir edirdi. Hətta sovet dövründə Xəzər tarixi müəyyən müddət yasaq da edilmişdi. Hazırda da Xəzər xaqanlığı Rusiya tarix elmində və hətta siyasi dairələrində ciddi qıcıq doğuran bir mövzudur.
2005-ci ildə Xəzər xaqanlığının məhv edilməsinin 1040 illiyi münasibətilə heykəltəraş Vyaçeslav Klıkov Rusiyanın Belqorod şəhərində monumental heykəl ucaltdı. Heykəl kompozisiyasında postament üzərində qədim Kiyev Rusunun knyazı Svyatoslav at üzərində təsvir edilib. Atın ayaqları altında Xəzər əsgəri və ya xaqanı özünü Svyatoslavın öldürücü zərbəsindən qorunma pozasındadır.
Amma 2005-ci ilin noyabrında heykəlin açılışında qalmaqal baş verdi. Xeyr, Rusiyanın türkdilli xalqlarının heç biri Xəzər xaqanlığının irsinin və xatirəsinin aşağılanmasına etiraz etmədi. Etiraz edənlər Rusiya Yəhudi İcmalarının Federasiyası (FEOR) və Avrasiya Yəhudi Konqresi (EAEK) oldu. Məsələ bundadır ki, atın ayaqları altında qalmış Xəzər xaqanı və ya döyüşçüsünün qalxanı üzərində 6 guşəli Davud ulduzu təsvir olunmuşdu. Knyaz Svyatoslavın qalxanının üzərində isə, xristianlığı inkar edən müasir rus-slavyan irqçilərinin 8 guşəli svastikası (rus irqçilərinin “kolovrat” adlandırdığı) əksini tapmışdı. Qeyd edək ki, heykəltəraş Klıkovun özü “Slavyan yazısı və mədəniyyəti Beynəlxalq Fondu” adlı təşkilatın təsisçisi və rəhbəridir.
Əvvəlcə, elə postament üzərində 6 güşəli Davud ulduzunun üzərini lehimləyib 9 güşəli ulduz etdilər. Lakin şikayət və qalmaqal dayanmırdı. Rusiya yəhudilərinin etirazından sonra heykəl Belqorod şəhərindən götürüldü. Və Belqorod vilayətinin Çernyanski rayonunun Xolki kəndində yol qırağına yerləşdirildi.
Məsələnin daha bir komikliyi ondan ibarətdir ki, məhz Xəzər xaqanlığı Kiyevi və slavyanlar üzərində ağalığı vikinq avarçəkənlərinin, yəni, rusların (finlər və karellər vikinqlərin döyüşkən dənizçilərinə “routsi” deyirdilər) Rürik nəslinə vermişdi. Rürik nəsli də Kiyev knyazlığı ərazisindəki slavyanları və fin-uqorları qullarına çevirdi, xristianlığı qəbul etdikdən sonra “təhkimçilik” adı ilə bu quldarlıq sistemini möhkəmlətdi. Bir sözlə, Svyatoslav Rürikin və “rus” adının slavyanlara heç bir aidiyyatı olmayıb…
Bəzi ölkələr Bakıda Hərbi Qənimətlər Parkının açılmasına və parkda erməni işğalçılarının komik şəkildə təsvir edilməsinə öz etirazlarını bildirməkdədirlər. Biz hələ “Ermənistan” adlanan ərazidə Tələt Paşaya qarşı terror aktı həyata keçirmiş terrorçu Soqomon Teyliryana və müharibə canisi Njdeyə heykəllərin qoyulmasını demirik. Bizə kimsə irad tutursa, əvvəlcə öz gözündə ksenofob heykəltəraşlığı görsün…

Müəllif: Millikimlik Araşdırmaları qrupunun üzvü, Pərviz Elay

Write A Comment