Bildiyiniz kimi bu gün, 28 aprel 1920-ci ildə, Şərqin ilk demokratik Respublikası – Azərbaycan, bolşeviklər tərəfindən işqal olunaraq, müstəqilliyinə son qoyulmuşdur.

Biz bəzən unuduruq ki, Azərbaycanın sovetləşməsi təkcə ziyalılarımızın yox, həm də mədəni irsin məhv edilməsi, dini dəyərlərə hörmətsizlik, məscidlərin dağıdılması və Azərbaycanın ata-baba torpaqlarının Ermənistana verilməsi ilə müşayiət olunurdu. Bəs bunun müqabilində biz nə əldə etdik? Ağrı və acıdan başqa heç nə.

Alman tarixçisi, Stalinizm tarixi üzrə mütəxəssis – Yorq Baberovski, «Враг есть везде. Сталинизм на Кавказе» adlı kitabında yazır:

“Cümə günləri kəndin və ya şəhərin sakinləri xütbə dinləmək üçün adətən məscidə toplaşırdılar. Bu gün müsəlman icmasının yad həyat tərzinə münasibətini nümayiş etdirdiyi gün idi. Buna görə də, bolşeviklər, nəticədə dinin öz-özünə yox olacağına inandıqları üçün, İslamın səfərbər rol oynadığı ibadət yerlərini bağlamağa qərar verdilər.
Şamaxıda, onsuz da 1928-ci ilin payızında, materialları teatrın inşası üçün istifadə edilən 16 məsciddən 13-ü sökülmüşdü; Göyçay qəzasında Ateistlər Birliyinin fəalları 36 məscidin bağlanması və dünyəvi binalara çevrilməsi barədə əmr vermişdilər. Ümumilikdə, 1928-ci ilin dekabrından 1929-cu ilin fevralına qədər 211-i yalnız fevral ayında olan, 461 məscid bağlandı. Bakı, Gəncə, Şuşa və Qubada əsas məscidlər Mədəni İnqilab fəallarının zülmünün qurbanına çevrildi. Bir çox dini binalar məktəblərə, kütləvi kitabxanalara, hovuzlara, şərab anbarlarına və ya qadın klublarına çevrilmişdir.

Quba qəzasının bir kəndində Komsomol üzvləri bir məscidi zəbt edərək, xalqın mülkü elan etdilər və Allah evinin damına qırmızı bayraq asdılar. Ancaq xalq üsyan etdi. Ertəsi gün ətraf kəndlərdən 500 qadın bu kəndə toplandı, məscidin damından kommunist bayrağını qopardılar.

Ağdamda Ateistlər Birliyinin fəalları əsas məscidi işğal etdikdə xalq içində qəzəb dalğası başl qaldırdı. 8 min nəfər məscidin qarşısına toplaşdı, insanlar xorla dərhal məscidə girişin bərpasını tələb edirdilər.

Salyandakı kommunistlərin dinə münasibətdə mərasimsizliyi az qəzəb doğurmurdu. Komsomol üzvləri burada əsas məscidi ələ keçirməklə yanaşı, içərisinə partiya şüarları və rejim liderlərinin portretlərini də asdılar. Bundan böyük bir küfrü inanclı insanlar xəyal belə edə bilməzdilər. Məscidin bağlanmasından bir neçə gün sonra, bir neçə yüz şəhər sakini məscidə girdilər, partiyanın təbliğat tribunalarını qırıb, kommunist liderlərin portretlərini küçəyə atıb yandırdılar.”

Write A Comment