32 il əvvəl bu gün Azərbaycan xalqı 71 ildən sonra yenidən müstəqilliyini əldə edib. 1920-ci ildə 11-cı qırmızı ordunun işğalı ilə son qoyulan müstəqilliyimizi 1991-ci il oktyabrın 18-də yenidən qazandıq.

Ancaq birinci dəfə olduğu kimi, ikinci dəfə də müstəqilliyimiz uzun mübarizə və qurbanlar bahasına qazanıldı. 1988-ci ildən başlayan Milli-Azadlıq Hərəkatı həm Moskvadakı sovet rəhbərliyinə, həm də Qarabağdakı erməni separatizminə qarşı iki cəbhədə mübarizə apararaq müstəqilliyinə nail oldu.

Müstəqillik yolunda 1990-cı il yanvarın 20-də şəhidlər verdik. Qarabağda 20 minə yaxın həmvətənimiz qurban getdi. Bəzilərinin iddia etdiyi kimi, müstəqilliyi Azərbaycan xalqı “hədiyyə” almadı. Mübarizə apardı, qurbanlar verdi.

Lakin birinci müstəqillikdə olduğu kimi, ikinci müstəqillik də “yaralı” oldu. Azərbaycan Respublikası dövlət müstəqilliyini elan etdiyi 1991-ci ildə Qarabağda artıq separatçı hərəkat böyümüş, qondarma rejim qurmuşdu. Bu səbəbdən də 1991-ci ildə dövlət müstəqilliyini yenidən qazansaq da, dövlət suverenliyini bərpa edə bilməmişdik.

Birinci respublikadan digər atributlarla yanaşı erməni separatizmi də “miras” aldıq. Lakin 30 ildən sonra Azərbaycan nəhayət “bədənindəki” bu separatizm “yarasını” kəsib atdı. Yenə də qurbanlar verdik, 3 mindən çox gənc vətən sərhədlərinin bərpası uğurunda “hüququndan keçdi”.

Artıq ölkəmiz ərazi bütövlüyünü – suverenliyini bərpa edib. 1991-ci ildən bu yana ilk dəfə üç rəngli bayrağımız Xankəndinin mərkəzində dalğalanır. Belə demək olarsa, 105 ildən sonra Azərbaycan öz dövlət suverenliyini bərpa etdi və sərhədlər üzərindəki dövlət hakimiyyətini bərqərar etdi.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü, Kənan Rövşənoğlu

Write A Comment