Bəllidir ki, Azərbaycanın cənubunu e.ə. IV əsrdən eramızın VII əsrinədək Atropatena adı ilə, şimalını isə e.ə. I əsrdən eramızın IX əsrinədək Albaniya kimi tanımışlar.

Həmçinin o da məlumdur ki, e.ə. VII–IV əsrlərdə bütöv Azərbaycanın adı Midiya olmuşdur. Bir qədər də əvvələ nəzər salsaq görərik ki, e.ə. X–VII əsrlərdə bu torpaqların cənub-qərb hissəsi Manna adlanmışdır.

Amma çox az oxucu bilir ki, əski yazılarda Azərbaycanın daha bir adı təsbit edilmişdir. Belə ki, assuriyalılar qədim Mesopotamiyadan – indiki İraqdan şimal və şimal-şərqdə yerləşmiş ölkəyə, onun sakinlərinə Umman–Manda deyirdilər. Xəritəyə nəzər salsaq görərik ki, İraqın şimalı Türkiyənin Şərqi Anadolu bölgəsi, şimal-şərqi isə Cənubi Azərbaycanla həmsərhəddir.

Faktlara diqqət yetirək:

– Assuriya çarı Esarhaddonun (e.ə. 713–669) dövrünə aid yazılarda kimmerlər və onların hökmdarı Teuşp (e.ə. ?–679) Umman–Manda adlanmışdır.

– Assuriya çarı Aşurbanipalın (e.ə. 685–631) dövrünə aid yazılarda da kimmerlərin, eləcə də onların hökmdarı Tuqdamenin və ya Duqdamisin (e.ə. ?–640) adı Umman–Mandadır.

İzah. Oxucuda belə bir sual yarana bilər ki, kimmerlərin madaylara (midiyalılara, qədim azərbaycanlılara) nə aidiyyəti var? Amma bu sualı doğuran yalnız stereotipdir. Əslində isə, kimmerlərlə madaylar arasında real bağlılıq mövcuddur. Sadəcə, Azərbaycan tarixşünaslığının bu günədək elə bir imkanı olmamışdır ki, həmin məsələyə diqqət yetirə bilsin.

Nümunə. Midiya hökmdarı Astiaqın ata babası Fravartiş e.ə. 647-ci ildə hakimiyyət başına keçmiş və ardınca Assuriyaya qarşı mübarizəyə başlamışdı. O, e.ə. 625-ci ildə Assuriya ordusu ilə şiddətli döyüşlərdən birində məğlubiyyətə uğrayaraq savaş meydanında həlak olmuşdu. Maraqlıdır ki, kimmer şahı Duqdamis (Tuqdame) də e.ə. VII əsrin ortalarında Assuriyaya qarşı amansız mübarizə aparmış və e.ə. 640-cı ildə döyüş meydanında həlak olmuşdur.

Nüfuzlu alman tarixçisi və şərqşünası Fritz Hommel (1854–1936) hesab edirdi ki, Midiya şahı Fravartişlə kimmer şahı Duqdamis (Tuqdame, Liqdamis), əslində, eyni şəxsdir.

Yunan tarixçisi Herodot (e.ə 484–425) “Tarix” adlı əsərinin I kitabının 102-ci fəslində yazırdı: “Midiya şahı Deyokun Fraortes (Fravartiş) adlı oğlu vardı. Deyok 53 il hökmdarlıq etdi. Onun ölümündən sonra taxt-tac Fraortesə keçdi. Fraortes isə yalnız midiyalılar üzərində hakimiyyətlə kifayətlənmək fikrində deyildi. O, parslara savaş elan etdi. Fraortesin hücumuna ilk məruz qalanlar da, onun iqtidarını birinci tanıyanlar da parslar oldular. Bu iki qüdrətli xalqı özünə tabe edən Fraortes Asiyanın fəthinə başladı.

O, digər xalqları da bir-birinin ardınca öz hakimiyyəti altına aldı. Nəhayət, assuriyalılar üzərinə yürüş etdi. Keçmişdə bütün Asiyanın hakimi olmuş assuriyalılar hələ də kifayət qədər qüdrətli idilər. 22 illik şahlıqdan sonra Fraortes və onun qoşununun böyük bir hissəsi bu yürüşdə həlak oldu”.

Strabon (e.ə. 64 – eramızın 24-cü illəri) “Coğrafiya” adlı əsərinin I kitabının I fəslinin 21-ci hissəsində yazırdı: “Salnaməçilərin həm də trer adlandırdıqları kimmerlər tez-tez Pont ölkəsinin sağ hissəsinə və ona bitişik ərazilərə yürüşlər edirdilər. Bu zaman onlar bəzən tsaflaqonluların və frigiyalıların ərazilərinə də soxulurdular. Liqdamen (Duqdamis, Tuqdame) öz qoşunu ilə Lidiya və İoniyaya qədər gəlib çatdı. O, Sardı fəth etsə də, Kilikiyada həlak oldu”.

Qeyd etmək lazımdır ki, o zaman artıq ən azı iki əsr olardı ki, Kilikiya Assuriya imperiyasının vilayətlərindən biri idi. Deməli, Midiya şahı Fravartiş kimi kimmer şahı Duqdamis də məhz Assuriyaya qarşı mübarizə aparmış və Assuriya ordusu ilə döyüşdə öldürülmüşdür. Digər ehtimala görə, kimmerlərin hökmdarı Duqdamisi (Tuqdame) Kilikiyada Assuriyanın müttəfiqi – skif şahı Madi məğlub etmişdi.

Beləliklə, aydınlaşdırdıq ki,

– Fravartiş ilə Duqdamis (Tuqdame, Liqdamis), təxminən, eyni dövrdə (e.ə. VII əsrin ikinci yarısında) yaşamışlar;

– Onların hər ikisi döyüşkən köçərilərə (kimmerlərə və madaylara) rəhbərlik etmişdir;

– Həm Fravartiş, həm də Duqdamis (Tuqdame, Liqdamis) yalnız Assuriya və bu qəddar dövlətin vassalları ilə savaşmışlar;

– Onlar Assuriya ilə mübarizəni faktiki olaraq eyni ərazilərdə (əsasən Kiçik Asiyada) aparmışlar;

– Fravartiş də, Duqdamis (Tuqdame, Liqdamis) də döyüş meydanında həlak olmuşdur.

Təkcə bu faktlar onları eyniləşdirmək üçün yetərincə əsas verir. Fərq isə yalnız həmin hökmdarların adlarında və ölüm tarixlərindədir.

Fravartişdən sonra Midiya taxtına onun oğlu Uvaxşatr (Kiaksar) çıxdı. Duqdamisdən sonra isə kimmer xalqının hökmdarı Sandakşatr oldu. Maraqlıdır ki, onların da hər ikisinin adının sonluğunda şatr (şah, şad, şahzadə) titulu vardır. Yeri gəlmişkən, alman tarixçisi Fritz Hommelin fikrincə, madayların üçüncü şahı Uvaxşatr ilə kimmerlərin üçüncü şahı Sandakşatr eyni şəxsdir.

Nəticə: Mövcud məlumatların təhlili onu göstərir ki, madaylar, böyük ehtimalla, elə kimmerlər idilər. Bu zaman nəzərə almalıyıq ki, əski yazılarda kimmerlər Umman-Manda adlanmışlar. Deməli, belə bir fərziyyə irəli sürə bilərik ki, qədim dünyada Umman-Manda deyildikdə, məhz Midiya (Azərbaycan) nəzərdə tutulurdu.

Ardı var…

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Write A Comment