Vaxtilə sırf azərbaycanlıların yaşadığı Dəmirbulaq massivində XX əsrin əvvəlində üç məscid qeydə alınmışdır. Həmin məscidlər bunlardır: Hacı Novruzəli bəy, Hacı Cəfər bəy və Dəmirbulaq məscidi.

Dəmirbulaq məscidi Gedər çayının üzərindəki körpünün yaxınlığında yerləşdiyi üçün onu Körpüqulağı məscidi də adlandırmışlar. Bunlardan ikisi – Hacı Novruzəli bəy və Körpüqulağı məscidləri 1930-cu illərdə İrəvan şəhərinin baş planının qurbanı olmuşlar.

İrəvan şəhərində 1988-ci ilədək fəaliyyət göstərən yeganə məscid Hacı Cəfər bəyin tikdirdiyi Çətirli məscid və yaxud yerləşdiyi ərazinin adına uyğun olaraq adlandırılan Dəmirbulaq məscidi olmuşdur.

Üzərindəki kitabədə məscidin miladi təqvimi ilə 1909-cu ildə inşa edildiyi göstərilmişdi. Məscidin minarəsi yox idi. Əvəzində məscid binasının damında açıq havada 1,5-2 metr hündürlüyündə kvadrat şəkilli meydança inşa edilmiş, onun üzərində dəmir barmaqlıqlarla əhatələnmiş məhəccər quraşdırılmışdı.

Dörd yanı açıq olan məhəccərin üstü dəmir təbəqə ilə örtüldüyündən bu məscid Çətirli məscid adlanırdı. Arxitektura baxımından belə məscidlər adətən “Güldəstə” məscidləri tipinə aid edilir. Sonralar yerləşdiyi məkanın adına uyğun olaraq, həmin məscid rəsmi sənədlərdə Dəmirbulaq məscidi adlandırılmışdır.

1988-ci ilin fevralında Dağlıq Qarabağda erməni separatizminin baş qaldırmasından sonra İrəvanda fasiləsiz mitinqlər keçirilirdi. Fevralın 23-də erməni quldurları İrəvan şəhərindəki Dəmirbulaq məscidini və M.F.Axundov adına 9 №-li azərbaycanlı orta məktəbin binasını yandırmışdılar. Lakin sonradan xarici jurnalistlərə ermənilərin azərbaycanlılara qarşı xoşməramlı münasibət göstərdiklərini nümayiş etdirmək məqsədilə Dəmirbulaq məscidinin yanmış divarlarını rəngləmişdilər ki, yanğının izləri ört-basdır edilmiş olsun.

ABŞ tədqiqatçısı Robert Kullen İrəvana etdiyi səfər haqqında “The New Yorker” qəzetində 15 aprel 1991-ci il tarixli yazısında şəhərdəki azərbaycanlılara məxsus olmuş yeganə fəaliyyət göstərən məsciddən – Dəmirbulaq məscidindən bəhs etmişdir.

Britaniyalı tədqiqatçı Tomas de Vaal 2000-ci ildə İrəvanda səfərdə olarkən Robert Kullenin təsvir etdiyi yerə getmişdir. Tomas de Vaal yazır: “İrəvan sirlərlə dolu şəhərdir. Mənə elə gəlir ki onlardan biri mərkəzi meydanın yaxınlığında Vardanans küçəsindəki 22 №-li çoxmərtəbəli yaşayış evinin arxasinda yerləşir.

Həmin məscidin bəxti gətirmədi: onu “fars” məscidi hesab etməyərək (müəllif burada “fars məscidi” adı altında “bərpa edilən” Göy məscidi nəzərdə tutur – N.M.) uçurmuşdular.

Bu məkan çox acınacaqlı və baxımsız bir yer təəssürat yaratdığı üçün məndə şübhə oyatdı: bəlkə mən ünvani səhv salmışam. Pilləkənin aşağısında güllü paltarda açılıb-qatlanan stulda bir qarı oturmuşdu. “Burada nə vaxtsa məscid olmuşdu?” – yuxardakı meydançanı göstərərək, mən ondan soruşdum.

– Hə, olub, – o, cavab verdi.
– Bəs onunla nə baş verdi?
– Biz ona axırıncı günə qədər əl vurmadıq, o vaxta qədər ki, onlar Bakıdakı erməni kilsəsini dağıtmamışdılar.

Mənə elə gəlir ki, o, 1990-cı ilin əvvəlindəki hadisələri nəzərdə tuturdu.

– Bəs siz onu niyə dağıtdınız?
– Onu niyə saxlamalıydıq ki?- o, çiyinlərini oynatdı. – Biz xristianıq, onlar müsəlman. Azərbaycanla problemlər başlayan kimi, bizim ermənilər gəlib onu 3 günə dağıtdılar.

Mən ehtiyatla bildirdim ki, tikililərdən insanların əməllərinə görə qisas alınmamalıdır.

– Doğrudur, divarları günahlandırmaq olmaz – deyə, qadın mənimlə razılaşdı. Ancaq onlar (yəni erməni vandalları-N.M.) hər şeyə qarşı müharibə aparırlar…”.

Görünür, ermənilər İrəvandakı ibadətə açıq olan yeganə azərbaycanlı məscidini sökmək üçün mitinqlərin birində şayiə yaymışlar ki, guya azərbaycanlılar Bakıda erməni kilsəsini sökmüşlər.

Bakıda söküldüyü söylənilən erməni kilsəsinin əvəzini çıxmaq üçün mitinq iştirakçılarını qızışdıraraq Dəmirbulaq məscidini sökməyə göndərmişlər. Üç gün ərzində erməni vandalları Allahın ibadət yerini yerlı yeksan etmişdilər.

Nazim Mustafa

Write A Comment