Genetiklər nə deyirlər?

Qeyd etmək lazımdır ki, bizi maraqlandıran məsələ barəsində – yəni, Amerika hinduları ilə azərbaycanlılar və ümumiyyətlə türklər arasında qohumluq əlaqələrinin mövcudluğuna dair ən dəqiq məlumatı genetika elmi verir. Amerika hindularının əksəriyyəti Y xromosomlu Q haploqrupunun daşıyıcısıdır.

Bugün İranda, Əfqanıstanda və Özbəkistanda yaşayan türkmənlərin əksəriyyəti, kulan-kıpşak və kanqlı tayfalarından olan qazaxların 46-48%-i, azərbaycanlıların və norveçlilərin 4.8%-i (bu genin Norvegiyadakı daşıyıcıları Azərbaycandan getmişlər), hindoy, çeberloy, qordaloy, engenoy, egişbatoy, dişniy, şuonoy, noxçmaxkaxoy nəsillərindən olan çeçenlərin bir hissəsi və Aşkenazi yəhudilərinin müəyyən bir qismi Q haploqrupuna aiddir.

Həmin haploqrupun daşıyıcılarına Pribaltikada, Volqaboyuda, Monqolustanda da rast gəlmək mümkündür.
Q haploqrupu, təxminən, 31.900 il əvvəl indiki Uralda və ya Sibirdə P haploqrupundan yaranmışdır. Həmin dövrdə P haploqrupundan həmçinin R haploqrupu da törəmişdir. Sonradan R haploqrupu öz növbəsində R1 və R2 haploqruplarına, R1 haploqrupu isə, təxminən, 18.000 il əvvəl R1a və R1b haploqruplarına bölünmüşdür. R1a-nın Z93 subkladı (subclade) şərti olaraq qədim arilərin haploqrupu hesab edilir.

Bunun da səbəbi odur ki, bugünkü Hindistanın brahman və kşatriya varnalarında (kastalarında) məhz R1a haploqrupunun Z93 subkladının daşıyıcılarının faizi 31–72 arasındadır.
Məsələ burasındadır ki, əski mətnlərə əsasən, arilərin əsas təbəqələri məhz brahmanlar və kşatriyalar olmuşlar. Elə buna görə də R1a Z93-ə həm də ari haploqrupu deyilir.

Müasir xotonların (türk xalqı) 83–87%-i, qırğızların 65%-i, Altay türklərinin 53%-i, yəhudi xalqının cəmi 4%-ni təşkil edən lavililərin 52%-i, Kuban noqaylarının 50%-i, pəncablıların 47%-i, taciklərin 30–68%-i, puştunların (Əfqanıstan) 45–51%-i, şəmmar tayfasından olan ərəblərin 43%-i, Krım tatarlarının və özbəklərin 32%-i, çuvaşların və uyğurların 30%-i, qaraçay-balkarların 28%-i, farsların 18–25%-i, kürdlərin 10–20%-i həmin ari haploqrupunun daşıyıcısıdır.

Şərqi Avropa ölkələrində də üstünlük R1a haploqrupuna məxsusdur. Belə ki, belorusların 60%-i, polyakların 56%-i, rusların 34–55%-i, ykraynalıların 53%, latışların 40%-i, litvalıların 38%-i, həmçinin Avropanın şimalında və qərbində yaşayan norveçlilərin 26%-i, almanların 16–24%-i, avstriyalıların 19%-i bu haploqrupun müxtəlif subkladlarına aiddir. Amma bir məsələni də vurğulayaq ki, R1a Z93-dən fərqli olaraq, onların heç biri “ari haploqrupu” hesab edilmir.
Qərbi Avropada isə daha çox (50%) R1b haploqrupu yayılmışdır. İngilislərin 70–90%-i, baskların 88%-i, ispanların 70%-i, almanların 40%-i, eləcə də Altay kumandinlərinin (türk xalqı) 49%-i, kıpşak tayfasından olan qazaxların 47%-i, tabasaranlıların 45%-i, osetinlərin 43%-i, türkmənlərin 37%-i R1b-nin müxtəlif subkladlarının daşıyıcısıdır.

Sadaladıqlarımızı sadə dilə çevirək. Təxminən 44.300 il əvvəl Cənub-Şərqi Asiyada bir oğlan (P haploqrupu) doğulur. O, həyatda uğurlu olur, nəsli artır və yayılmağa başlayır. P-nin dünyaya gəlməsindən 12.400 il sonra onun nəslində R və Q adlı iki oğlan uşağı anadan olur. Ulu babaları P kimi tale onların da üzünə gülür.

Beləliklə, iki yeni nəslin əsası qoyulur. Bu hadisədən təxminən 9.000 il ötür. Q-nin övladlarının bir hissəsi hansısa səbəblər üzündən (iqlim, müharibə və s.) köçə başlayır. Onlar Berinq boğazından Amerika qitəsinə keçirlər. Sonrası məlumdur.
P-nin digər “övladı” R-in Mərkəzi Asiyada yaşayan nəsli isə ondan cəmi 1.500 il sonra iki qola – R1a-ya və R1b-yə ayrılır. Əvvəlcə R1a-nın törəmələri müvəffəqiyyət qazanaraq əlverişli mövqelərə çıxırlar.

Güman edilir ki, Midiya və Əhəməni hökmdarları, Hindistanın brahman və kşatriyaları, bulqar türklərinin Dulo sülaləsi və Xaqan Atilla, göytürklərin Aşina xaqan nəsli, Çingiz xan, macar kralları – Arpadlar, Osmanlı sultanları, eləcə də digər sülalələr və nəsillər məhz R1a haploqrupunun Z93 subkladının müxtəlif klasterlərinin daşıyıcıları olmuşlar.
Qeyd. Bu məlumatların çoxu dolayı dəlillərə əsaslanan ehtimallardır. Məsələn, macar kralları – Arpadlar özlərini Xaqan Atillanın nəslindən hesab etmişlər. Genetiklər müəyyənləşdirmişlər ki, Arpadların haploqrupu həqiqətən də R1a Z93-dür. Bunun əsasında güman edilmişdir ki, Xaqan Atilla da həmin haploqrupun daşıyıcısı ola bilərdi.

Lakin sonradan vəziyyət dəyişmiş, estafet R1b-nin törəmələrinə keçmişdir. Böyük Britaniya, ABŞ, Almaniya və İtaliya kimi inkişaf etmiş ölkələrin əhalisinin əhəmiyyətli bir hissəsi R1b haploqrupunun daşıyıcısıdır.
1492-ci il oktyabr ayının 12-də əksəriyyəti Q-nin “qardaşı” R-in nəslindən olan avropalılar gəmilərlə Amerika sahillərinə yan aldılar. İşğal və ağır müstəmləkəçilik dövrü başlandı. Qəsbkarlar özlərinin uzaq “əmiuşaqlarını” nəinki dəhşətli və amansız soyqırıma məruz qoydular, həm də uzun müddət ərzində onları bəşər övladı, insan kimi tanımaqdan belə imtina etdilər.
Həqiqətən də, “qohumlar” arasında düşmənçilik daha şiddətli və barışmaz olur.

Ardı var…

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü, Araz Şəhrili

Write A Comment