Çox maraqlı və tarixi dəyişən sistem!

Əməvilər dövründə hədsiz varlanan müsəlman ərəblər başda ordu olmaqla bir çox siyasi-hərbi mükəlləfiyyətlərdən boyun qaçırmağa başladılar. Nəticədə əsgər çatışmazlığı yarandı. Bu isə satın alınan qulların orduya cəlb edilməsinə gətirib çıxardı.
Beləliklə, tədricən qulam adı verilən sistem yarandı. Satın alınan qulların təhsil və tərbiyəsi ilə məşğul olan həmin sistem onlardan peşəkar hərbçilər, əyanlar yetişdirilirdi. İş o yerə çatdı ki, Abbasilər xilafətinin hakimiyyətdə olduğu dövrün (750 – 1258 ci illər) ortalarında ordu və dövlət sistemi tamamilə qulamların əlinə keçdi.
Bu sisteminin varlıq səbəbini, ortaya çıxmasını və mövcudluğunu təhlil edən İbn Xəldun qulam sisteminin varlığını dövlət fəlsəfəsi cəhətindən belə əsaslandırırdı:

«Bir hökmdar hakimiyyətinin ilk mərhələsində öz millətinə arxalanır, onun mənfəətini ön planda tutur, vergilərin toplanmasından tutmuş, dövlət sərhədlərinin qorunmasınadək hər işi öz qövmünə tapşırır, onun fikirlərini və istəklərini nəzərə alaraq davranır.

Lakin sonrakı mərhələdə həmin hökmdar öz qövmünü dövlət işlərindən uzaqlaşdıraraq bütün hakimiyyəti öz əlində cəmləşdirməyə çalışır, qullar alaraq özünün köməkçiləri tayin edir, onların sayını çoxaltmağa çalışır.
Bunda məqsəd var-dövləti yalnız öz sülaləsinin paylaşmasına şərait yaratmaq, bunun üçün də camaatı öz iradəsinə boyun əydirməkdir».


Bir sözlə, İbn Xəlduna görə, hökmdar xalqını və silahdaşlarını ölkə idarəçiliyində iştirak imkanından məhrum edərək dövləti şəxsi mülkiyyətinə çevirmək üçün qulam sisteminin varlığına ehtiyac duyurdu.
Salcuqlular dövründə hətta belə bir atalar sözü məşhur idi: Sadiq bir qulam 100 övladdan daha xeyirlidir. Çünki övlad atanın ölümünü istəyər, qulam isə uzun yaşamasını.
Səlcuqlu dövlət sistemində qulamın əldə etdiyi ən böyük vəzifə atabəylik idi. Buna görə də atabəylik qulam sisteminin bir parçası, daha doğrusu, onun son mərhələsi hesab olunurdu.
Ardı var…

Əkbər Nəcəf, “Şəmsəddin Eldəniz” kitabı

Write A Comment