XI əsrdə Qıpçaq çölündə yaşamış oğuz tayfalarından birinin adı rus salnamələrində berendey kimi keçir. Ehtimalımıza görə, berendey tayfa adı barannı tayfa adının bir qədər dəyişmiş formasıdır.
Rus tarixçisi Vasiliy Vladimiroviç Bartold (1869–1930) və bəzi digər tədqiqatçılar isə güman edirdilər ki, berendey tayfa adı bayandur tayfa adının azacıq təhrif olunmuş şəklidir.
Berendeylərin Qıpçaq çölündə X–XIII əsrlərdə saldıqları şəhərlərin adları rus salnamələrində Torçesk, Sakov, Berendiçev, Berendeyevo, İjeslavl, Urnayev, Rostovets kimi qeyd olunmuşdur. Batı xanın moğollarına ən şiddətli müqaviməti də bu şəhərlər göstərmişdilər.

Haşiyə. Berendey (rus ədəbiyyatı və folklorunda əfsanəvi çar, nağıl qəhrəmanı şahzadə İvanın atası) – Berende (Bolqarıstanın Sofiya vilayətində kənd) – Bayandıroy (Türkmənistanın Daşoğuz vilayətində kənd) – Baqandar (Türkmənistanın Balkan vilayətində bulaq) – Bayandı (Qazaxıstanın Manqıstau vilayətində kənd) – Bayaldır (Qazaxıstanın Türküstan vilayətində kənd) – Bhayandar (Hindistanda yaşayış məntəqəsi) – Bayandur (Qərbi Azərbaycanda kənd) – Bayındır (Türkiyənin İzmir ilində şəhər).
Zənnimizcə, qaraqoyunluların barannı tayfası ilə ağqoyunluların bayandur tayfasının mənşəyi eynidir. Mümkündür ki, tarixin hansısa mərhələsində bir nəsil iki hissəyə ayrılmış, onlardan biri barannı adını saxlamış, digər nəslin adı isə bayanduri şəklini almışdır.
Xivə xanı və tarixçisi Əbul Qazi Bahadur (1603–1664) bayandur sözünün mənasını “var-dövlət sahibi” kimi izah etmişdir. Tərəkəmə üçün ən böyük sərvət nədir? – Sözsüz ki, qaramal və qoyun-quzu. Azərbaycan folklorundan aşağıdakı nümunələrə nəzər salaq:

“Qoyunlu evlər gördüm, qurulu yaya bənzər, qoyunsuz evlər gördüm, qurumuş çaya bənzər” (“Kitabi Dədə Qorqud” dastanından).
“Biri vardı, biri yoxdu, keçmiş zamanlarda Nəbi adlı varlı bir kişi vardı. Bu kişinin dövləti, varı, malı, qoyunu başından aşırdı” (xalq nağılından).
“Ağ qoyunu görənlər içi dolu yağ sanar” (atalar sözü).

Maraqlıdır ki, Azərbaycana köç etməzdən əvvəl bayandur tayfası da parnı tayfasının vətənində – Manqışlaqda yaşamışdır.
Diqqətimizi cəlb edən digər cəhət isə Ağqoyunlu tayfa ittifaqının ilk başçısının adının Pəhləvan bəy Bayandur (?–1340) olmasıdır. Xatırladaq ki, qədim parfiyalılar, o cümlədən, parnılar özlərini ümumi olaraq məhz pəhləvan adlandırırdılar.
Strabon yazır ki, “kimmerlər Ön Asiyaya Homerin zamanında gəlmişlər”. Ehtimala görə, Homer e.ə. IX–VIII əsrlərdə yaşamışdır. Həqiqətən də, kimmerlərin Ön Asiyada olmalarına dair ilk məlumatlar e.ə. 722–715-ci illərə aiddir. Dilimizdə qəzəb, hirs mənalarını ifadə edən “qımır” sözü ola bilsin ki, kimmer etnonimindən qaynaqlanır.
Fikrimizcə, gürcü dilindəki “qmiri” (pəhləvan) və osetin dilindəki “qumir” (nəhəng) sözləri də kimmer etnonimi ilə bağlıdır. Saka xalqının bir hissəsi olmuş parfiyalıların əsl adı pəhləvan idi. Maraqlı paralel alınır – kimmer etnoniminə bənzəyən “qmiri” və “qumir ”sözləri gürcü dilində pəhləvan, osetin dilində nəhəng mənalarını ifadə edir. Eyni xalqı assuriyalılar kimmer, elamlılar saka adlandırırdılar.

Saka xalqının Parfiya imperiyasını qurmuş hissəsinin adı pəhləvan idi. Pəhləvanlar köçəri və yarımköçəri həyat tərzi sürsələr də, onların hakim zümrəsi – Ərsakilər Parfiya imperiyasını qurduqdan sonra şəhərlərdə məskunlaşmış, lakin döyüş vərdişlərini də itirməmişdilər.
Sözsüz ki, Azərbaycan və İranın iri şəhərlərində bugünədək mövcud olan zorxanalar və həmin zorxanalarda məşq edənlərin pəhləvan adı məhz onlarla bağlıdır.
Xatırladaq ki, türk və İran dillərində güləşçiyə, güclü insana pəhləvan deyilir. Maraqlıdır ki, bugün də Azərbaycanda Pəhləvan şəxs adına da rast gələ bilərsiniz. Başqa sözlə, bu ad qədim dövrlərin pəhləvan tayfasını sanki bugün də yaşadır.

Hər bir parfiyalı döyüşçü mükəmməl süvari oxçu sayılırdı. Parfiya ordusu, əsasən, yüngül süvari oxçulardan və ağır süvari bölüklərindən ibarət idi. E.ə. 53-cü ildə sərkərdə Surxanın rəhbərlik etdiyi və sayları 11.000 nəfərdən az olan Parfiya süvarisi Karr döyüşündə Roma konsulu Krassın təxminən 50.000 nəfərlik güclü birləşməsini darmadağın etmişdi.
Parfiyalıların şanlı savaş ənənələri əsrlər boyunca qırılmaz qalmış, atadan oğula, nəsildən nəslə ötürülmüşdür.
Parfiya imperiyasının süqutundan 1100 il sonra da – XIV–XV əsrlərdə qaraqoyunlu və ağqoyunlu döyüşçüləri o dövrün ən yaxşı süvari oxçuları sayılırdılar.


Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Write A Comment