Azərbaycan ordusunun 103 illiyi münasibəti ilə

Ordu yaradılması Azərbaycan Xalq Cümhuriyyəti dövlətinin ilk quruculuq planlarına daxil olub. Xalq Cümhuriyyətində hərbi nazir postu rəsmi təsis edilməsə də bu vəzifəni 1918-ci ilin may ayının 28-dən iyun ayının 11-nə qədər Xosrov bəy Sultanov icra etmişdir. Oktyabrın 6-dan dekabrın 26-dək hərbi işlər üzrə müvəkkil İ.Ziyadxanov olmuşdur.

1918-ci il iyun ayının 4-də Azərbaycan ilə Osmanlı Türkiyəsi arasında imzalanmış müqaviləyə əsasən Türkiyə hökuməti Azərbaycana hərbi yardım göstərmək qərarına gəldi və ölkəmizə hərbi qüvvələr göndərdi.

Azərbaycanın milli hərbi qüvvələrinin əsasını Cümhuriyyət elan edilməmişdən əvvəl yaradılan və general-leytenant Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusu təşkil edib. 1918-ci il iyun ayının 26-da Müsəlman korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan korpusu adlandırıldı. Bu həm də Azərbaycan ordusunun yarandığı gündür.

1918-ci il oktyabrın 23-də Nazirlər kabinetinin qərarı ilə Müdafiə Nazirliyi yaradılıb. Qərar noyabr ayının 7-də rəsmiləşib və Fətəli xan Xoyski hərbi nazir təyin olunub. 1918-ci ilin dekabr ayının 26-da rus ordusunda xidmət etmiş artilleriya general-leytenantı Səməd bəy Mehmandarov hərbi nazir, həmin ayın 29-da general-leytenantı Əliağa Şixlinski onun müavini, təyin olunub. General-leytenant Suleyman Sulkeviç baş qərargah rəisi təyin edilib.

1919-cu ilin yayında isə Cümhuriyyət ordusunun tərkibində artıq bir süvari və iki piyada diviziyası, həmçinin digər əlahiddə hissə və bölmələr təşkil olunmuşdu. 2-ci piyada diviziyasının təşkilinə hərbi nazirin 14 iyul 1919-cu il tarixli əmri ilə başlandı. Bundan sonra 1-ci Cavanşir, 2-ci Zaqatala və 3-cü Gəncə piyada alayları, həmçinin 1-ci piyada diviziyasının, 4-cü Quba və 5-ci Bakı piyada alayları 2-ci piyada diviziyasının tərkibinə verildi. 1919-cu ilin oktyabr ayında formalaşdırılması başa çatan 6-cı Göyçay piyada alayı da 2-ci piyada diviziyasının tərkibinə daxil edildi.

Süvari diviziyasının tərkibində isə 1-ci Tatar, 2-ci Qarabağ və 3-cü Şəki süvari alayları vardı.

1919-cu il iyun ayının 16-da Gürcüstanla hərbi-texniki əməkdaşlığın gücləndirilməsi üçün iki respublika arasında hərbi saziş imzalandı. Tiflisdə imzalanmış 3 illik sazişə əsasən respublikalardan hər hansı biri xarici hərbi müdaxiləyə məruz qalacağı təqdirdə digər respublika ona razılaşdırılmış köməyi göstərsin. Tərəflərin razılığına əsasən, Cənubi Qafqaz respublikası kimi Ermənistana da 2 həftə ərzində bu müqaviləyə qoşulmaq hüququ verilirdi. Ancaq qonşularının torpaqlarına göz dikən Ermənistan bu müqaviləyə qoşulmur.

1919-cu ilin payızında Bakı İstehkamat Hissəsi (Бакинский Укрепленный район) yaradıldı. Bakıda və Abşeron yarımadasında yerləşmiş hərbi qüvvələr bu struktura tabe edildi. Sentyabr ayında Bakı hərbi limanının, təyyarə dəstəsinin, zirehli avtomobillər dəstəsinin, mövqe batareyasının ştatlarının formalaşdırılmasına başlandı.

1919-cu il sentyabr ayının 14-də təyyarə dəstəsi və zirehli avtomobillər dəstəsi yaradılır.

1919-cu ilin iyununda Dövlət Müdafiə Komitəsi yaradılır və bununla da ölkənin müdafiəsinin təşkili konkret bir orqanda mərkəzləşdirilmiş olur.

Oktyabr ayında 6-cı Göyçay piyada alayı, 1919-cu ilin sonuna kimi 7-ci Şirvan və 8-ci Ağdaş piyada alaylarının təşkili sona çatdırıldı.

Hərbi Nazirlik bütün bu təşkilati işləri həyata keçirməklə 1919-cu ilin sonunadək Cümhuriyyət ordusunun şəxsi heyətinin sayını 20 min nəfərə, ordudakı atların sayını 5 min başa, 1920-ci ildə isə ordunun sayını 40 min nəfərə, atların sayını 10 min başa çatdırmağı planlaşdırırdı. Buna nail olmaq üçün 1920-ci ilin ilk günlərindən etibarən çox geniş quruculuq işlərinin aparılması nəzərdə tutulurdu. Tərtib edilmiş quruculuq planına əsasən il ərzində 9-cu piyada alayı, 4-cü süvari alayı, iki haubitsa batareyası, haubitsa divizionunun qərargahı, bir dağ-süvari batareyası, dağ-süvari divizionunun qərargahı, üç batareyadan ibarət yüngül səhra divizionu və onun qərargahı, hər biri bir bölükdən ibarət olan dördməhəlli komanda və hər biri üç bölükdən ibarət olan üçməhəlli komanda yaradılmalı idi. Nəzərdə tutulmuşdu ki, 9-cu piyada alayının təşkilindən sonra 3-cü piyada diviziyası yaradılsın və 7-ci, 8-ci və 9-cu piyada alayları bu diviziyanın tərkibinə verilsin.

1919-cu ilin yayından başlayaraq əvvəlcə Qarabağda, ardınca Lənkəran, daha sonra isə Zəngəzurda hərbi şəraitin pisləşməsinə baxmayaraq Hərbi Nazirliyin rəhbərliyi ordu quruculuğunu davam etdirib.

1920-ci ilin elə ilk günlərində 3-cü zirehli qatarın komplektləşdirilməsi haqda qərar verildi. Eyni zamanda hərbi xidmətə növbəti çağırış və səfərbərlik kampaniyası başlandı. Ordunun ali idarəetmə orqanlarında əsaslı struktur dəyişikliyi baş verdi. Belə ki, 1920-ci ilin mart ayında Baş Ərkani-hərblə Ümumi qərargah birləşdirilərək Azərbaycan ordusunun qərargahı yaradıldı və general-mayor Həbib bəy Səlimov baş qərargah rəisi təyin olundu.

Bundan başqa, ordunun təchizat və təminat orqanları da birləşdirilərək onların bazasında Azərbaycan ordusunun təchizat rəisinin idarəsi təşkil edildi.

Beləliklə, 1920-ci il aprel bolşevik işğalı ərəfəsində AXC ordusunun döyüş hissə və birləşmələri bunlardan ibarət idi:

  1. Hər birinin tərkibində 3 piyada alayı olan 2 piyada diviziyası.
  2. 2 əlahiddə piyada alayı (ümumən 8 piyada alayı).
  3. 3 süvari alayından ibarət olan 1 süvari diviziyası.
  4. 2 topçu briqadası.
  5. 3 ədəd zirehli qatar,

Həmçinin əlahiddə topçu divizionu, əlahiddə batareya, avtokomanda, hərbi gəmilər, zirehli avtomobil tağımı, təyyarə dəstəsi, mühafizə bölüyü, Zəngəzur bölgəsində yerli əhalidən təşkil edilmiş piyada taboru və atlı divizionu. Ümumilikdə 40 min nəfərə yaxın şəxsi heyət. o cümlədən 10 minə yaxın süvari.

Bunlardan başqa, ordunun tərkibində hərbi məktəblər, müxtəlif anbarlar, tibb müəssisələri, hərbi zavodlar, hərbi nümayəndəliklər və digər xidmət bölmələri var idi.

Müəllif: Millikimlik Araşdırmaları qrupunun üzvü, Kənan Rövşənoğlu

Write A Comment