Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşayıb, müstəqillik uğrunda daima mübarizə aparıb. Ötən əsrin əvvəllərində ölkəmizdə milli azadlıq hərəkatı daha da gücləndi.

Azərbaycanın demokratik qüvvələri, mütəfəkkir şəxsləri, siyasi xadimləri yurdumuzun mütəqilliyi, millətimizin azadlığı uğrunda mübarizəyə qoşuldular. Rusiya imperiyasının dağılması Azərbaycanda müstəqil dövlət qurmaq üçün şərait yaratdı. 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası – Xalq Cümhuriyyəti elan edildi.

Xalqımızın bir çox ziyalıları, görkəmli şəxsiyyətləri Demokratik Respublikanın yaradılmasında, onun inkişafında müstəsna rol oynayıb, müstəqillik yolunda əllərindən gələni əsirgəməyiblər. Bu onların həyatı bahasına başa gəlsə də, bir çox təqiblərə məruz qalsalar da, öz amallarından vaz keçməyib, xalqın rifahı üçün çalışıblar. Xalqa və dövlətçiliyə bir nümunə olan həmin ziyalıların bəzilərinin həyat və fəaliyyət yollarını daha dərindən araşdırıb təqdim edirik. Bu yolda əsas bələdçimiz, qaynağımız isə Prezident Kitabxanası, həmçinin Milli Kitabxananın zəngin məlumat bazasıdır.

Nəsib bəy Yusifbəyli

Azərbaycanın görkəmli dövlət və siyasi xadimi Nəsib bəy Yusifbəyli Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və hökumət başçılarından biri olub. O, 1881-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Gəncə gimnaziyasında alıb. Gəncə klassik gimnaziyasını bitirdikdən sonra 1902-ci ildə Odessa Universitetinin Hüquq fakültəsinə daxil olan Nəsib bəy Yusifbəyli təhsil almaqla bərabər, həm də milli azadlıq hərəkatına qoşulub, azərbaycanlı tələbələrin “Həmyerlilər” təşkilatının rəhbərlərindən birinə çevrilib. Universitetdə baş verən hadisələrə görə tədris ocağı bağlanır, fəal tələbələr ciddi təqiblərlə üzləşirlər. Beləcə, N. Yusifbəylinin təhsili yarımçıq qalır. O, çar xəfiyyələrinin təqibindən yaxa qurtarmaq üçün 1906-cı ildə Krımın Bağçasaray şəhərinə köçüb, böyük tatar mütəfəkkiri və publisisti İsmayıl bəy Qaspıralının “Tərcüman” qəzetində çalışmağa başlayır. İctimai-siyasi mövzulu məqalələri ilə oxucu auditoriyası qazanan Nəsib bəy Yusifbəyli Qaspıralının qızı Şəfiqə xanımla (1886-1975) ailə qurub. Bu nikahdan Niyazi və Zəhra adlı iki övladı olan Nəsib bəy buradakı təqiblərdən yaxa qurtarmaq üçün İstanbula köçüb, publisistik fəaliyyətilə bərabər, həm də “Türk dərnəyi” cəmiyyətinin təşkili ilə məşğul olub. Bir il sonra Vətənə dönüb, Gəncə şəhər bələdiyyəsində çalışıb. 1911-ci ildə “Mədrəseyi-ruhaniyyə” məktəbində çalışıb, “Molla Nəsrəddin” jurnalına və qəzetlərə məqalələr göndərib, “Müsəlman xeyriyyə cəmiyyəti”, “Müsəlmanların maariflənməsi cəmiyyəti”, “Aktyorlar cəmiyyəti”nin fəaliyyətində yaxından iştirak edib. Bu zaman Məmməd Əmin Rəsulzadə ilə tanış olub və ictimai-siyasi fəaliyyətə başlayıb.

Bu illər ərzində, sözün həqiqi mənasında, Nəsib bəy qısa bir ömrə sığmayan ictimai-siyasi işlər görüb. Mirzə Fətəli Axundovun anadan olmasının 100 illiyi münasibətilə Gəncədə Azərbaycan dilində ilk kitabxana təsis edib. “Türk Sosial-Federalist İnqilabi Komitəsi” adı ilə fəaliyyətə başlayan təşkilatın əsasında qardaşı Həmid bəy Yusifbəyli, Ələkbər bəy Rəfibəyli, Ələsgər bəy Xasməmmədovla birlikdə “Qeyrət” təşkilatını yaradıb. Azərbaycanın taleyində son dərəcə mühüm rol oynayan Gəncə Milli Komitəsinin sədri kimi fəaliyyət göstərib. Nəsib bəyin həyatında 1917-ci il öz mühüm hadisələri ilə iz qoyub. Belə ki, fevral burjua inqilabından sonra dərin siyasi-hüquqi təfəkkür sahibi olan Nəsib bəy “Türk Ədəmi-Mərkəziyyət” partiyasını yaradır. 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz və həmin ilin mayında Moskvada keçirilən Rusiya müsəlmanları qurultaylarında iştirak edib. 1917-ci ilin iyununda Türk Ədəmi-Mərkəziyyət partiyası M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi “Müsavat” partiyası ilə birləşir, yeni partiya “Türk Ədəmi-Mərkəziyyət firqəsi Müsavat” adlandırılır. Yusifbəyli bu partiyanın oktyabrın 26-31-də Bakıda keçirilən və Azərbaycanın siyasi həyatında böyük hadisəyə çevrilən 1-ci qurultayının hazırlanmasında və keçirilməsində fəal iştirak edib, partiya proqramının müəlliflərindən biri olub, onun mərkəzi komitəsinin üzvü seçilib, Gəncə şöbəsinə rəhbərlik edib.

Rusiya Müəssislər Məclisinə Gəncədən üzv seçilən Nəsib bəy Yusifbəyli 1918-ci il aprelin 22-də elan olunan Zaqafqaziya Demokratik Federativ Respublikasının xalq maarifi naziri təyin edilib. Həmin il mayın 27-də Tiflisdə yaradılan Milli Şuranın üzvü olan Nəsib bəy, Fətəli xan Xoyskinin təşkil etdiyi Hökumət Kabinetində də məhz xalq maarifi və dini etiqad naziri vəzifəsini icra edib. Nazir olduğu müddətdə Nəsib bəy daim xalqın inkişafı, maariflənməsi üçün əlindən gələni edib. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt- İstiqlal bəyannaməsi qəbul edilib. Yusifbəyli İstiqlal bəyannaməsini imzalayanlardan və müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olub. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Fətəli xan Xoyskinin təşkil etdiyi 1-ci hökumət kabinəsində Yusifbəyli maliyyə və xalq maarifi naziri vəzifəsini, Xoyskinin 2-ci və 3-cü hökumət kabinələrində də xalq maarifi və dini etiqad naziri vəzifələrini tutub. Nəsib bəy nazir olduğu zamanlarda ölkədə bir çox yeniliklərə imza atıb. Nazirliyin həyata keçirdiyi ilk tədbirlərdən biri Azərbaycan dilinin dövlət dili elan edilməsi olub.

Bu vəzifəni həyata keçirmək üçün isə təhsil sistemini milli zəmin üzərində tamamilə yenidən qurmaq və Azərbaycan dilini mükəmməl bilən ixtisaslı milli kadrlar yetişdirmək tələb olunurdu. Məhz buna görə N.Yusifbəylinin təqdimatı ilə hökumət 1918-ci il avqustun 28-də Azərbaycan məktəblərinin milliləşdirilməsi haqqında qərar qəbul edib. Xalq Maarifi Nazirliyinin səyləri nəticəsində artıq 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 637 ibtidai və 23 orta ixtisas təhsili məktəbi fəaliyyət göstərib. 1919-cu ilin mart ayında yeni hökumətin rəhbərliyinə keçdiyi üçün Nəsib bəy xalq maarifi və dini etiqad naziri vəzifəsindən kənarlaşsa da, bu sahəni diqqətdən kənarda qoymayıb. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökumət istefaya gedəndən sonra yeni hökumət təşkil edən baş nazir Nəsib bəy Yusifbəyli daxili işlər naziri vəzifəsini də icra edib. 1920-ci ilin martına qədər dünyanın böyük dövlətləri Azərbaycanın istiqlaliyyətini tanıyıb, çoxminli ordu formalaşdırılıb, Nəsib bəyin təklifi ilə Bakı Dövlət Universiteti açılıb, 100 nəfər azərbaycanlı gənc xaricdə oxumağa göndərilib, torpaq islahatı haqqında qanun layihəsi hazırlanıb, Azərbaycanın milli pulu dövriyyəyə buraxılıb. Azərbaycan müəllimlərinin III Qurultayının keçirilməsində də Nəsib bəyin xüsusi rolu qeyd olunmalıdır.

Parlamentdə daxili və xarici siyasət haqqında hökumət proqramı ilə çıxış edən Nəsib bəy Yusifbəyli bildirib ki, hökumətin xarici siyasət sahəsində başlıca məqsəd və vəzifəsi böyük dövlətlərin Azərbaycanın istiqlaliyyətini tanımasına nail olmaq, ölkənin ərazi bütövlüyünü qoruyub saxlamaq, daxili siyasət sahəsində isə iqtisadiyyatı dirçəltmək, əhalinin sosial rifahını yaxşılaşdırmaq, demokratik azadlıqları, o cümlədən, söz, mətbuat, yığıncaq və sair azadlıqları təmin etməkdir.
Milli hökumətin Tiflisdən Gəncəyə gəlişinin ilk günlərindən aktiv milli təhsil siyasəti və quruculuğuna girişən maarif naziri, böyük ziyalı Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Xalq Maarifi və Dini Etiqad Nazirliyinin strukturu təsdiq edilir, ölkədə fəaliyyət göstərən bütün maarif və mədəniyyət ocaqları, məktəblər onun tabeçiliyinə verilir. Nəsib bəyin maarif sahəsində atdığı ilk addımlardan biri yüksək vəzifələrə azərbaycanlıları irəli çəkməsi olub. Qaynaqlar göstərir ki, 1918-ci ilin təkcə avqust ayı ərzində azərbaycanlıların sıx yaşadığı Gəncə, Şuşa, Cavanşir, Zəngəzur qəzalarının xalq maarifi müfəttişliyində çalışan milliyyətcə erməni və rus rəhbər maarif işçiləri vəzifələrindən azad edilib, onların yerinə milli kadrlar təyin olunub.

1918-1919-cu illərdə Gəncə Müəllimlər Seminariyası milliləşdirilib, Bakıda darülmüəllimin və darülmüəllimat, Nuxada darülmüəllimin açılıb, Zaqatala, Ağdam və Şuşada belə müəssisələrin yaradılması qərara alınıb. Milliləşdirilən məktəblərdə ümumi türk tarixi, təlim rus dilində olan tədris ocaqlarında həftədə 3-4 saat Azərbaycan dili keçirilirdi. Orta təhsilin milliləşdirilməsi reallaşdırılıb, Abdulla Şaiqin təşəbbüsü ilə bütün dərslər rus dilində keçilən Bakı I realnı məktəbində Azərbaycan dili üzrə üçaylıq kurs açılıb.

Bir tərəfdən, elmi və pedaqoji kadrlar hazırlamaq üçün ali və orta ixtisas məktəbləri açılıb, o biri tərəfdən nəşriyyat-tərcümə komissiyasının köməyi ilə dərsliklər hazırlanıb çap etdirilib. Həmin dövrdə “Türk əlifbası və ilk qiraət”, “Türk qiraəti”, “Yeni məktəb”, “Rəhbəri-sərf”, “Tazə elmül-hesab”, “Ədəbiyyat dərsləri”, “Son türk əlifbası”, “Hesab məsələləri məcmuəsi”, “Rəhbəri-cəbr”, “Milli qiraət”, “Müntəxəbat”, “Türk ədiblərindən nümunələr” və digər dərsliklər nəşr olunub.

Lakin həyat Nəsib bəyə bu işləri davam etdirməyə imkan verməyib. 1920-ci ilin martına qədər baş nazir vəzifəsində çalışmış Nəsib bəy Yusifbəyli aprel çevrilişindən sonra Parlamentin axırıncı iclasından qayıdıb ailəsi ilə son görüşündə: “Fələk məni çox yüksəltdi. Fəqət indi mən dünyanın ən bədbəxt insanıyam”, – söyləyib. Həmin il may ayının əvvəllərində Nəsib bəy Yusifbəyli ölkədəki xaos və özbaşınalıqdan istifadə edən quldurlar tərəfindən qətlə yetirilib. Nəsib bəyin Xalq Cümhuriyyətinin qurulmasındakı tarixi xidmətlərindən danışarkən Məmməd Əmin Rəsulzadə hələ 1929-cu ildə yazırdı: “Azərbaycan ideyasını siyasi bir tələb maddəsi şəklində formulə etmək şərəfi mərhum Nəsib bəyindir… Bu, Nəsib bəy ismini (adını) Azərbaycan tarixində ölməz və unudulmaz bir isim halına qoymaq üçün kafidir…”

Mənbə: www.anl.az

Write A Comment