Aprel döyüşlərinin 5 ili tamam olur. 2016-cı il 2-5 aprel tarixlərində dörd gün ərzində Azərbaycan və Ermənistan ordusu arasında baş verən qızğın döyüşlər 1994-cü ildə imzalanmış atəşkəsdən sonra ən irimiqyaslı hərbi əməliyyatlar idi. Aprel döyüşləri zamanı Azərbaycan Ordusu işğalçı Ermənistana ağır zərbə vurub və 22 ildən sonra faktiki olaraq, cəbhədə hərbi-psixoloji üstünlüyü ələ alıb. 2014-cü ilin avqust gərginliyindən sonra növbəti irimiqyaslı qarşıdurma gözlənilən idi. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq, Ermənistan ordusunun cəbhə boyu hücumuna cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı.Aprelin 2-dən 5-dək davam edən toqquşmalara hər iki tərəfdən aviasiya və ağır hərbi texnika da cəlb olundu.

Ermənistan ordusu, hər zaman olduğu kimi, Azərbaycanın yaşayış məntəqələrini atəşə tutdu, nəticədə, rəsmi məlumata görə, 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, üç elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdıldı. Erməni silahlı qüvvələri məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla, sosial müəssisələri raket və top atəşinə tutdu. Ermənistan qüvvələrinin atəşi nəticəsində ikisi uşaq olmaqla, altı dinc sakin həlak oldu, 26 nəfər isə yaralandı.Azərbaycan Ordusu erməni silahlı qüvvələrinin hücumunun qarşısını aldıqdan sonra isə əks-hücuma keçərək, ümumilikdə, iki min hektar ərazini düşməndən azad etdi. Həmçinin, Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşməndən tam azad edildi. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən, strateji əhəmiyyətli “Lələtəpə” yüksəkliyi nəzarətə götürüldü.

Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən çoxu isə yaralanıb. Aprel döyüşləri zamanı düşmən qüvvələrinin 30-dək tank və zirehli texnikası, həmçinin 15-dək artilleriya qurğusu məhv edilib. Azərbaycan Ordusu bir helikopter, bir neçə tank itirib.Hərbi əməliyyatlar aprelin 5-də Rusiyanın işə qarışması ilə dayandırılıb. Moskvada Azərbaycan və Ermənistan ordusu baş qərargah rəisləri arasında atəşkəs razılaşması əldə olunub. Sonradan da bilindiyi kimi. Həmin vaxt Ermənistan prezidenti işğal olunmuş əraziləri mərhələli şəkildə azad edəcəyi ilə bağlı öhdəlik götürsə də, sonradan bundan yayınıb.
Aprel döyüşləri vaxtı rəsmi çağırışı olmasa belə xalq səfərbər oldu, yüzlərlə insan hərbi komissarlıqlara, hərbi hissələrə müraciət edərək, orduya yazılmaq istədiyini bəyan etdi. Həmçinin, insanlar milli birlik və bərabərlik nümayiş etdirərək, şəhidlərin izdihamlı dəfn mərasimlərini təşkil etdi, cəbhəyə yardımlar toplanmağa başladı. Döyüşlərin qısa müddət – cəmi dörd gün davam etməsinə baxmayaraq, xalq əsl səfərbərlik nümayiş etdirdi. Başqa sözlə aprel döyüşləri 44 günlük Vətən Müharibəsinin “məşqi” oldu.
Aprel döyüşləri Azərbaycan xalqının işğal olunmuş torpaqları unutmaq fikrində olmadığını, əksinə, hər an müharibəyə hazır olduğunu əyani şəkildə göstərdi. Aprel əməliyyatlarının şəriksiz qəhrəmanı Azərbaycan Ordusu oldu. Dörd gün davam edən əməliyyatlar göstərdi ki, Azərbaycan Ordusu hərbi cəhətdən hər an döyüşə başlamağa hazırdır. Adətən, dünyada ordular və yeni silahlar müharibədə sınaqdan keçirildikdən sonra əsl qiymətini alır və dəyər qazanır. Bu mənada Azərbaycan Ordusu göstərdi ki, o, artıq böyük müharibəyə hazır, təcrübəli hərbi birlikdir. İstənilən an əməliyyatlara başlaya və işğal olunmuş torpaqları azad etməyə qadirdir. Azərbaycan Ordusu bu əməliyyatlarda son illərdə alınan və birgə istehsal olunan yeni döyüş silahlarını, o cümlədən, pilotsuz zərbə qurğularını uğurla sınaqdan keçirdi. Ən əsası, ordunun döyüş ruhunun yüksək olması, torpaqları azad etmək arzusu müşahidə olundu.

1994-cü ildə imzalanan Bişkek sazişindən sonra baş verən ən böyük hərbi əməliyyat hesab olunan Aprel döyüşləri cəbhədə vəziyyətin dəyişdiyini göstərdi. Atəşkəs illərindən sonra Ermənistanın işğalçı qüvvələrinə qarşı modern silahlarla silahlanmış, eyni zamanda, yüksək döyüş ruhuna malik ordu çıxmışdı. Bu, Azərbaycanın hərbi-psixoloji üstünlüyü idi. Bunun təsirləri sonrakı illərdə hiss olundu. Həmçinin, Azərbaycan insanının itirilmiş torpaqların geri qaytarılmasına inamı yeniləndi. Vətəndaşlar gördü ki, müharibə hər an bərpa oluna və torpaqlar azad edilə bilər. Bu döyüşlər orduya olan etimadı daha da gücləndirdi. Döyüşlərin məhz Moskvanın işə qarışmasından sonra dayandırılması Ermənistanın Azərbaycan qarşısında zəif, xarici dəstəkdən asılı olduğunu göstərdi.
Bu mənada 2016-cı il Aprel döyüşləri Azərbaycan və Ermənistan arasında münaqişənin tarixində həlledici mərhələ oldu. 2020-ci il Vətən Müharibəsi isə Aprel döyüşlərinin məntiqi sonluğu idi.

Müəllif: Millikimlik Araşdırmaları qrupunun üzvü, Kənan Rövşənoğlu

Write A Comment