1828-ci il fevralın 10-da Cənubi Azərbaycanın Təbriz şəhəri yaxınlığındakı Türkmənçay kəndində Qacarlar və Romanovlar (İranla Rusiya) arasında müqavilə bağlandı. 1826-1828-ci illər Rusiya-Qacar dövləti müharibəsinə son qoyan bu müqaviləyə görə, Naxçıvan və İrəvan xanlıqları, o cümlədən, Ordubad bölgəsi Rusiyaya birləşdirildi. Beləliklə, Azərbaycan həmin sənədə görə, ikiyə parçalanaraq Rusiya və Qacar dövləti arasında bölüşdürüldü.


Bu xəritə 1870-ci ildə Tiflisdə yaradılmışdır. Çar Rusiyası İrəvan və Naxçıvan xanlıqlarının torpaqlarına sahib çıxdıqdan sonra, II Rus-Qacar müharibəsinin sona çatması nəticəsində İmperator I Nikolayın 1828-ci il, 21 mart tarixli fərmanı ilə, keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində “Erməni vilayəti” yaradıldı.
Rus generalı olan gürcü şahzadəsi A.Çavçavadze “Erməni vilayəti” nin başçısı təyin edildi, hansı ki, 1849-cu ildə ləğv edilərək onun yerində İrəvan quberniyası yaradıldı.

İşğaldan sonra, 1828-ci il fevralın 10-da imzalanan “Türkmənçay müqaviləsi” nin XV-ci maddəsinə əsasən, ermənilərin İrəvan, Naxçıvan və Qarabağ ərazilərinə kütləvi köçürülməsi başlandı. XV-ci maddədə deyilir:
“Əlahəzrət Şah Azərbaycan adlanan bölgənin bütün əhalisinə ümumi əfv verir. Əlavə olaraq, bu gündən başlayaraq, bir il müddətində ailələri ilə birlikdə, yerli müdirlər və məmurlar tərəfindən heç bir maneə olmadan İrandan Rusiyaya köçmək, habelə daşınan malları satmaq, heç bir gömrük rüsumu və vergi verməmək daxil.”

Ermənilərin Naxçıvan və İrəvana köçürülməsini təşkil etmək üçün köçürmə komitəsi yaradıldı. Yerləşənlərə böyük imtiyazlar verildi: 6 il vergi və hərbi xidmətdən azad edildi, İrandan alınan təzminat hesabına müavinət ödənildi və s. Naxçıvan və İrəvan əhalisinin ¾ hissəsi müsəlman idi. Bunu General Paskeviçin Baş Qərargah rəisinə “müvəqqəti rəhbərlik” in İrəvanın başçısı təyin olunmuş general Krasovskinin və bu idarənin üzvü Baş yepiskop Nersesin hərəkətlərindən narazılığını əks etdirən məktubu təsdiqləyir.

Rus yazıçısı S.N.Qlinka ermənilərin İrandan Qarabağa doğru hərəkəti barədə maraqlı məlumatlar verir. İran ermənilərinin Rusiyanın yeni ələ keçirdiyi müsəlman torpaqlarına köçürülməsinin siyasi mahiyyəti, fəal köçürmə təşkilatçısı Q.Lazarevin ermənilərə müraciətində aydın görünür: İrəvanda, Naxçıvanda və Qarabağda harda istəsəniz torpaq sahəsi əldə edəcəksiniz və altı il ərzində bütün vergilərdən azadsınız.”
(С.Н.Глинка. Описание переселения армян Аддербиджанских в пределы России. М., 1831, с.107-111)

S.N. Glinka yazır: “Türkmənçaya bitişik müxtəlif kəndlərdən olan ermənilər Qarabağa köçdülər”.
Onun məlumatlarına görə, “üç ay yarım ərzində 8000-dən çox ailə Araz çayını keçdi”. Beləliklə, 1832-ci ildə Qarabağ əhalisinin 31,6% -i ermənilərə, əksəriyyəti müsəlman olanlar isə 68,4% -ə bərabər idi.

Rus tədqiqatçısı N.İ.Şavrov 1911-ci ildə bir kitab nəşr etdirdi, burada sənədlərə əsaslanaraq 1828-1830-cu illərdə İrandan 40 min erməninin və Türkiyədən 84,600 erməninin Zaqafqaziyaya köçdüklərini və bunların yerləşdiyi Yelizavetpol (Gəncə) və İrəvan vilayətlərində əvvəl ermənilərin sayı demək olar ki, sıfıra bərabər olduğunu qeyd edirdi.

N. Şavrov yazırdı ki, “Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən bir milyondan çoxu mühacirdir. Onları buraya biz köçürdük. ”
Şavrov yazırdı: “Ermənilər əsasən az sayda olduqları Yelizavetpol (Gəncə) və İrəvan vilayətinin məhsuldar torpaqlarında yerləşdirilirdilər. Yelizavetpol quberniyasının dağlıq hissəsi (Dağlıq Qarabağ) və Göyçə gölünün sahilləri bu ermənilərlə məskunlaşdırılmışdı. ” Demoqrafiya tədricən siyasi bir alətə çevrilirdi. Ermənilərin bu bölgələrə köçürülməsinin başlanğıcında, 1811-ci il 19 iyul tarixində Rusiyanın Daxili İşlər Nazirliyi üçün hazırlanmış bir sənəddə Qarabağ bölgəsində 12 min ailənin yaşadığı, bunlardan 2500 nəfəri erməni və qalanları Məhəmməd dininin tərəfdarları olduğu bildirilirdi. O, həmçinin qeyd edirdi: “Tatar Azərbaycan qəbiləsinə mənsub olan oturaq yerli əhali [Müğan] uzun müddət Kür və Araks sahillərində və Talış dağlarının yaxınlığında yerləşmişdirlər.”
(Николай Шавров, «Новая угроза русскому делу. Предстоящая распродажа Мугани инородцам», 1911 год.)

Bunlara əlavə olaraq rus yazıçısı və diplomatı, “Ağıldan bəla” pyesinin müəllifi A.Qriboyedovun «Записка о переселеніи армянъ изъ Персіи въ наши области» adlı yazısından maraqlı bir cümlələri sizə təqdim edirik:

“Ermənilərin əksəriyyəti zadəgan müsəlmanların torpaqlarının ərazilərində məskunlaşdırılmışdır. Yay vaxtı bunu hələ etmək olardı. Sahibləri, müsəlmanlar, əksəriyyəti köçəri düşərgələrində idilər və gəlmələr ilə ünsiyyət qurma şansları az idi.
… Müsəlmanları indiki vəziyyəti ilə barışdırmaq və ermənilərin ilk dəfə göndərildikləri torpaqlara sahib çıxma təhlükəsini onlardan qurtarmaq üçün, onlarla olmalı olan danışıqlar barədə də çox danışdıq.”

Beləliklə, adları çəkilən ərazilərin etnik tərkibində dəyişiklik, ermənilərin məskunlaşması nəticəsində başlayır. Bütün bu məlumatlar bir daha sübut edir ki, İrəvan, Naxçıvan və Qarabağ əslində Azərbaycana məxsusdur və onun əhalisinin əksəriyyəti buranın titul xalqı olan azərbaycan türklərindən ibarət idi.

Write A Comment