Cənubi Qafqazda, xüsusən də Azərbaycan ərazilərində xristian irsinə iddia edən erməni xristian kilsəsini daha yaxından tanımaq üçün keçdiyi tarixi dövrü yaxından öyrənmək lazımdır. Erməni kilsə tarixini yaxından öyrənməklə Qafqazda xristian irsi və bugünkü erməni kilsəsinin hansı mərhələlərdən keçdiyini bilmək, erməni kilsə iddialarının həqiqətlərini anlamaq mümkündür.


Tarixçi-alim, tədqiqatçı Əkbər Nəcəf erməni xristianlığını 2 dövrə ayırır.

Birinci dövr: Siyasi xristianlıq (313-1836)

İkinci dövr: Milli xristianlıq (1836-cı ildən günümüzə)

Bu iki xristianlığı birləşdirən iki amil var:

Birincisi monofizitlik

İkincisi ortaq ad (erməni)

Hazırkı erməni xristianlığı öz formasını 1836-cı ildə qazanmışdır.

Eyni zamanda tarixi olaraq erməni xristianlığı 3 mərhələdən keçib. İslamaqədərki dövr, İslam, yəni regionda ərəb-islam xilafəti hakimiyyətinin mövcud olduğu və ondan sonrakı dövr, nəhayət 1836-cı ildən sonrakı, yəni hazırkı milli erməni xristianlığı dövrü. Bu, həm də Azərbaycan ərazisindəki xristian irsinin ermənilərşdirilməsi dövrüdür.
Məqalənin 1-ci hissəsinə keçid linki.

***

704-cü il Bərdə sinodu

704-cü ildə Əməvi xilafətinin himayəsini qəbul edən Erməni katolikosu İlya Xəlifə Əbdülmalikin dəstəyini alaraq Qafqazda Bizans dini təsirini yox etməyə çalışmış, bu yolla gürcü, alban kilsələri üzərində hakimiyyət qurmağa səy göstərmişdir. Onun xəlifəyə yazdığı məktubda Alban kilsəsi Bizans hakimiyyətini qəbul etməklə və diofizit inanclar daşımaqla ittiham edilmişdir.

Bu məqsədlə 704-cü ildə Bərdədə keçirilən sinodda Albaniyadakı siyasi hakimiyyətliyə son verilərkən, Alban kilsəsi monofizitliyi qəbul etməyə məcbur edilmişdir. Ancaq bu hadisə monofizitlər ilə diofizitlər arşında bölgədə münaqişələrə səbəb olmuş və başda pavlikianlıq olaraq fərqli cərəyanların ortaya çıxmasına yol açmışdır.

Bərdə sinodu Alban siyasi xristianlığının süqutuna səbəb olarkən, Erməni siyasi xristianlığının şəkil dəyişərək davam etməsinin yolunu açmışdır.

726-cı il Malazgird sinodu

Xilafətin tərkibinə daxil olan monofizit inanclı süryanilər ilə erməni kilsəsi arasında təşkil edilən birləşmə sinodu idi. Bu sinodda erməni və süryani kilsəsi Bizansa qarşı teoloji mübarizə aparmaqda ittifaq yaratmağa qərar verdilər. Ayrıca kilsələr diofizitlərə qarşı birlikdə mübarizə aparmağı qərara aldılar.

Bu sinodda İsanın bədəni təbii və ilahi əsasları haqqında ortaq doktrina qəbul edilmişdir. Bu sinodda ilk dəfə ermənicə (qrabarca) rəsmi dini bir sənəd imzalanmışdır. Ancaq sinodun qərarı əks nəticələr meydana gətirdi. Belə ki, bu sənədlərlə süryani kilsə və monastırlarına qəbul edilən ermənilərin diofizit olduqlarının ortaya çıxması və Kadıköy sinodu tərəfdarları ilə ortaq hərəkət etməsi Malazgird sinodunun uğursuzluğu ilə nəticələndi.

Bizans təzyiqi

X əsrin ortalarından etibarən Bizansın Şərqi Anadoluda hakimiyyətini genişləndirməsi və bunun nəticəsində bölgədəki Baqrat krallıqlarını bir-bir ortadan qaldırıb, monofizit xristianlığına qarşı mübarizə aparması və monofizit kilsələrə bağlı əhalini Mərkəzi Anadolu ilə Trakiyaya (Balkan Bizansına) köçürməsi nəticəsində Erməni kilsəsinin mərkəzi Eçmiədzindən əvvəlcə 927-ci ildə Dvinə, 1058-ci ildə isə Kilikiyaya köçürüldü.

Erməni kilsəsi 1058-1441-ci illər arasında Kilikiyada fəaliyyət göstərmiş və əsasən Bizans siyasi hakimiyyəti altında yer almışdır.

Türklərin hakimiyyətində monofizit xristianlığın müstəqilləşməsi

Monofizit xristianların Bizansın təsiri altına keçməsi və kütləvi olaraq köç etdirilmələri qarşısında bölgə xristianları Bizansa qarşı Səlcuqlarla ittifaq yaratdılar.

Səlcuqlu Sultan Məlikşahın 1088-ci ildə Şimal-Şərqi Anadolu və Abxaz səfərlərini tamamlayıb geri qayıtdıqdan sonra Ani xristianlarının dini lideri Barsak bir qrup din adamı və torpaq sahiblərindən meydana gələn heyətlə 1090-cı ildə İsfahana gəldi. Sultan Məlikşahın hüzuruna çıxan Barsakın məqsədi vergiləri azaltmaq və bəzi dini imtiyazlar əldə etmək idi. Sultan Məlikşah Bizansın bölgədəki gücünü azaltmaq üçün bu fürsətdən istifadə etdi. O, Barsaka bölgə xristianlarının “bir katolikoslukda birləşdirilməsi və bölgədəki bütün kilsə, monastır və ruhanilərin vergidən azad edilməsi haqqında” Azərbaycan hakimi İsmaila ibn Yaqutiyə bir fərman göndərdi. Məlikşahın göndərdiyi elçi vasitəsilə sultan “fərmanının hökmlərinə olduğu kimi sadiq qalması” haqqında İsmailı təlimatlandırdı.

Bu hadisələri şərh edən Urfalı Mateos belə yazır: “539 (27 fevral 1090-26 fevral 1091) tarixində erməni katolikosu Barsek cahangir sultan Məlikşahın yanına getdi. Katolikos bəzi yerlərdə xristianlara təzyiq göstərildiyini, Allahın kilsəsi ilə ruhanilərdən vergi alındığını, monastrlarla keşişlərin vergi üçün təzyiqə məruz buraxıldığını görüb iranlıların və bütün xristianların alicənab və əziz sultanının hüzuruna gedib, b

ütün olanları ona ərz etməyə qərar verdi. Katolikos sultana hədiyə olaraq 10 min qızıl və gümüş, qiymətli qumaşlar və libaslar vermək üçün zadəganlar, keşişlər və rahiblərlə birlikdə İrana dindar sultanın yanına getdi. Sultan Barseği hüzuruna qəbul edib, ona hörmət etdi və arzularını həyata keçirdi. Sultan bütün kilsə və monastırları vergidən azad etdi”.

Həmin vaxt monofizit xristianları dörd patriklik tərəfindən təmsil edilirdi. Bizansın şiddətli təzyiqinə məruz qalan xristianlar üzərindən oynanan oyun səlcuqların da diqqət mərkəzində idi. Bu məqsədlə Sultan Məlikşah həm bölgədəki xristianları Bizansdan qoparmaq, həm də onları bir mərkəzdə birləşdirmək üçün Barsakın istəklərini qəbul etmiş və bölgə xristianlarını bir patriklik altında birləşməsini əmr etmişdir. Bölgə xristianlığı baxımından mühüm olan bu hadisə monofizit xristianlığın Bizansdan tam qopmasına və müstəqil olmasının şərait yaratdı.

Urfalı Mateosa görə, sultandan aldığı dəstəklə Çahan əyalətinə gələn Barsak “bir zamanlar Flartosun əmri ilə Xonidə katolikosluq edən Teodorosla mübarizəyə başladı. Katolikos və senyor Teodorosu təsirsiz hala gəririb, Pedrosa aid olan katolikosluq baş geyimini, əsa və xaçı ondan aldı və katolikosluğu öz liderliyində birləşdirdi. Katolikos olduqdan sonra Urfaya getdi. Bir katolikosun kilsəni sülhə qovuşdurmaq üçün bir müsəlman hökmdarına müraciət etməsi qəbul ediləcək bir hərəkət deyildir. Çünki müqəddəs kilsənin salaməti üçün kayserili müqəddəs Barsak dinsiz imperator Yulianın, Müqəddəs Nerses yunanların mürtəd imperatoru Valesin, Müqəddəs Maruta İran hökmdarı Yezdegerdin, rahib Nan (Anania) Kəldani kralının və Həzrəti İsa da yəhudi millətinin yanına getmişdilər. Katolikos Barsak 540 (27 fevral 1091-26 fevral 1092) tarixində Urfaya gəldi. Katolikos buradan Kappadokiyanın böyük Kayseri şəhərinə getdi və oradan da Antakyaya və Urfaya qayıtdı”.

Urfalı Mateosun verdiyi məlumata görə, katolikos Barsak səlcuqlardan aldığı siyasi dəstəklə Xoni, Urfa, Kayseri və Ani arasında bölünmüş Şərq xristianlığı birləşdirmiş və bunu Antakiya kilsəsinə də təsdiq etdirmişdir. Beləcə, məhz bu tarixdə Bizansdan müstəqil monofizit xristianlarının dini birliyinin təmin edilmişdir.

Diofizitlər ilə monofizitlər arasında mübarizə

Bizansın apardığı köç siyasəti nəticəsində bölgədə Alban, Sünik, Maku kilsələrinin təsiri artmağa başladı. Monofizit xristian kilsələri Səlcuqlu və Azərbaycan Atabəyələrinin siyasi hakimiyyətini qəbul edib Bizansa qarşı mübarizələrini davam etdirdilər. Səlcuqların Bizans üzərindəki qələbələri onların mövqeyinin güclənməsinə yol açdı.

Səlcuqların monofizit xristianları dəstəkləməsi və qoruması diofizit olan bəzi alban və gürcülərin şimaldakı Qıpçaqlardan dəstək istəməsinə və çox sayda Qıpçaq türklərinin Alazan, Kür ovalıqları ilə Axıska-Ərdahan bölgələrinə və Çorux vadisinə gəlib yerləşməsinə və məskunlaşmasına yol açdı. Həmin qıpçaqlar diofizit xristianlığı qəbul edərkən, monofizitlərə qarşı bölgədəki alban diofizitlərinə siyasi dəstək verməyə başladılar.

Beləcə bir tərəfdə Səlcuqlu və davamında Azərbaycan atabəyləri tərəfindən dəstəklənən monofizit xristianları, digər tərəfdən isə Gürcüstandakı Qıpçaq atabəyliklərinin köməyini alan diofizit xrisinları təşkilatlanmağa başladılar.

Katolikləşməyə qarşı mübarizə və Eçmiədzinin bərpası

XIII və XIV əsrdə Anadoluda katolikləşmənin sürətlə yayılması monofizit xristianları təşvişə saldı. Kilikiyadakı erməni kiləsinin (Sus katolikosluğu) latınlaşması və katolikləşməsi qarşısında Qüdsdəki Erməni kilsəsi müstəqilliyini elan etdi.

Yaşanan vəziyyəti Ormanyan belə təsvir edir: “Erməni katolikosluq taxtının gücünün və ehtişamının nə dərəcədə yox olduğunu anlamaq üçün son on patrikin (1377-1432) dini liderliyi əldə etmək məqsədilə öz sələflərinə qarşı təşkil etdikləri sui-qəsd və rüşvətxorluq faktlarına baxmaq kifayətdir”.

Artıq monqollar dövründə katalikləşdirmə siyasəti Naxçıvan və Sünikə qədər yayılmışdır.

Bunun müqabilində Şərqdə monofizit xristianlarının mərkəzi olan Alban, Sünik və Maku kilsələri Hağbet və Metzop monastırları Kilikiya kilsəsinə qarşı mübarizəyə başladılar. Xüsusilə Foma Metzopskinin apardığı güclü təbliğat nəticəsində monofizit xristianlığı qorumaq adına Eçmiədzin kilsəsinin mərkəzləşdirilməsi gündəmə gətirildi. Bu məqsədlə Sus və Axtamar kilsələrinin təsirsiz hala gətirilməsi və bu məqsədlə hər iki kilsə katolikosluqlarının monofizit kilsə iyerarxiyasından afaroz edilməsi qərarlaşdırıldı.

1441-ci ildə Alban katolikosu Azariya, Sünik dini lideri Zaxariya və Maku kilsə başçısı Cəlalbəkyan bir sinod təşkil edib Eçmiədzini mərkəz elan etdilər. Kilikiya erməni kilsəsini təsirsiz hala gətirmək üçün də sinod iki ittihamla Sus katolikosu Musabəkyanı günahkar hesab edir:

–           Müqəddəs əlin (Qriqorun əli) oğurlanması

–           Aparılan təqdisin sərxoş icra edilməsi (əxlaqsızlıqla ittiham)

Beləliklə Eçmiədzin Albaniya, Sünik, Naxçıvan, Maku kilsələrinin, Hağbet və Metzop monastılarının aktiv iştirakı ilə bərpa edildi. Sinodda Alban, Sünik, Maku bölgə kilsə və monastırlarının liderləri birbaşa iştirak edərkən, Şərqi Anadoludakı kilsə və monastırların (Bitlisdəki Xizan, Surbhaç, Aparan, Gamağiyel, Baritzor, və Bitlis monastırları, Muşdakı Glak, Surb Karapet monastırları, Sason, Vandakı Varaq monastırları) məktubla iştirak etməsi təmin edildi.

Beləcə, Eçmiədzin 1441-ci ildə latınlaşmağa və tənəzzül etməyə başlayan Erməni kilsəsinə qarşı Şərqdəki monofizt xristian (alban, sünik və maku) rəhbərlərinin təşəbbüsü ilə bərpa edilmişdir.

Bu qərarın şübhə oyandırmaması üçün Eçmiədzin kilsəsinin başına əvvəlcə passiv bir din adamı olan Kirakos gətirilmiş, ancaq 1443-cü ildə o istefaya göndərilərək Maku Artaz kilsəsinin yepiskopu Cəlalbəkyan X Qriqori adı ilə “bütün xristianların katolikosu” sifətilə ali dini lider olmuşdur.

Beləliklə Eçmiədzin katolikosluğu monofizit xristianların və kilsələrin ittifaqı nəticəsində yenidən təsis edildi.

Eçmiədzin sinodunda katolikosluq iyerarxiyası sistemi də dəyişdirildi. Yeni sistemə görə, ikili katolikosluq sisteminə keçildi. Buna görə bir baş və köməkçi katolikosluqlar yaradıldı. Maku yepiskopu Qriqori Cəlalbekyan baş katolikos olarkən, Aristakes köməkçi katolikos elan edilmişdir.

1441-1836-cı illər kilsələr arası müharibə dövrü

1441-ci ildən Cənubi Qafqazın Rusiya tərəfindən işğal edilməsinə qədər müddət ərzində monofizit xristianları Kilikiya, İstanbul, Axtamar, Eçmiədzin və Qüds dini mərkəzləri arasında mübarizə, ixtilaflarla keçdi.

Bu tarix ərzində Eçmiədzin ilə Kilikiya arasında şiddətli mübarizə davam etmiş, hətta bu iki kilsə bir-birlərini afaroz edərək, kilsə iyerxiyalarını ləğv etdirmiş və bir-birlərinə aid kilsə və monastırlar üzərində və xristianların mühakiməsi hüququ uğrunda kəskin ziddiyyətlər yaşamışdılar.

Nəticə

1.         Albaniyada siyasi xristianlıq 704-cü ildə süqut edib Alban xristianlığı monofizitlər ilə diofiztlər arasında parçalanarkən, Erməni xristianlığı Ərəb xilafətinin dəstəyini alaraq mövqeyini qorumuşdur.

2.         X əsrin ortalarında etibarən Bizansın apardığı istila siyasəti nəticəsində Şərqi Anadoluda erməni xristianlığı süqut etmiş və monofizit ermənilər Mərkəzi Anadoluya köç etdirilərkən, Səlcuqların dəstəyini alan Alban, Sünik, Maku və Ani rəhbərliyindəki monofizit xristianlar güclənməyə başlamışdır.

3.         1441-ci ildə Alban-Sünük-Maku kilsələrinin rəhbərli altında keçrilən sinodda Kilikiya və Axtamar kilsə iyerxiyaları ləğv edilib afaroz edilərək Eçmiədzin bərpa edilmişdir.

Müəllif: Millikimlik Araşdırmaları qrupunun üzvü, Əkbər Nəcəf

Write A Comment